“Hazırda əsas məsələ noyabrın 10-da əldə edilən və müharibənin dayanmasına səbəb olan üçtərəfli sazişin yerinə yetirilməsidir. Ermənistanda Nikol Paşinyan hakimiyyətini qoruya bildi. İndi ən vacib məsələ regional əməkdaşlığa nail olmaq üçün bu sazişi icra etməkdir. Ermənistan bu ilin sonuna qədər sazişin yarısını həyata keçirsə, bu, kifayət edər”.
Bu sözləri Teleqraf.com-a politoloq Əli Abbasov deyib.
Əli Abbasov əlavə edib ki, indi əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır: “Bunun ardınca sərhədlərin delimitasiyası, Qarabağdakı separatçıların məsələsini həll etmək olar. İndi faktiki İran və Ermənistan bu addımların atılmasını arzu etmir. Onlar əslində başqa bir ideyanı müdafiə edirlər. Söhbət İran və Ermənistanın Gürcüstan ərazisindən Abxaziya vasitəsilə Rusiyaya çıxış əldə etməsindən gedir. Onlar bu layihənin tərəfdarıdır. Amma Zəngəzur dəhlizinin işə düşməsi bunun qarşısını kəsir”.
Mütəxəssis hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən regional əməkdaşlığın inkişaf etdirilməsi üçün altılıq platforması təklifi də müzakirə olunmalıdır.
Onun sözlərinə görə, hələlik Gürcüstan bu ideyaya qarşı çıxır, səbəb kimi Rusiya ilə problemlərini göstərir: "Əslində qarşıda bizi maraqlı proseslər gözləyir”.