İyunun 24-də Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.
Teleqraf.com xəbər verir ki,əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq olunduqdan sonra YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən dövrdə ümumxalq birliyinin təcəssümü kimi formalaşmış bir siyasi qüvvə olduğunu təsdiqləyib.
Təşkilat sədrinin sözlərinə görə, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz işğal olunmuş torpaqları azad etdikdən sonra yeni reallıqlar yaranıb. Yeni Azərbaycan Partiyası da bu reallıqlardan çıxış edərək, qarşımızda duran yeni vəzifələrin yerinə yetirilməsi naminə öz yolunu davam etdirir.
T.Əhmədov qeyd edib ki, ötən konfransdan keçən dövr ərzində YAP Yasamal rayon təşkilatının sıralarına 5674 nəfər üzv qəbul olunub. Onların 1889 nəfəri gənclər, 2325 nəfəri isə qadınlardır. Eyni zamanda, 25 yeni ərazi ilk partiya təşkilatı yaradılıb. Hazırda isə təşkilatda 135 ərazi ilk partiya təşkilatı üzrə 32 min 400 nəfərdən artıq üzv birləşib.
Sonra YAP Yasamal rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Malik Heydərovun hesabatı dinlənilib.
Daha sonra YAP Yasamal rayon təşkilatının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Müzakirələr zamanı YAP Veteranlar Şurasının üzvü, BDU-nun professoru Şahlar Əsgərov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, BDU-nun professoru, tarix elmləri doktoru İradə Hüseynova, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov və YAP Yasamal rayon təşkilatının fəal üzvü İlqar Quliyev çıxış edərək YAP Yasamal rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbə nəticəsində ərazi bütövlüyü təmin olunan Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirilir. Bu proseslərdə YAP daim ön sırada olub. Onun sözlərinə görə, YAP üzvləri ölkəmizin daha da güclənməsi naminə partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal dəstəkçiləri olmaqla, bu siyasətin uğurlarını xalq arasında geniş təbliğ etməkdədir.
YAP Yasamal rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirən Əhliman Tağıyev təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, konfransda YAP Yasamal rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.