30 İyun 2021 09:05
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezident hərbçilərlə “Gülüstan” sarayındakı görüşündə müharibə dövrü və ondan sonrakı məsələrlə bağlı mühüm mesajlar verdi. 44 günlük Vətən müharibəsindən sonra yeni bir reallıq yaranıb. Bu reallıq bölgədə xalqların inkişafına xidmət edəcək bir amildir. Məhz bu səbəbdən də Azərbaycan tərəfindən təklif edilən əsas prinsiplər regionda sülhə, sabitliyə və əməkdaşlığa xidmət edir.

Bunu Teleqraf.com-a Azərbaycan Respublikasının Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Professor bildirib ki, Azərbaycan Vətən müharibəsi dövründə özünün malik olduğu bütün imkanları səfərbər edərək, haqlı mübarizəsində qalibiyyətə nail oldu:

“Müharibə dövründə Azərbaycanın mövcud olan bütün strukturları əlaqəli şəkildə öz üzərinə düşən vəzifələri uğurla icra edib. Çünki bu, bütöv bir xalqın mübarizəsi idi. Azərbaycan xalqı uzun illər öz doğma torpaqlarının erməni tapdağından azad olunması arzusunda idi. 10 illiklər keçməsinə baxmayaraq xalqımız bu işğal faktı ilə barışmırdı. Sözsüz ki, münaqişənin dinc yolla həlli ilə bağlı atılan addımlar, aparılan danışqılar heç bir nəticə vermədi. Məhz bundan sonra Azərbaycan dövləti beynəlxalq hüququn verdiyi imkanlardan istifadə edərək öz suveren haqqını təmin etməyə nail oldu”.

Eldar Quliyev hesab edir ki, Azərbaycanın qalib ordusu ilk dəfə olaraq öz yaranma tarixini müzəffər kimi qeyd etdi:

“Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Bununla da bölgədə sülhün əməkdaşlığın yeni perspektivləri yarandı. Ölkəmizin dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü, BMT qətnamələrini öz gücümüzə yerinə yetirdik. Cənab Ali Baş Komandanın rəhbərliyi altinda Azərbaycan Silahli Qüvələri öz tarixi missiyasini uğurla icra etdi. Sözsüz ki, bundan sonra da ölkəmizdə ordu quruculuğuna, hərbçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına olan diqqət və qayğı davam etdiriləcək. Çünki bölgədə sülhə və təhlükəsizliyə təminat verən ölkə Azərbaycandır və dövlətimiz də bu uğurlu missiyasını hər zaman yerinə yetirməyə hazırdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər