Teleqraf.com Real Partiyasının funksioneri Natiq Cəfərli ilə müsahibəni təqdim edir:
- Natiq bəy, Real Partiyasının qərargahında keçirdiyiniz iməcilik sosial şəbəkələrdə, siyasi dairələrdə ciddi tənqid edilir. Sizcə, niyə funksioneri olduğunuz partiyaya qarşı belə reaksiyalar ortaya çıxır?
- Açığını deyim ki, bu, özümə də qəribə gəldi. Adi iş idi, bazar günü iməcilik etdik. Açığı, ofisdə uzun müddət təmizləmə işləri aparılmamışdı, divarlarda ləkələr var idi. Qərar verdik ki, öz gücümüz və əməyimizlə bu işi görək. Bu işi görərkən də müəyyən fotolar və məlumat paylaşıldı. Müəyyən insanların içində olan kin-küdurət məni dəhşətə gətirdi. Əslində burada qəribə nə var? Ümumiyyətlə, bu nədən gündəm olmalı, mətbuata çıxmalıdır? Adi gündəlik fəaliyyət növlərindən biridir. Ofisi təmizlədik, rənglədik. Gəlib-gedənlər çox olur. Sadəcə bəzi insanların bunu aqressiv qarşılaması təəccüb doğurur.
- Siyasətçilər siyasi gündəm yarada bilmədiyi üçün bu kimi hallar ortaya çıxır?
- Ola bilsin ki, siyasi gündəmdə ciddi müzakirələ ediləcək məsələlər haqqında danışmaq bacarığı və biliyi olmayan insanlar belə bəsit məsələləri müzakirə etməyə üstünlük verirlər. Amma biz çalışmışıq ki, daim ölkə, dövlət və millət üçün vacib olan məsələləri gündəmə gətirərək onun müzakirəsini keçirək. İndiyə qədər biz tərəfdən hər həftə müzakirələr açılır. Lakin nifrət ifraz edən insanlar nədənsə bu mövzulara toxunmurlar. Ciddi mövzularda müzakirələrə qoşulmur, öz düşüncələrini paylaşmırlar. Amma belə bəsit mövzular olanda nədənsə reaksiya verirlər. Bu da qəribə haldır.
- Siz keçirdiyiniz iməciliklə bağlı kimlərinsə kin və nifərtlə reaksiya verdiyini qeyd edirsiniz. Amma bu addımınızı lağa qoyub sosial şəbəkələrdə müzakirə edənlər də az olmadı...
- Lağ-lağı Azərbaycanın xəstəliyidir. Sosial şəbəkələrdə ciddi mövzulara belə fəal reaksiya göstərilmir. Biz daim deyirik ki, bizə televiziyalarda ciddi mövzuları gündəmə gətirməyə imkan verilmir və s. Zalım uşağı amerikalılar bizim üçün platforma kəşf ediblər - sosial şəbəkələr. Görünən odur ki, bu platformada da ciddi mövzular diqqət cəlb etmir. Əvəzində lağ-lağı, zarafat kimi mövzular daha çox müzakirə obyektinə çevrilir. Təəssüflər olsun ki, cəmiyyətin mediaya tələbatı da dəyişib. Yəni ciddi mövzularla müqayisədə lağ-lağı daha çox önə çıxıb. Bu, təəssüflər olsun ki, günümüzün reallığıdır.
- Erkin Qədirli iməcilik proqramında iştirak etmirdi. Partiya deputatına belə proseslərdə iştirak etməsini məqsədəuyğun saymayıb, yoxsa deputat bunu özünə yaraşdırmır?
- Erkin Qədirli iməcilikdə var idi, sadəcə fotoda görünməyib. Gəlib kömək etdi, fiziki əməyini sərf etdi. Sonra da axşam gedib bunu qeyd etdik.
- Yəni işinizi bitirdikdən sonra kef məclisi qurdunuz?
- Yorğunluğumuzu çıxardıq. Kef deyəndə, şam yeməyinə getdik.
- İməciliklə bir qədər pulunuza qənaət etmisiniz, axşam isə onu aparıb restoranda yeməyə vermisiniz. Nəticə olaraq qazancınız ancaq yemək oldu?
- Əvvəla, qeyd edim ki, biz ancaq materiala pul verdik. Təxmini 80 manat xərcimiz çıxdı. Bu da boya və rənglərə, eləcə də təmir üçün bəzi avadanlığa getdi, ucuz başa gəldi. Zəhmət haqqı da ödəmədik, işi özümüz gördük.
- Real Partiyası ilə Ağ Partiya arasında çəkişmə nəyə görədir və nəyi bölüşə bilmirsiniz?
- Bizim Tural Abbaslı kimi nə dərdimiz, nə də mövzumuz var.
- Bəs nədən Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli ilə canlı debatda mübahisə edirdiniz?
- Burada səhv məndə deyil, bunu təşkil edən həmkarlarınızda olub.
- İki partiya çəkişir, amma günah jurnalistdə olur?
- Biz heç kimlə çəkişmirik. Məsələ belə idi ki, məni başqa mövzuda və başqa debata dəvət etmişdilər. Tural bəyin özü debata gəlməli idi. Mən də müəyyən mövzuları qaldırmaq istəyirdim. Məsələn, Ağ Partiyanın ideologiyası mənə maraqlıdır. Çünki insanlar hər şeydən danışırlar -millətçilikdən, soldan, sağdan, hümmətçilikdən danışırlar. Yəni dünyada elə ideoloji məsələ yoxdur ki, ondan danışmasınlar. Amma belə siyasi partiya olmur. Mən də bu mövzularda söhbət etmək istəyirdim. Lakin onun yerinə başqa şəxsin gəlməsi və onun da bilərəkdən tərbiyəsizlik etməsi mənə xoş olmadı. Əgər kimlərsə həmin görüntüləri görüb və narahat olubsa, mən onlardan üzr istəyirəm ki, belə görüntülərin yaranmasına səbəb vermişəm.
- Qarşıdurma niyə yarandı?
- Qarşıdurma deyil. Bizim onlarla nə alacağımız, nə də verəcəyimiz var. Onlar bizim nə siyasi rəqibimiz, nə də müttəfiqimizdir. Ölkədə gəncləri və başqa kəsimləri cəlb etmək istəyirlərsə, gözəl. Amma bu, ideoloji platforma, tezislərlə olar, daha populist çıxışlarla yox. Zatən populizmin sonu yoxdur.
- Mübahisə nə üstdə idi?
- Mən canlı debata mübahisə və qarşıdurma üçün getməmişdim. Getmişdim ki, öz partiyamızın ideoloji xəttini izah edim və qarşı tərəfin də ideoloji yanaşmasını öyrənim. Cəmiyyətin də bundan xəbəri yoxdur, çünki hər şeydən danışırlar. Mənim iradım bu gəncin fikri ilə bağlı oldu. Hərçənd sonra məlum oldu ki, gənc deyilmiş, yaşı 40-ın üstündədir. Mən özümüzün məsələlərini israrla müzakirə edilməsini təklif etdim. O isə İlqar Məmmədov nə zaman status yazıb, nə zaman silib kimi məsələləri qaldırdı. Axı İlqar Məmmədovun statusunun mənə nə aidiyyatı var. Gəlmişik iki partiyanın ideologiyasını, tezis və təkliflərini müzakirə edək. Bunu qeybət qırmaq səviyyəsinə endirmək doğru deyildi. Mülayim şəkildə, bəzən zarafatla bildirdim, qarşı tərəfi anlatmağa çalışdım. Dedim ki, İlqar Məmnədov harada status silibsə, bunun mənə nə aidiyyatı var?! Ümumiyyətlə, sosial şəbəkə səhifəsi hər bir insanın şəxsi mülküdür. Orada kim istəsə musiqi və ya foto paylaşar, nəsə yazar, istəsə silə də bilər. Axı bunun mənə, partiyaya və partiyanın ideoloji xəttinə nə aidiyyəti var? Dəfələrlə bunu deməyimə baxmayaraq israrla bu məsələ qaldırıldı. Anlayıram, ideoloji məsələləri müzakirə etmək onlara çətin gəlir. Bu səbəbdən də İlqar Məmmədov üzərindən təhqirlərə keçdi və cavabını da verdik.