21 İyul 2021 12:57
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafı arzu olunan səviyyədədir. Perspektivdə münasibətlərin strateji müstəviyə yüksəlməsi gözlənilir. Çünki Avropanın enerji təhlükəsizliyində və digər məsələlərdə Azərbaycanın rolu və mövqeyi məhz bu reallığı şərtləndirib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat qeyd edib ki, rəsmi Bakı Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin inkişaf perspektivini düzgün dəyərləndirir: “Bu baxımdan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir. Sözsüz ki, bu səfər çərçivəsində Bakıdan verilən bəyanatlar İttifaqla Azərbaycan arasındakı əlaqələrin yeni dönəm üçün perspektivlərini açıq nümayiş etdirdi”.

Məlahət İbrahimqızı hesab edir ki, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə səslənən fikirlər Azərbaycanın Avropa üçün önəmini bir daha təsdiqləyir: ”Ölkəmiz Avropa İttifaqı üçün mühüm ticarət tərəfdaşıdır. İttifaqın 9 dövləti ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında mühüm qərarlar mövcuddur. Bundan sonra da tərəflər arasında əməkdaşlığı dərinləşdirmək üçün yaxşı iqtisadi imkanlar yaranıb”.

Millət vəkilinə görə, Qarabağ münaqişəsinin həlli Avropa İttifaqı ilə Azərbaycanın mövcud əlaqələrinə mühüm töhvə olacaq: “Bölgədə sülhün və əməkdaşlığın genişlənməsinə Avropa İttifaqı töhvə verməyə hazırdır. Regionda kommunikasiyaların açılması ilə yeni bir iqtisadi canlanmanın olması labüddür. Bu proses isə bölgə dövlətlərinin və xalqlarının mənafeyinə xidmət edən mühüm amildir. Hər hansı bir qüvənin isə yaranmış yeni reallığı dəyişdirmək imkanları isə mümkün deyil”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər