“Azərbaycan-Rusiya münasibətləri strateji əməkdaşlıq xarakteri daşıyır və artan xətlə inkişaf edir. Prezident İlham Əliyevin Rusiyaya işğüzar səfəri çərçivəsində ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə gətirilməsi və münaqişədən sonrakı dövrün ağrısız keçməsi istiqamətində görüləcək məsələlərlə bağlı müzakirə aparılıb".
Bunu Teleqraf.com-a Milli Məclisin üzvü Azər Badamov deyib.
Deputatın sözlərinə görə, 2020-ci il pandemiyanın dünya iqtisadiyyatına təsirindən azalmalar müşahidə olunduğu kimi, Azərbaycan-Rusiya ticarət dövrüyyəsində də azalma müşahidə olunub: "Amma cari ildə bu azalma kompensasiya olunur. Dövriyyənin daha da genişləndirilməsi istiqamətində hökumətlər arası komissiyalar fəaliyyət göstərəcək. Ölkə başçımızın uzaqgörən siyasəti sayəsində beynəlxalq nəqliyyat dəhlizlərini ərsəyə gəlməsini reallaşdıra bilmişik.
2020-ci il iqtisadiyyatın müxtəlif sahələrində azalmalara baxmayaraq, cari ildə nəqliyyat dəhlizləri vasitəsilə daşınmalarda sıçrayışlı artımlar müşahidə olunur. Məsələn, keçən ilki müvafiq dövrü ilə müqayisədə Cənub-Şimal nəqliyyat dəhlizi vasitəsilə Rusiyaya daşınmalar 20% artıb. Təbii ki, beynəlxalq daşınmaların artması dövlət büdcəsinə gələn əlavə gəlirlər deməkdir.
Azərbaycan Rusiya ilə humanitar sahədə əməkdaşlığını genişləndirir. O cümlədən ölkəmizin iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsində Rusiyanın iştirakı artır. Məsələn, bu gün dünya üçün çox aktual "Sputnik V" vaksinin istehsalını Azərbaycanda təşkil edilməsi istiqamətində işlər görülür.
Hökumətlərarası komissiyalar tərəfindən qeyri-neft sektorunda istifadə olunmamış iqtisadi potensialın təhlili aparılacaq və yeni imkanlardan istifadə edilməsi planlaşdırılır".
Azər Badamov hesab edir ki, prezidentlərin görüşü zamanı müzakirə olunan əsas məsələlərdən biri də regionda davamlı sülhün təmini istiqamətində işlərin intensivləşdirilməsi olub: "Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi yeni reallıqlar üzərində yeni səhifənin açılması vacibdir. Düşünürəm ki, bu yeni səhifənin açılmasında Rusiya öz üzərinə götürdüyü öhdəliyə sadiqlik nümayiş etdirir.
Burda paralel olaraq kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiya olunması, ölkələrin bir-birinin ərazi bütövlüyünün tanıması və yekun olaraq sülh müqaviləsinin imzalanması məslələri aktualdır. Bu məsələlərin reallaşmasında Azərbaycan israrlıdır və Rusiya da özünü regionda uzunmüddətli sabitliyin bərqərar olunmasına maraqlı olduğunu göstərir. Ölkə başçısının Rusiyaya işğüzar səfərindən sonra Ermənistan-Azərbaycan arasında baş verən ara-sıra atışmalara da son qoyulacağını düşünürəm.
Həll olunmamış ən mühüm məslələrdən biri də Qarabağda erməni hərbi birləşmələrin hələ də qalmasıdır. Düşünürəm ki, Prezident Putinlə bu məsələ də müzakirə olunub. Həm də qeyd etdiyim məqamlarının razılaşdırılması məqsədilə Rusiya Prezidenti Putin əvvəl Paşinyanla, sonra da Prezident İlham Əliyevlə görüşərək regiondan uzun müddətli və dayanıqlı sülhə nail olunması üçün müəyyən məsələlər razılaşdırıldığını düşünürəm.
Hesab edirəm ki, bundan sonra postmünaqişə dövründə münasibətlərin müsbət ruhda inkişafına təkan veriləcək".