Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfərdən, Ermənistanın uğradığı acı məğlubiyyətdən, imzaladığı kapitulyasiya aktından sonra bu ölkənin nəticə çıxarması gözlənilirdi. Ancaq Ermənistan tərəfinin yersiz bəyanatları, təxribat mahiyyəti daşıyan addımları onu göstərir ki, bu ölkə hələ nəticə çıxarmayıb. Ermənistan İkinci Qarabağ müharibəsinin acı nəticələrini unutmamalıdır. Unutsa "Dəmir yumruq" yenidən işə düşəcək. Çünki Dəmir yumruq hər zaman düşmənə layiqli cavab verməyə hazırdır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, ermənilər 30 il ərzində özləri haqqında olmazın yalanlarını uydururdular: “Dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların “yenilməz ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “erməni ordusu ən güclü ordudur”. Azərbaycan Ordusu 44 günlük müharibə dövründə bu “yenilməz ordunu” darmadağın etdi. Göstərdi ki, müzəffər xalq Azərbaycan xalqıdır, onların bütün təbliğatı mifdir. Azərbaycan xalqı göstərdi ki, Birinci Qarabağ müharibəsində ermənilər xarici dəstək hesabına üstünlük qazanıb”.
Deputat xatırladıb ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti” 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılıb: “O vaxt sovet hökumətində təmsil olunan ermənilər bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər. Sovet Azərbaycanı vaxtilə məcbur olub bununla razılaşdı. Amma bu, tamamilə əsassız və süni şəkildə yaradılmış bir qurum idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında “Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etdi”. Çünki bu, birmənalı olaraq süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış təxribat idi. Bizim tarixi torpağımızda “Dağlıq Qarabağ Muxtar Vilayətini” yaratmaq, bir kəndi - Xankəndini, halbuki kənd idi, onu oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək Azərbaycan xalqına qarşı xəyanət və təhqir idi. Tarix zamanla hər şeyi öz yerinə qoyur”.
Millət vəkili hesab edir ki, “status” məsələsinə gəldikdə, bu gün qondarma rejimin nəzarətində olan bölgələrdə 25 min adam yaşayır: “Orada gedən proseslərlə bağlı Azərbaycanın kifayət qədər məlumatı var. Bu gün müxtəlif rəqəmlər də səsləndirilir. Guya müharibədən sonra o ərazilərə 50 mindən çox adam qayıdıb. Ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb. İkinci məsələ bu gün Azərbaycanın müxtəlif texniki vasitələri, peyki var. Oradakı maşınların sayı, insanların hərəkəti Azərbaycanın dövlət qurumları tərəfindən diqqətlə izlənilir. Azərbaycan dəqiq bilir ki, orada maksimum 25 min adam yaşayır. Heç şübhəsiz ki, 25 min insan üçün status yaratmaq heç bir məntiqə sığmır”.
Ceyhun Məmmədova görə, Zəngəzur məsələsində isə bu ərazilərin Azərbaycanın tarixi torpaqları olması hər kəsə məlumdur: “Zəngəzur bizim dədə-baba torpağımızdır. Azərbaycan xalqı öz tarixi ərazisindədir. Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır. Ermənistan ya könüllü olaraq buna getməli, ya da məcbur ediləcək”.