Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər istiqamətində erməni təxribatları bir neçə gündür davam edirdi. Ancaq bu gecə törədilən təxribat hücumu və atışmanın günorta saatlarına qədər davam etməsi tamamilə fərqli nəticələrə gəlmək üçün əsaslar yaradır.
Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib. O bildirib ki, bu gün baş verənləri artıq “atəşkəsin pozulması” adlandırmaq mümkün deyil:
“Erməni hərbi birliklərinin gecə saatlarından başlayan təxribatı nəticəsində 2 hərbçimiz yaralandı və düşmənə cavab zərbələri bu gün günortaya qədər davam etdi. Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə, Rusiya atəşkəslə bağlı hər iki ölkəyə çağırış edib. Bu isə o deməkdir ki, ciddi qarşıdurma yaşanıb və Azərbaycan Ordusu düşmənin artıq neçə günlərdir davam edən təxribatına bu gün ən sərt şəkildə cavab verib. Təsadüfü deyil ki, Ermənistan MN-in rəsmi açıqlamasına görə, erməni ordusu 3 əsgərini itirib, 4 yaralısı var. Qeyri-rəsmi mənbələr isə daha böyük itkilərdən bəhs edir”.
Politoloqun sözlərinə görə, bugünkü qarşıdurmanın zamanı xüsusi diqqət çəkir:
“Birincisi, 26 iyulda Ermənistan müdafiə naziri vəzifələrini icra edən Arşak Karapetyanla Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı oldu. Bir gün sonra isə Karapetyanın Moskvaya getdiyi bildirildi. Maraqlıdır ki, sərhəd məsələsinin də müzakirə edildiyi ehtimal edilən Şoyqu-Karapetyan görüşü bağlı qapılar arxasında keçirildi və mediaya heç bir açıqlama verilmədi. Karapetyanın Moskvadan geri qayıdıb-qayıtmadığı barədə də məlumat yoxdur.
İkincisi, ötən gün Azərbaycan, Türkiyə və Pakistan parlement sədrləri tarixi Bakı Bəyannaməsini imzaladılar və bu Bəyannamənin necə böyük bir əhəmiyyət daşıdığı, bura digər ölkələrin də qoşulma imkanları və perspektivləri hər kəsə bəllidir.
İndisə sual olunur: Ermənistan hərbi birliklərinin atəşkəs deyil, məhz təxribatçı hücumu niyə Karapetyanın Moskvada olduğu, Bakı Bəyannaməsinin imzalandığı günün gecəsi baş verir?”
Aynur Camalqızı Rusiyanın atəşkəs çağırışına da ilk olaraq Azərbaycanın müsbət cavab verdiyini xatırladıb:
“Rusiyanın atəşkəs çağırışı və bu çağırışa Azərbaycanın müsbət reaksiya verməsi haqda rəsmi məlumat ilk olaraq Azərbaycan MN tərəfindən yayıldı. Ermənistan MN yalnız bir saatdan da çox zaman keçdikdən sonra Rusiyanın çağırışına müsbət cavab verdiyini bildirdi. Beləliklə, Azərbaycan MN-in çağırışa müsbət cavab verməsi qarşılığında Ermənistan ordusunun sərhədə ağır texnika və tanklar gətirdiyi haqda rəsmi məlumatı da təsdiqlənmiş oldu. Bu fakt bir daha göstərir ki, Azərbaycan qarşıdurmada, silahlı insidentdə maraqlı deyil, əksinə, sülh müqaviləsinin imzalanmasını, ərazi bütövlüyünün tanınmasını, sərhədlərin danışıqlarla dəqiq müəyyənləşməsini istəyir və bir an tez kommunikasiyaların, dəhlizlərin açılması, ticarətin və iqtisadiyyatın inkişafında maraqlıdır. Bakı Bəyannaməsinin yayılan mətnindən də gördük ki, Azərbaycan yalnız gələcəyə baxır, ticari-iqtisadi münasibətlərin inkişaf etdirilməsində, bölgəyə sülh və rifah gəlməsində, insanların qısa müddətdə öz yurd-yuvalarına qayıtmasında maksimum səy göstərir. Bu bəşəri və həm də milli təşəbbüslərə qarşı gələn isə yalnız Ermənistandır. Hər dəfə iqtisadi-siyasi müstəvidə Bakı regionun dəyərini artıran, beynəlxalq əhəmiyyətini gücləndirən böyük layihələrə, ittifaqlara, regional platformalara imza atdıqca, tarixi sənədlər imzalandıqca Ermənistanın təxribatı, aqressiyası ilə qarşılaşırıq. Bu isə regional maraqları olan qeyri-region ölkələrinin əlində Ermənistanın alət olduğunu bir daha təsdiqləyir. Ermənistan region ölkələri və qonşuları ilə münasibətləri nizamlayıb, düşdüyü siyasi-iqtisadi bataqlıqdan və bir dövlət kimi məhv olmaq perspektivindən qaçmaq əvəzinə, öz taleyini yenə regiondan kənar güclərin siyasi oyunlarına xərcləyir. Bu, Ermənistan üçün yaxşı heç nə vəd etmir”.
Politoloq bildirib ki, Kəlbəcər istiqamətində erməni hərbi birliklərinin hücumuna qarşı layiqli cavab verilərkən Ermənistan rəsmi şəkildə dezinformasiya və ənənəvi yalan istehsalı ilə məşğul idi:
“Bu yalanlardan biri də guya Azərbaycan, Rusiya və Ermənistan müdafiə nazirlərinin Moskvada bu gün görüşəcəyi ilə bağlı məlumat idi. Rəsmi mənbələrin yaydığı bu məlumat hətta erməni mediasında çoxsaylı şərhlərlə davam etdirildi. Guya Azərbaycan bu görüşə “əlini gücləndirərək” getmək üçün Kəlbəcər istiqamətində erməni hərbi birləşmələrinə zərbələr endirir. Halbuki heç belə bir görüş nəzərdə tutulmamışdı və Azərbaycan MN bu dezinformasiyanı təkzib etdi. Bu, o deməkdir ki, Ermənistan təxribatın “günahkarının” Azərbaycan olduğunu bildirir, amma bunu əsaslandırmağı bacarmır və feyk xəbərlərlə “arqumentlər” tapmağa və yalanlar tirajlamağa çalışır. Dövlət səviyyəsində aparılan bu yalan təbliğatının acı nəticəsini Ermənistan 44 günlük müharibədə gördü. Təəssüf ki, ənənəvi siyasətindən hələ də geri çəkilməyib”.
Politoloqun sözlərinə görə, sərhəddə baş verən bu insident eyni zamanda rus sülhməramlılarının da məsuliyyətini gündəmə gətirir:
“Qarabağda heç bir atəşkəs yoxdur, çünki Qarabağda “qarşı tərəf” mövcud deyil və biz bunu dəfələrlə demişik. Atəşkəs Ermənistan-Azərbaycan sərhədindədir və atəşkəsin pozulması faktı da burda qeydə alınmalıdır. Hesab edirik ki, Şoyqu hələ də Moskvada olan Karapetyandan bunun səbəbini soruşacaq, amma o görüş “bağlı qapılar arxasında” olmayacaq. Çünki “bağlı qapı arxasında” görüşlərdən sonra nədənsə ermənilərin təxribatı artır, bu isə Rusiyanın vasitəçilik missiyasındakı mövqeyi haqda yanlış təsəvvürlərin genişlənməsinə rəvac verir. Əgər “bağlı qapılar arxasında” Azərbaycan Ordusunu bu dəfə sərhəddə “sınamaq” qərarı verilmişdisə, hesab edirəm ki, qısamüddətli döyüşün nəticələri və Rusiyanın atəşkəslə bağlı çağırış etməyə məcbur olması bu “sınağın” kimlərə baha başa gəldiyini anlamağa kifayət etdi. Artıq müharibə də, “sınaq” da bitib, postmüharibə yox, postmünaqişə dövrü olduğunu Prezident İlham Əliyev rəsmən bəyan edib. Ya bu reallığı qəbul edəcəklər, ya da Rusiyanın atəşkəs çağırışına bir qədər də gecikmələrinin bədəli daha ağır olacaq. Əgər sərhəddə toqquşma istəyirlərsə, bu artıq yeni münaqişə deməkdir və bugünkü döyüş artıq “yeni münaqişə” arzulayanların hansı nəticələrlə üz-üzə qalacaqlarını təsəvvür etmələri üçün tutarlı dəlil oldu”.
Aynur Camalqızı Azərbaycanın öz tələblərində qaldığını bir daha vurğulayıb:
“Bu gün Rusiyadakı səfirimiz Polad Bülbüloğlu da Rusiyanın məşhur agentliklərinə açıqlamasında bu tələbləri bir daha gündəmə gətirdi: Sülh müqaviləsi imzalanmalı, sərhədlərin demarkasiya və delimitasiyası başa çatdırılmalı, kommunikasiya və dəhlizlər açılmalıdır. Müharibə bitib və ermənilər bir an tez bu faktı anlamasalar, onda 10 noyabr bəyanatının icrası üçün Azərbaycan Ordusunu Qərbi Zəngəzurda görəcəklər”.