30 İyul 2021 14:16
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Azərbaycana hərbi yardımı kəsirsə, dərhal Əfqanıstandan hərbi birliyimizi çıxarmalıyıq”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat ABŞ Konqresinin Azərbaycan əleyhinə qəbul etdiyi qanun layihəsinə diqqət çəkib:

“ABŞ Konqresi Qarabağ və Ermənistana 52 milyon dollarlıq ABŞ yardımını nəzərdə tutan və Azərbaycana hərbi yardımı kəsən 2022-ci ilin Maliyyə ili Xarici yardım Qanunun qəbul etdi. Burada iki vacib məqama diqqət yetirməliyik. Birincisi, ABŞ Azərbaycan üzərindən adlayaraq Qarabağa yardım siyasətini hələ də davam etdirir. İkincisi, Azərbaycana hərbi yardımı dayandırır.

Bununla bağlı beynəlxalq hüquqa ziddi davranışı əsas götürərək ABŞ-a etirazımızı ortaya qoymalıyıq. Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olduğu halda ABŞ-ın buraya ayrıca siyasi subyekt kimi yanaşması və özbaşına dəstək verməsi suveren hüquqlarımıza qarşı hörmətsizlikdir.

Digər tərəfdən ABŞ Azərbaycana hərbi yardımı kəsirsə, dərhal Əfqanıstandan hərbi birliyimizi çıxarmalıyıq. Bəli, birbaşa Konqresin bu addımına cavab olaraq! Özümüzü niyə bizə düşmən münasibət bəsləyən ölkəyə görə təhlükəyə soxmalıyıq? İndi deyin görüm, torpaqlarımızın taleyi ilə bağlı məsələdə ABŞ-la işbirliyi faydalıdır, yoxsa Rusiya ilə? Təbii ki, hamısının öz problemləri var, ancaq siz ABŞ-la anlaşaraq Cocuq Mərcanlıdan o tərəfə bir addım da ata bilməzdiniz. Ona görə də soyuq başla mənfəətimizə uyğun hansı addım atmaq zəruridirsə, populizmə uymadan onu da atmalıyıq”.

Fazil Mustafa qeyd edib ki, Ermənistan ehtiyatda olan əsgərlərinə üç ay müddətində təlim keçəcək:

“Demək ki, ABŞ və Avropa Birliyindən gələn vəsaitlər Ermənistanın savaşa hazırlaşmaq üçün nəzərdə tutduğu istiqamətlərə yönəldiləcək. Ermənistanı savaşa təhrik edən məhz maliyyə dəstəyi ilə savaş təşviqi siyasəti aparan ABŞ və AB-dir.

Yeri gəlmişkən bizdə də ehtiyatda olan hərbçilərin qısamüddətli yaşayış yerlərinə yaxın məntəqələrdə hərbi təlim keçməsini düşünməliyik. Hər halda düşmənin davranışlarına adekvat addımlar atılmasının ancaq faydası olardı.

Bir faktı da vurğulayaq ki, hələ Azərbaycan sülhməramlı qüvvələrlə bağlı sənədi imzalamayıb, görünür maraqlarımıza tam uyğun gələn müddəalar üzərində tərəflər arasında yekun razılaşma əldə olunmalıdır.

Ermənistan da Azərbaycanın bu sənədi imzalamamasından narahatdır və bunu baş nazir özü də dilə gətirib. Demək ki, müəyyən şansları hələ öz iradəmizə uyğun irəliyə daşıya bilirik. Biz Laçın dəhlizinin statusu məsələsini də Zəngəzur dəhlizinin statusu ilə birlikdə tənzimləməyi tələb etməliyik, praktikada erməniyə yaratdığımız imkanı sənəd üzərində qətiyyən yaratmaq olmaz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər