“Fransa prezidentinin qəribə üslubu var. O, iki il əvvəl İrəvana səfər etdi, Bakıya gəlmədi. Halbuki ondan əvvəlki Fransa prezidentlərinin ermənilərə sevgisi olsa da, onlar balansı qorumaq naminə İrəvanla yanaşı, Bakıya da gələrdilər. Çünki Fransanın Minsk qrupundakı həmsədrliyi bunu rəsmi Parisdən tələb edir ki, sözdə olsa belə tərəflərdən eyni məsafədə dayansın”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Emmanuel Makronun bu ənənini pozduğunu söyləyən ekspert qeyd edib ki, o, müharibə və ondan sonrakı dövrdə verdiyi açıqlamalarda birmənalı şəkildə Ermənistanı və erməniləri müdafiə edib:
“Böyük dövlətlərin liderləri arasında Ermənistana və erməni separatizminə ən çox dəstək verən dövlət başçısı məhz Makrondur. Buna baxmayaraq, Emmanuel Makron bu müddət ərzində bir neçə dəfə Prezident İlham Əliyevə telefonla zəng edib. Makron Nikol Paşinyanı baş nazir seçilməsi və erməniləri hər zaman müdafiə edəcəyini növbəti dəfə bəyan etdikdən sonra avqustun 5-də Bakıya zəng edərək İlham Əliyevlə fikir mübadiləsi apardı. Azərbaycan Prezident Administrasiyasının prezidentlərin telefon söhbəti ilə bağlı yaydığı məlumatda nələr var idi?
Birincisi, dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonrakı dövrdə regional məsələlər və bəyanatın müddəalarının həyata keçirilməsini müzakirə ediblər.
İkincisi, dövlət başçıları Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və post-münaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar.
Üçüncüsü, dövlət başçıları söhbət əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə ediblər.
Bunun ardınca Rusiyanın “TASS” agentliyi Yelisey sarayına istinadən belə bir məlumat yayıb: “Azərbaycan və Fransa prezidentləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, Fransa, ABŞ) dəstəyinə güvənərək bölgədə sabitliyin möhkəmləndirilməsi üçün əməkdaşlıq barədə razılığa gəldilər”.
Elxan Şahinoğlu bildirib ki, Makron açıq-aşkar Minsk Qrupu formatını canlandırmağa çalışır:
“Ona bu məsələdə Vaşiqnton da dəstək verir. Kreml bunun əleyhinə deyil, amma həmsədrlərin yenidən fəallaşması məsələsində Vaşinqton və Paris qədər israrçı deyil. Çünki Kremlə Cənubi Qafqazda əsas rəqibləri – ABŞ və Fransa simasında tərəfdaş lazım deyil. Rusiya öz hərbçilərini Qarabağa göndərəndə də Vaşinqton və Parislə məsləhətləşməmişdi. Həmsədrlik institunun süni surətdə canlandırılması Azərbaycanın da maraqlarına cavab vermir.
Fransa Avropa İttifaqının iki aparıcı dövlətindən biridir. Buna görə də Azərbaycan Fransa ilə münasibətlərin normallaşmasını və Makrondan əvvəlki axarına qayıtmasını istəyir. Amma bu, Emmanuel Makronun prezidentliyi dövründə alınmayacaq. Makron Azərbaycanın Qarabağ üzərindəki nəzarətini və Azərbaycanın Türkiyə ilə siyasi və hərbi ittifaqı reallığını qəbul etmək istəmir. Ona görə də Makronun Bakıya zənglərinin Fransa-Azərbaycan münasibətlərini indiki böhran vəziyyətindən çıxaracağını gözləmək əbəsdir. Bir müddət sonra Makron yenə ermənilərə simpatiyasını israr edən açıqlama verəcək”.