“Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupun növbəti iclasının keçirilməsi Azərbaycanın məsələni ciddi şəkildə ortaya qoyması sayəsində baş tutub. Bundan əvvəl məhz Ermənistan işçi qrupu fəaliyyətini dayandırmışdı. Amma Bakının son addımları işçi qrupunun iclasının keçirilməsini qaçılmaz etdi”.
Bunu Teleqraf.com-a siyasi şərhçi Cümşüd Nuriyev deyib.
Nuriyev bildirib ki, işçi qrupun fəaliyyətini bərpa etməsi və ilk iclasının keçirilməsində əsas olaraq Azərbaycanın Rusiyaya verdiyi nota rol oynayıb:
"Bu nota daha çox Jrinovski ilə əlaqəli olsa da, Azərbaycanın mövqeyində ciddi olduğunun nümayişi idi. Eyni zamanda Azərbaycan Müdafiə Nazirliyinin bilavasitə bəyanatı, rus sülhməramlılarının burada müvəqqəti olmasını gündəmə gətirməsi, Azərbaycan Ordusunun istənilən ssenariyə hazır olduğunu göstərməsi xüsusi əhəmiyyət kəsb etdi. Yəni Azərbaycan diplomatik dillə yanaşı, hərbi dilə də keçdi. Hərbi dil isə Ermənistanın sonu demək idi. Aydındır ki, orada da ağıllı insanlar var və onlar da vəziyyəti dərk edirlər”.
Politoloq qeyd edib ki, Rusiyanın başı onsuz da dərddədir:
“Rusiyanın çox sayda dərdi var. Moskva bu gün fikirləşir ki, “Taliban”la münasibətlər necə olacaq, onunla necə başa gələcək. Oradan Ukrayna problemi var və bu da Moskva üçün başağrısıdır. Gürcüstan nəzarətindən çıxır. Orta Asiya nisbətən sabit zona sayılırdı, ancaq “Taliban”ın hakimiyyəti Əfqanıstanda ələ keçirməsi rusları ciddi sınaqlar qarşısında qoyur. Odur ki, bütün addımlar ona hesablanır ki, Rusiyanın başı qarışıq olsun. Rusiya da Ermənistanı məcbur etdi ki, bu məsələ başlansın, iclas keçirilsin, kommunikasiyaların açılması öz həllini tapsın. Əks halda başqa problemlər ortaya çıxa və Ermənistan daha pis duruma düşə bilərdi”.
Cümşüd Nuriyev əlavə edib ki, Prezident İlham Əliyev Göyçə, Zəngəzur və digər tarixi torpaqları təsadüfən gündəmə gətirmir:
“Ermənilər də anlayır ki, bu ərazilər rusların səyi ilə alınıb, sovet dövründə heç Azərbaycanla maraqlanmayıblar. Ermənistan anlayır ki, Azərbaycanla güc dilində danışa bilməyəcək, Rusiyanın imkanları isə əvvəlki qədər yoxdur. Üstəlik Türkiyə və Pakistan kimi ölkələrin Azərbaycanın yanında olması da bir reallıqdır. Rusiya da bunu anlayır".