27 Avqust 2021 17:25
1 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan tərəfi doğru olaraq son üç ayda Ermənistanın apardığı destruktiv fəaliyyətə reaksiya bildirdi. Dövlət başçısı dəfələrlə qeyd etmişdi ki, Ermənistandakı revanşist qüvvələr hərəkət edəcəksə və bizə təhlükə yaratmaq niyyətində olacaqsa, dərhal önləyici tədbirlər görüləcək, cavabları veriləcək”.

Bunu politoloq Oqtay Qasımov Azərbaycan ordusunun Qafan-Gorus yolunun Azərbaycan tərəfinə məxsus hissəsini bloklaması haqqında danışarkən deyib.

O, xatırladıb ki, Azərbaycan ordusu mayın əvvəllərində beynəlxalq miqyasda tanınan sərhədlərinə çıxdıqdan sonra Göyçə, Kəlbəcər, Zəngəzur istiqamətində mövqelərini bərkidib:

“Ermənistanda isterika bundan sonra başlayıb. Nəticədə həmin istiqamətlərdə, eləcə də sərhədin Naxçıvan və Qazax hissəsində vaxtaşırı atəşkəsin pozulduğunu müşahidə edirik. Ermənilərin belə təxribatçı hərəkətləri avqustun 25-də Qafan-Gorus yolunun üzərindəki Qubadlı sərhəd dviziyasının hərbçisinin ermənilər tərəfindən hücuma məruz qalaraq yaralanması ilə nəticələndi. Azərbaycan tərəfi bundan sonra qərar qəbul edərək bizim ərazimizdən keçən 21 kilometrlik Qafan-Gorus yolunu, əslində isə Ermənistanı İranla bağlayan M2 yolunu qapatdı.

Bu, doğru addım idi. Beləcə Ermənistana göstərdi ki, həddini aşacaqsa, razılaşmanın tələblərinə uymayacaqsa, onu yerində oturtmaq üçün imkanlarımızı işə salacağıq.

Hesab edirəm ki, Bakı buna nail oldu. Ermənistan tərəfindən Sünikin (Zəngəzurun) qubernatorunun müavini dünən gecə dedi ki, yolun açılmasına dair danışıqlar uğurla nəticlənməyib. Daha doğrusu, erməni tərəfi bizə danışıq təklifi edib, amma bizimkilər bu danışığı qəbul etməyib və deyiblər ki, məsələni Rusiya tərəfi ilə müzakirə edəcəklər.

Əslində bu o deməkdir ki, bölgədə gedən proseslərdə Ermənistan tərəf kimi müstəqilliyini itirib və biz onun əvəzindən Rusiya ilə danışmalı olacağıq. Bu da doğru və yerində olan addımdır. Düşmən öz yerini bilməli, bağladığı müqavilə öhdəliklərini yerinə yetirməli, bizim ərazi bütövlüyümüzü tanımalıdır.

Əgər tanımayacaqsa belə hallar çox olacaq. Bu, digər dövlətlərə də mesajdır. Azərbaycanın süverenliyi, müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı nə dərəcədə ciddi mövqedə olduğunun nümayişidir”.

Oqtay Qasımov düşünür ki, Bakının bu addımı həm də digər qonşu dövlətə, Azərbaycanın nəzarət etmədiyi ərazilərə yük daşıyanlara mesajdır: “Azərbaycan bununla göstərir ki, istənilən zaman bu yolu bağlaya bilər və bizim nəzarətimizdən kənarda heç kim bir çöpü də Ermənistan ərazisinə, o cümlədən Qarabağın bizim nəzarətimizdə olmayan ərazisinə keçirə bilməz.

Bu, Ermənistan tərəfinə düşünmək və daha konstruktiv möveyə gəlmək üçün də fürsət yaradır. Ermənistan bunu qiymətləndirməlidir. Ermənilər bizim nə dərəcədə ciddi olduğumuzu anlaması üçün bu ciddi siqnaldır”.


Müəllif: Nemət

Oxşar xəbərlər