28 Avqust 2021 17:52
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbçilər, qazilər və şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olub. Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.

Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər ardıcıl və planlı şəkildə həyata keçirilir: “2021-ci il 26 avqust tarixində şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. Bu günə qədər isə 7200 müharibə əlili avtomobillə təmin edilib.

Eyni zamanda 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev verilib. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncama əsasən 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev verilməsi nəzərdə tutulub”.

Millət vəkilinin sözlərinə görə, şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub: “7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub. 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib.

Həmçinin İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin olunacaq. Vətən Müharibəsi Qəhrəmanı adını alan bütün şəxslərin mənzillərlə təminatı həyata keçiriləcək. Eyni zamanda ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də bu mənzillərə sahib olacaqlar. Bütün bunlar isə Azərbaycanda dövlət siyasətinin sosial yönümlülüyünü təsdiq edən amillərdən hesab olunur”.

Məlahət İbrahimqızı söyləyib ki, Azərbaycan xalqının çoxəsrlik tarixində II Qarabağ Zəfərinə oxşar parlaq və tam Qələbə olmayıb: “Azərbaycan öz hərbi gücünə 300-dən çox şəhəri, kəndi, qəsəbəni döyüş meydanında işğalçılardan azad edib. Bundan sonra işğalçı kapitulyasiya aktını imzalayaraq Ağdam, Kəlbəcər, Laçın rayonlarının qaytarmağa məcbur olub”.

Millət vəkili hesab edir ki, II Qarabağ savaşındakı tarixi qələbədən sonra Azərbaycanın əldə etdiyi hərbi siyasi üstünlüklər onun mövqelərini daha da gücləndirəcək: “İstər Qarabağ bölgəsində, istərsə də Azərbaycan-Ermənistan sərhədində Azərbaycan hakim strateji nöqtələrə malikdir. Artıq postmüharibə dövrünün reallıqları da özünü göstərir. Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul olunub. Bu proqram bir neçə ili əhatə edir. Məhz bu iri həcmli layihələr imkan verəcək ki, bu tarixi bölgələrimizdə həyat yenidən canlansın”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər