Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ziyafət müəllim, Ermənistanın baş naziri Azərbaycanla danışıqlara, kommunikasiyaların bərpasına hazır olduğunu söyləyib. Hazırkı mərhələdə belə yanaşmaları ciddi qəbul etmək nə dərəcədə məntiqlidir?
- Ermənistanın Azərbaycanla danışıqlara getməkdən başqa yolu yoxdur. Artıq bu ölkənin siyasi rəhbərliyi də başa düşməlidir ki, Azərbaycanla dil tapmaq lazımdır. Çünki açılacaq kommunikasiya xəttləri qarşı tərəfi üçün də əhəmiyyətlidir. Paşinyan dərk etməlidir ki, əvvəlcə delimitasiya və demarkasiya məsələlərini həll etmək lazımdır. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün tanınması kimi başlıca prinsip həll olunmalıdır. Məhz bundan sonra hansısa məsələləri müzakirə etmək olar. Eyni zamanda erməni baş nazir bəyanatlardan daha çox əməli işə keçməlidir. Azərbaycanın şərtləri, ölkəmizin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq hüquqla tanınan sərhədlərimiz Ermənistan tərəfindən birmənalı olaraq qəbul olunmalıdır. Bundan sonra üçtərəfli bəyanatda nəzərdə tutulmuş məsələlər də həll edilməlidir.
- Erməni tərəfinin Türkiyə ilə əməkdaşlığa hazır olduğunu bəyan etməsi bu ölkənin ənənəvi iddialarından imtinası kimi izah oluna bilərmi?
- Biz Paşinyanın səmimiliyə inanmırıq. Ermənistan öz üzərinə düşən məsələləri icra etdikdən sonra hansısa bir əməkdaşlıqdan danışmaq, bir əməli işə keçmək olar. Əks halda gündə bir bəyanat verməklə məsələ həll olunmur. Paşinyanın “mən Azərbaycanla danışıqlara hazıram” kimi deyimləri çox eşidilib. Artıq real nəticə ortaya qoymaq zamanıdır. Biz buna qiymət veririk.
- Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən erməni tərəfinin narahatlığını necə qiymətləndirirsiniz?
- Bu məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını dəstəkləyirəm. Laçında qardaş Türkiyə ilə birgə hərbi təlimlərin keçirilməsi regionda sabitliyin, stabilliyin möhkəmlənməsinə xidmət edir. Ermənistan o qədər təxribatlarla məşğuldur ki, Azərbaycanın suveren ərazisində bu cür təlimlərin keçirilməsini də özünə qarşı bir addım kimi dəyərləndirir. Əslində Ermənistanın bundan narahatlıq keçirməsinin heç bir əsası yoxdur. Azərbaycan suveren bir dövlətdir. Türkiyə ilə hərbi əməkdaşlıqla bağlı da müqaviləmiz var. Ona görə də, öz ərazimizdə hərbi təlimlər keçirməkdə tam müstəqilik. Eyni zamanda Ermənistanın özü də da başqa dövlətlərlə hərbi təlimlər keçirir. Belə faktlar var. Amma Azərbaycan tərəfi bununla bağlı heç bir narahatlığını ifadə etməyib. Ona görə də, hərbi təlimləri keçirmək də Azərbaycan suveren hüququdur.