Yayılan məlumata görə, Rusiya 10 noyabr razılaşmasının şərtlərinin ziddinə olaraq Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrin şəxsi heyətinin sayını dəfələrlə artırıb. Sülhməramlı qüvvələrin sayının 1960 hərbçidən ibarət olması nəzərdə tutulsa da hazırda ərazidə 7-8 min hərbçinin yerləşdirildiyi bildirilir.
Hüquqşünas Alim Hüseynli Teleqraf.com-a bildirib ki, ötən il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb.
Onun sözlərinə görə, bəyanatda konkret olaraq göstərilir ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir:
“Sənəddə həmçinin qeyd olunub ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Fakt isə ondan ibarətdir ki, Rusiya bəyanatda əksini tapmış müddəaların əksinə gedərək Dağlıq Qarabağda şəxsi heyətin, eləcə də hərbi-texniki bazanın sayının artırılmasını təmin edib.
Bununla kifayətlənməyərək əraziyə səhiyyə, təhsil və fövqəladə hallar nazirliklərinin əməkdaşları cəlb edilib. Sözsüz ki, bu qədər heyətin yerləşdirilməsi, mənzil-məişət şəraitinin təmin edilməsi, ifrastrukturun yaradılması üçün tikinti briqadalarına da ehtiyac yaranır. Bu isə o anlama gəlir ki, Rusiya Dağlıq Qarabağ ərazisinə kifayət qədər canlı qüvvə yerləşdirib. Maraqlı fakt ondan ibarətdir ki, Rusiya erməni silahlı qüvvələrini ərazidən çıxarmaq əvəzinə öz hərbi kontingentinin sayını artırmaqla məşğuldur. Heç şübhəsiz ki, Rusiyanın bu addımı onun Cənubi Qafqaz siyasətinin tərkib hissəsidir. Lakin Rusiya onu da nəzərə almalıdır ki, belə bir addım birbaşa 10 noyabr razılaşmasına ziddiyət təşkil edir. Odur ki, rəsmi qurumlar məsələnin mahiyyətini qabardaraq Rusiya hökuməti qarşısında ciddi tələblər irəli sürməlidir. Ən azından Rusiya hökumətinə nota verilə bilər ki, problem diplomatik yolla həllini tapsın”.