Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elman müəllim, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçiriləcək. Təlimlərin bölgədə olan proseslərə təsirini necə şərh etmək olar?
- Bir neçə gün öncə Laçın, Qaragöl istiqamətində Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirildi. Sözsüz ki, bu təlimlər ölkələr arasındakı hərbi əməkdaşlığı və qarşılıqlı şəkildə orduların inteqrasiyasını özündə ehtiva edir. Orduların istənilən şəraitə uyğun birgə hərəkəti, mümkün hədəflərə zərbə vurmaq kimi əsas prinsiplərin icra edilməsi baxımından bu, olduqca əhəmiyyətlidir. Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə hərbi təlimləri əldə olunmuş razılaşmaya uyğun həyata keçirilir. Bu üç dövlət birgə lazım olan məqamlar üçün müəyyənləşmiş proqrama uyğun təlimlər icra edəcək. Eyni zamanda bu dövlətlərdən hər hansı birinə ola biləcək mümkün təhlükənin qarşısını almaq üçün də birgə hərbi əməkdaşlıq imkanları nəzərdən keçirilir. Ona görə də, üç qardaş ölkə arasında uzlaşmalar, təlimlər və birgə hərəkət imkanları daha aktiv formada həyata keçirilir ki, qarşıdakı dövr üçün mümkün təcrübə əldə olunsun. Amma burada hansısa bir tərəfə və hədəflərə hesablanmış niyyət yoxdur. 44 günlük vətən müharibəsində də Azərbaycana qardaş Türkiyə və Pakistan tərəfindən mühüm mənəvi dəstək verilib. Bu gün də qalib Azərbaycan ordusu ilə üç qardaş ölkənin birgə hərbi təlimləri qazanılmış tarixi qələbə fonunda böyük əhəmiyyətə malikdir.
- Ermənistanın bu təlimlərdən böyük təşviş yaşadığı sezilir. Məğlub ölkənin indiki şəraitdə belə psixoloji durumu necə izah oluna bilər?
- Sözsüz ki, bu təlimlərdən kimlərsə, təşvişə düşəcək, bir çoxları həyacan keçirəcək, bəziləri narahataq olacaq. Amma bütün bunlar əbəsdir. Bu dünyada ilk dəfə olan bir hal deyil. Üç dövlətin birgə hərbi təlimləri görünməmiş bir fakt kimi də qəbul olunmamalıdır. Dünyada bir sıra hərbi bloklar, hərbi tərətfdaşlar var ki, onlar da vaxtaşırı olaraq bu cür təlimləri icra edir. Ona görə də, Ermənistan kimi cılız dövlətlərin bundan narahatlıq keçirməsi heç bir məntiqlə izah oluna bilməz. Üç dövlətin hərbi təlimləri də əldə olunan razılaşmalara və əməkdaşlığa uyğun icra edilir. Bu təlimlər hər üç dövlətin ərazisində də keçirilə bilər. Ermənistanın bu cür hərbi təlimlərdən narahatlığına əsas yoxdur. Yaxşı olardı ki, bu dövlət öz üzərinə götürdüyü öhdəlikləri icra etsin. Azərbaycan ərazisində icra edilən istənilən bir məsələ onun suveren haqqıdır. Sözsüz ki, “xain xoflu olar”. Ermənistan bir dövlət kimi başqalarına hörmətlə yanaşırsa, bu cür təlimlərdən də narahat olmamalıdır. Amma Ermənistan və onun havadarları da unutmamalıdır ki, Azərbaycan və onun müttəfiqlərinin gücü heç kimə qarşı ünvanlanmayıb. Burada başlıca vəzifə dövlətin öz təhlükəsizliyini təmin etməkdən ibarətdir.
- Rəsmi Bakının notasına rəğmən İran tərəfi Xankəndinə qanunsuz olaraq naməlum yüklərin daşınmasını həyata keçirir. Bu cür hallara qarşı hansı ciddi addımların atılması nəzərdə tutulur?
- Uzun illərdir ki, İranın Qarabağ məsələsi ilə bağlı mövqeyinə qarşı sərt açıqlamalarla çıxış edənlərdən biri də mən olmuşam. Bu yanaşmalarımız da qərəzli olmayıb. İndi də aydın olur ki, biz İranın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə mövqeyinə etiraz edərkən reallıqdan kənara çıxmamışıq. Vaxtilə Ermənistanın sabiq prezidenti Serj Sərkisyan İrana səfər edərkən keçmiş İran Prezidenti Həsən Ruhani ilə qucaqlaşıb, dodaq-dodağa öpüşürdülər. H.Ruhaninin bir müsəlman ölkənin lider kimi donuz əti ilə araq içib gələn Sərkisyana bu cür səmimiyyəti tamam başqa mətləblərdən xəbər verirdi. Halbuki Serj Sərkisyan müsəlman dövlət olan Azərbaycanda dinc insanlara qarşı amansız divan tutmuş bir hərbi canidir. Eyni zamanda Ermənistan bir dövlət olaraq işğal etdiyi Azərbaycan torpaqlarında İslam dəyərlərinə, tarixinə qarşı barbarlıq edib. Belə olan halda İranın İslam dəyərlərinə qənim kəslilən bir ölkə ilə səmimi münasibətini heç bir məntiqlə izah etmək olmur. Ona görə də, İran siyasi rəhbərliyi özünün siyasi mövqelərini mütləq dəyişməlidir. Bu səbəbdən də indiki halda İran maşınlarının qanunsuz olaraq Xankəndiyə gəlməsinin qarşısı ciddi şəkildə alınmalı və bu dövlətdən bir daha bu cür hərəkətlərə yol verilməməsi tələb edilməlidir.
- Bu günlərdə Azərbaycanın Gorus-Qafan yolunda qurduğu polis postu ilə qarşı tərəf mesaj alacaqmı?
- Azərbaycan özünün suveren ərazisində istədiyi inzibati tədbirləri görə bilər. Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən hissəsində qurulan polis postu da Azərbaycan qanunlarına uyğun təşkil edilib. Sözsüz ki, bu addım son baş verənlərə də bir adekvat cavabdır. Eyni zamanda Azərbaycan Müdafiə Nazirliyi də sülhməramlıların rəhbərliyinə bir daha məktub ünvanlayıb ki, Azərbaycan ərazilərinə mülki və hərbi təyinatlı yüklərin daşınmasına son qoyulsun. Amma bu cür tələblər icra olunmasa, Azərbaycan özünün imkanlarından istifadə etməklə bu qanunsuzluğun qarşısını qətiyyətlə alacaq.