14 Sentyabr 2021 09:38
7 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran uzun illərdir eyni siyasəti yürüdür. İran Azərbaycan və Türkiyənin bir-birinə daha da yaxınlaşmasını qəbul etmək istəmir, çalışır ki, bu olmasın. Bundan çox narahatdır. Eyni zamanda, İran istəmir ki, müstəqil Azərbaycan inkişaf etsin və daha yüksək səviyyəyə çatsın. Çünki orada da azərbaycanlılar yaşayır, sayları da az deyil. İranı narahat edən bir məsələ də Güneydə yaşayan azərbaycanlıların bizi dəstəkləməsidir”.

Sabiq diplomat, politoloq Fikrət Sadıqovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Qarabağ və Ermənistan-Azərbaycan sərhədində maraqlı gəlişmələr yaşanır. Həyəcanlı xəbərlər gəlir. Baş verənləri necə qiymətləndirirsiniz?

- Biz görürük ki, sülhməramlıların yerləşdiyi Azərbaycan ərazilərindən mövqelərimizi atəşə tutur. Atəşkəs sülhməramlıların gözləri qabağında pozulur. Sülhməramlılar tərəfsiz olmalı, neytral mövqedə dayanmalıdırlar. Amma görünən budur ki, onlar aşkar şəkildə erməniləri dəstəkləyirlər, yaxud baş verənlərə gözlərini yumurlar. Bu yolverilməzdir.

Hesab edirəm ki, biz çox doğru olaraq, həm Müdafiə Nazirliyi, həm digər səviyyələrdə sülhməramlılarla yanaşı, Rusiya Müdafiə Nazirliyinə də etirazımızı bildirdik. Bundan sonra daha güclü formada etirazımızı dilə gətirməliyik.

- Azərbaycan Qafan-Gorus yolunda polis postu qurdu. Bu addımı necə qiymətləndirirsiniz: bunun ardınca hansı qərarların veriləcəyinin şahidi ola bilərik?

- Bu, çox doğru və yerinə düşən bir addımdır. Çünki o yol Azərbaycanın azad edilmiş ərazilərindən keçir. Əgər hansısa dövlət bu yoldan istifadə etmək istəyirsə, bu, Azərbaycanın nəzarəti altında olmalıdır. Necə olur ki, xarici ölkənin (İran) yük maşınları separatçılara nəsə daşıyır? O yük nə olur-olsun, bu yolverilməzdir.

Əgər bunu İran edirsə, bu, iki dövlətin münasibətlərinə zərbədir. Əgər “İslam həmrəyli”yindən danışırıqsa, hər halda İranda bu cür şüarlar tez-tez səsləndirilir – o zaman belə etmək olmaz. Əgər İran bizim ərazi bütövlüyümüzü tanıyırsa, onda bu arxadan zərbədir. Bunu belə başa düşmək olar. Buna görə də, biz əlimizdən gələni edəcəyik. Həm postlarda yoxlanışlar aparılacaq, həm də diplomatik müstəvidə etirazlarımızı bildirməliyik, bildirəcəyik. Hesab edirəm ki, biz daha çox hücum mövqeyində olmalıyıq.

- Azərbaycan və Türkiyə arasındakı hərbi təlimlərin intensivliyi nədən xəbər verir? Bu, müharibə hazırlığıdırmı? Üstəgəl, dünən Pakistan, Azərbaycan və Türkiyənin də birgə təlimləri başlayıb.

- Düşünürəm ki, bu, müharibəyə hazırlıq xəbərdarlığı deyil. Amma bu, hər halda bizim düşmənlərimizə bir mesajdır, onlar görməlidirlər ki, bizim ətrafımızda, arxamızda dost dövlətlər var, onlar həmişə bizi dəstəkləməyə və müdafiə etməyə hazırdır. Yəni biz həmişə bütün təxribatlara birgə cavab verməyə hazırıq, əgər belə təxribatlar bundan sonra da baş verəcəksə, birmənalı şəkildə birgə addımlar atacağıq.

Ümumiyyətlə, münaqişələrdə mürəkkəb vəziyyət yarananda hər bir dövlət öz müttəfiqlərini proseslərə cəlb etməli, birgə hərbi qüvvəsini nümayiş etdirməlidir, təlimlər keçirilməlidir. Düşmən də bunları görməlidir. Düşmən də bunu görərək, müəyyən nəticə çıxarmalıdır. Hesab edirəm ki, burada əsas məqsədimiz bunlardır.

- Bəs Rusiya-Azərbaycan münasibətlərində nə baş verir? Gərginlik nədən qaynaqlanır?

- İndi Sovet İttifaqı yoxdur, dağılıb. Bu gün Kremldə elə qüvvələr var ki, müəyyən respublikalarda münaqişələr yaradaraq, hansısa dövlət qurumu yarada biləcəklərini düşünürlər. Bu, yanlış yanaşmadır. Hər halda hələlik bizim münasibətlərimiz normaldır. Ümumi dil tapa bilirik. Amma bizim ərazilərimizdə yerləşən Rusiya sülhməramlıları və ya hərbi birləşmələri qanunlarımıza əməl etməlidirlər. Mövqelər partnyorluq münasibətləri inkar edilmədən bildirilməlidir.

Biz yaranmış durumla bağlı sülhməramlıların rəhbərliyini də öz mövqeyimizi çatdırmışıq. Hesab edirik ki, Rusiya özünün ictimai-siyasi həyatında olan sərsəm bəyanatlar səsləndirən və separatçılara dəstək verən siyasətçilərə təzyiq etməlidir. Əgər Rusiya Azərbaycanla strateji tərəfdaşdırsa, o zaman bu münasibətlərə xələl gətirməməlidir.

Amma biz görürük ki, Rusiyadan Azərbaycana qarşı müəyyən şüarlar səsləndirilir, bizi hədələyirlər və mənfi fikirlər söyləyirlər. Bu olmamalıdır. Biz bu haqda Moskvanın rəsmiləri ilə danışmalıyıq, qəti mövqeyimizi bildirməliyik.

- Rusiya niyə separatçı bölgələrdə “təcrübəsi” olan generalları sülhməramlılarının komandanı kimi göndərir? Məsələn, Mixail Kosobokovun təyinatına münasibətiniz necədir?

- Kosobokovu şəxsən tanımıram, amma məni narahat edən budur ki, o, Abxaziyada xidmət edib. Abxaziyanı da separatçı rejim idarə edir. Abxaziya Gürcüstandan qoparılmış bir hissədir. Əgər Kosobokov hələ qanmırsa, ona başa salmaq lazımdır ki, bura nə Abxaziya, nə də Cənubi Osetiyadır, bura Azərbaycan torpağıdır. Sən bura ona görə gəlməmisən ki, separatçı rejimi dəstəkləyəsən. Bunu Kosobokova başa salmalıyıq.

O, başa düşməlidir ki, keçmişindən asılı olmayaraq, indi sülhməramlıların komandiridir. Kosobokoz öz funksiyalarını aşsa, sülhməramlıların nə etməli olduğunu ona izah etməliyik. O, bunları mütləq bilməlidir.

- İran Türkiyə və Azərbaycanın Xəzər dənizində keçirdiyi birgə təlimə etiraz edib. İran nədən narahatdır: Ermənistana hər cür dəstəyi verən Tehran niyə bunun hesabatını vermək yerinə, daxili işimizə qarışır?

- İran uzun illərdir eyni siyasəti yürüdür. Azərbaycan və Türkiyənin bir-birinə daha da yaxınlaşmasını qəbul etmək istəmir, çalışır ki, bu olmasın. Bundan çox narahatdır. Eyni zamanda, İran istəmir ki, müstəqil Azərbaycan inkişaf etsin və daha yüksək səviyyəyə çatsın. Çünki orada da azərbaycanlılar yaşayır, sayları da az deyil. İranı narahat edən bir məsələ də Güneydə yaşayan azərbaycanlıların bizi dəstəkləməsidir.

Artıq İran aşkar şəkildə Türkiyə-Azərbaycan yaxınlaşmasından narahatlığını bildirir, birgə hərbi təlimlərə etiraz edir.

Əlbəttə, Türkiyə-Azərbaycan münasibətləri digər dövlətlərlə yanaşı, İrana qarşı da yönəlməyib. Biz nə ona hədə-qorxu gəlmişik, nə də ona qarşı əzələ nümayiş etdirmişik. Bizim bir düşmənimiz var, o da Ermənistandır. Ermənistan da İran tərəfindən dəstəklənir. Bu bizi narahat etməyə bilməz. Bunu xarici siyasət prioritetlərimizdə bir problem kimi qabartmalıyıq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər