14 Sentyabr 2021 23:57
3 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hesab edirəm ki, regionda Türkiyə-Azərbaycan birliyinə qarşı döyüşmək Rusiyanın gücü çərçivəsində deyil. Çünki Rusiyanın regiondakı yeganə müttəfiqi Ermənistandır. Söhbət sınıq-salxaq orduya malik olan Ermənistandan gedir. Həmin Ermənistanı Türkiyə və Azərbaycanın üstünə qaldırmaq Rusiyaya məğlubiyyətdən başqa heç nə verməyəcək. Çünki 44 günlük müharibədə dünyanın gözü qarşısında Azərbaycana məğlub olan Ermənistan yox, Rusiyanın “hərb maşını” idi”.

Politoloq Natiq Mirinin Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- İran niyə Türkiyə və Azərbaycanın Xəzər dənizində keçirdiyi birgə təlimlərə etiraz etdi: Tehran nədən narahatdır?

- Tehran bu etirazını Xəzərin statusu ilə bağlı sənədə əsaslandırır. İran bu hüquqi sənədə istinad etdiyini bildirsə də, özü beynəlxalq hüququ və Azərbaycanın suveren hüquqlarını kobud şəkildə pozduğunu dilə gətirmir. Çünki Qarabağ Azərbaycanın tərkib hissəsidir. Belə olan halda, İranın yük maşınları Azərbaycan hökumətinin icazəsi olmadan o ərazilərə girə bilməz. Əks halda, bu yöndə atılmış addım kobud qanun pozuntusu deməkdir. İran rahatlıqla bunu gözardı etdiyi halda, Türkiyənin Azərbaycanla Xəzər dənizində hərbi təlim keçməsini qəbul etmədiyini bildirir.

Əslində Xəzər təliminin mesajlarından biri də bununla bağlıdır ki, siz beynəlxalq hüquq və Azərbaycanın suveren hüquqlarını rahatlıqla pozursunuzsa, biz də buna bu şəkildə cavab verərik. Bu, təkcə İrana yox, həm də Rusiyaya mesajdır. Fikir verin: bu günədək Xəzərdə bu dənizlə sərhədi olmayan bir ölkənin Azərbaycanla birgə hərbi təlim keçdiyini görmüşdünüz? Görməmişdiniz!

Çünki Azərbaycan bütün müqavilələrə uyan, qonşularının milli, hətta geosiyasi maraqlarına hörmət edən bir dövlətdir. Amma siz Azərbaycanın maraqlarını görməzdən gələrsinizsə, beynəlxalq hüquqa tüpürərsinizsə, suveren hüquqlarını kobud şəkildə pozaraq onun düşmənlərinə yardım edirsinizsə, təbii ki, bu cür addımlarla qarşılaşmaq məcburiyyətində qalacaqsınız. Mesaj budur. Anlamaslar, bu proses davamlı olacaq.

Laçında Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimlərindən sonra Pakistan, Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının Bakıda başlayan “Üç qardaş” hərbi təlimlərini də bura aiddir. Düşünürəm ki, bunun içində də çox ciddi mesaj var.

Bir mesaj da Azərbaycanın maraqlarını görməzdən gələn Rusiya, eləcə də düşmənlərimizə yardım edən və bizi özünə dost hesab etməyən qüvvələrə yönəlib.

- Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıqda ciddi gəlişmələrin şahidi oluruq. Bu yöndə daha hansı yenilikləri görə bilərik?

- Səhnə arxasında heç kimin təkzib edə bilmədiyi hadisələr baş verir. Səhnə arxasında ciddi mübarizə var. Mübarizə həm də Azərbaycan, Rusiya və Türkiyə arasında gedir. Bu mübarizə təkcə Türkiyəyə qarşı Qarabağda yox, həm də Suriyada aparılır. Son günlərdə Türkiyənin Suriyada yaratdığı təhlükəsizlik bölgələrində ard-arda türk əsgərləri şəhid olur.

Əvvəllər terrorçuları türk əsgərlərinə qarşı qızışdıran Fransa, ABŞ və digərləri idisə, bu gün artıq onların arxasında Rusiya dayanır. Rusiya birbaşa Türkiyəyə qarşı çıxa bilmədiyi üçün PKK vasitəsilə türk hərbi qüvvələrini hədəfə almağa başlayıb. Eləcə də İdlib və digər ərazilərdə Türkiyəyə yaxın müxalif qüvvələrin mövqeləri havadan bombardman edilir.

Artıq Türkiyə müdafiə naziri Hulusi Akar da Rusiyaya xatırlatma edib ki, üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirin. Türkiyənin İdlibdə keçirdiyi o möhtəşəm hərbi əməliyyatı xatırlamaq lazımdır. Türkiyə ordusu qısa müddətdə 3000-ə qədər Əsəd rejiminin qüvvələrini, İrana bağlı terrorçu qruplaşmaların üzvlərini və Rusiyanın “Vaqner” qrupunun muzdlularını məhv etdi. Yəni Türkiyə öz gücünü göstərib.

Qarabağ ətrafında da buna oxşar proseslər gedir. Hesab edirəm ki, ard-arda keçirilən təlimlər bu mübarizənin davamı və tərkib hissəsidir. Rusiya Azərbaycanı sıxışdırmaq və ona qarşı əlavə təzyiq mexanizmləri ələ etmək üçün addımlar atırsa, Azərbaycan da buna cavab olaraq, qardaş ölkələrlə birlikdə öz gücünü və bölgədəki geosiyasi vəziyyəti göstərir.

Eyni zamanda, perspektivdə Azərbaycana qarşı atıla biləcək təhlükəli addımlara qarşı hazırlığını nümayiş etdirir. Əgər Rusiya “Abxaziya cəlladı” adlandırılan generalı Qarabağdakı sülhməramlılarının komandanı təyin edirsə, ardınca Robert Köçəryan Moskvaya çağrılıb iqtidar partiyası ilə anlaşmalar əldə edilirsə, bu onu göstərir ki, Kreml bu mübarizəni daha yüksək səviyyəyə qaldırmaqda maraqlıdır.

- Bəs mübarizə bu həddə qalxsa, hansı gəlişmələri görə bilərik?

- Hesab edirəm ki, proses o həddə qalxsa, Türkiyənin Azərbaycanda hərbi bazasının qurulması məsələsi gündəmə gələcək. Artıq Türkiyənin Azərbaycanda hərbi komandanlığı adlı qurum yaradılıb və 4 seçilmiş general bunun üçün təyinatlar Bakıya göndərilib. Əslində bu, ən böyük mesajdır. Bu o deməkdir ki, proses gələcəkdə də inkişaf edəcək. Yəni Turan ordusu Türkiyə və Azərbaycan Silahlı Qüvvələri kontekstində qurulur.

Rusiya daşı ətəyindən tökməsə, Turan ordusu və ya birliyi daha da inkişaf edərək, Orta Asiyadakı digər türk cümhuriyyətlərinə də sirayət edəcək. Əslində həmin ölkələr bu məsələdə maraqlı görünürlər. Çünki qardaş Türkiyə digər türk cümhuriyyətləri üçün cəlbedici olmağa başlayıb. Bu sualın cavabı Liviya, Suriya, Aralıq dənizinin şərqi, eləcə də Qarabağda verilib.

Türkiyə harda məzlumlara dəstək veribsə, orada həmişə qalibiyyət olub. Bu o deməkdir ki, Türkiyənin yanında olan dövlətlər öz təhlükəsizliklərini təmin edə bilirlər. Orta Asiyadakı türk cümhuriyyətləri də tədricən Turan ordusu və birliyinə meyllənəcəklər. Bu, Rusiyanın yuxusunda belə görmək istəmədiyi acınacaqlı vəziyyət ola bilər. Əgər Rusiya prosesləri gərginliyə doğru aparacaqsa, o zaman qarşısında Böyük Turan ordusu və birliyi, Azərbaycan-Türkiyə-Pakistan birliyi, nəhayət, Azərbaycanın Ermənistanla sərhədlərində, Qarabağ və Kəlbəcərdə Türkiyənin hərbi bazalarını görmək məcburiyyətində qalacaq. Bu da Laçın dəhlizinin bağlanaraq, Azərbaycan ordusunun nəzarətinə verməsi ilə nəticələnəcək. Rusiya bu perspektivlə razıdırsa, o zaman prosesi istədiyi qədər gərginləşdirə bilər.

Düşünürəm ki, Rusiyanın Azərbaycana qarşı təhdid və hədələrində heç bir perspektiv və uğur yoxdur. Rusiya nə qədər doğru qərar versə, bu onun Türkiyə və Azərbaycanla münasibətlərinin gərginləşməsinin də qarşısını alacaq. Əks təqdirdə, proseslər təkcə Cənubi Qafqazda yox, Mərkəzi və Orta Asiyada da Rusiyanın əleyhinə çevrilə bilər. Hesab edirəm ki, Rusiya bütün bunları düşünməlidir.

- Yəni güclənən Azərbaycan-Türkiyə müttəfiqliyi Rusiyanın mövqelərini zəiflədəcəkmi?

- Söhbət mövqelərin zəiflədilməsindən yox, güc nümayişindən gedir. Əgər “Abxaziya cəlladı” adlı bir şəxs sülhməramlıların komandanı olaraq göndərilirsə, bu, Azərbaycanın təhdid edilməsi deməkdir. Üstəgəl, Köçəryanın Moskvaya dəvət edilməsi o deməkdir ki, Rusiya bununla Paşinyanın müstəqil manevr imkanlarını əlində almaq istəyir. Artıq Ermənistanda Paşinyana qarşı kütləvi mitinqlərin başlayacağı mesajları verilir. Bu yöndə konkret addımlar atılır. Əmin olun ki, bunun arxasında Rusiya dayanır. Rusiya bununla Paşinyanın əl-qolunu bağlayaraq, onun müstəqil şəkildə Azərbaycan və Türkiyə ilə anlaşmasını əngəlləməyə çalışır.

Digər tərəfdə, Azərbaycanın Qarabağda müstəqil addımlar atmaqdan, Pakistan və Türkiyə ilə hərbi əməkdaşlıqdan geri döndərmək istəyir. Bu kontekstdə öz milli və geosiyasi maraqlarını təmin etmək niyyəti güdür.

Rusiyanın bir məqsədi də budur ki, beş il sonra sülhməramlılarını bölgədə saxlamaq üçün zəmin yaratsın. Bunları da Azərbaycana qəbul etdirmək istəyir. Digər bir məqsədi gələcəkdə Azərbaycanı KTMT və Avrasiya Birliyinə üzv etməkdir. Azərbaycan bunlara görə Türkiyə və Pakistanla hərbi əməkdaşlığı artırır. Fikir verin ki, bu prosesdə ciddi intensivlik özünü göstərir. Bu yöndə biz Türkiyə və Pakistanla hərbi təlimlərin intensivliyinin artmasına adekvat olaraq, Azərbaycanda Türkiyənin hərbi komandanlığının yaradılması gələcəkdə Turan ordusu və birliyinin yaradılması yönündə mesajların verilməsi deməkdir.

Hesab edirəm ki, Şuşa bəyannaməsinin əsasında Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılması da nəzərdə tutula bilər.

- Bəs Rusiya Azərbaycan-Türkiyə-Pakistan birliyinin qarşısını ala bilərmi?

- Birmənalı olaraq, ala bilməyəcək. Yəni bu təhdidlərin nəticəsi olmayacaqsa, bu, Rusiyanın regionda ciddi məğlubiyyəti deməkdir. Bu, qaçılmazdır. Bu, nəticəsi əvvəldən bəlli olan sualdır. Kimsə bunu təkzib edə bilməz. Əgər Rusiyada bunu anlamaq istəmirlərsə və millətçi, şovinist qüvvələr Putini bu anlamsız addımlara təhrik edirlərsə, bu, Rusiyanın bütün Cənubi Qafqazdan çıxması demək olacaq.

Bu, təhlükəli proseslərin Şimali Qafqaza sirayət etməsi ehtimalını da artırır. Çünki Qafqaz həmişə bütöv olub. Əgər indi bu proseslər Cənubi Qafqazda gedirsə, əmin olun ki, bu, gələcəkdə Şimali Qafqaza da sıçrayacaq. Rusiya bundan sonra o yanğının qarşısını ala bilməyəcək. Düşünürəm ki, Rusiya belə bir təhlükədən xəbərdardır.

Hesab edirəm ki, regionda Türkiyə-Azərbaycan birliyinə qarşı döyüşmək Rusiyanın gücü çərçivəsində deyil. Çünki Rusiyanın regiondakı yeganə müttəfiqi Ermənistandır. Söhbət sınıq-salxaq orduya malik olan Ermənistandan gedir. Həmin Ermənistanı Türkiyə və Azərbaycanın üstünə qaldırmaq Rusiyaya məğlubiyyətdən başqa heç nə verməyəcək. 44 günlük müharibədə dünyanın gözü qarşısında Azərbaycana məğlub olan Ermənistan yox, Rusiyanın “hərb maşını” idi. Rusiyanın “hərb maşını” Qarabağda darmadağın edildi. Rusiyanın ən müasir silahları belə, darmadağın oldu.

Rusiya baş verənləri Ermənistan hərbçilərinin qeyri-peşəkarlığı ilə əlaqələndirir, amma fakt faktlığında qalır. Biz Rusiyanın ən müasir və dünyanı hədələdiyi raketləri də gördük. Rusiya dünyanın gözü qarşısında biabır oldu. Bunu edən Azərbaycan idi. Azərbaycanı bu yöndə dəstəkləyən ciddi dövlətləri var, onlar indi də heç yana getməyib, arxamızda və yanımızdadırlar.

Belə bir durumda Rusiyanın qalib gəlmək şansı yoxdur. Ortada Azərbaycanın ciddi siyasi iradəsinin olduğu da görünür. Hesab edirəm ki, proseslər nəyin nə olduğunu Rusiya, İran və digərlərinə göstərəcək, başa salacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər