Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Cavid Osmanov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirk:
- Cavid müəllim, Ermənistanın əməkdaşlıqdan danışa-danışa sülh üçün yaratdığı problemlər də göz önündədir. Bu paradoksal hal nə vaxta qədər davam edə bilər? Belə hallar hansı təsirli addımlar üçün əsas yaradır?
- 44 günlük müharibə dövrünə qədər Azərbaycanın Ermənistana sülh və proseslərin dinc yollarla həlli ilə bağlı çox ciddi təklifləri vardı. Amma beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Ermənistana etdiyi çağırışlar, verdiyi qərarlar bu ölkə tərəfindən qulaqardına vurulurdu. Dünyanın aparıcı təşkilatları, öz qərarları ilə bəzən bir gündə proseslərin yönünü dəyişməyə qadir olan qurumlar nədənsə Ermənistanla bağlı verdiyi qərarlarda eyni ciddiyyəti, tələbkarlığı nümayiş etdirmədilər. Sözsüz ki, erməni lobbisi və onların təsirinə düşmüş müxtəlif siyasi fiqurlar və bu fonda yaranmış reallıq başqa mətləbləri ortaya çıxarırdı. Amma özünü dünyanın güc və ideologiya sahibi kimi qələmə verən qurumlar belə verdikləri qərarı barədə Ermənistana “icra et” tələbi irəli sürmədilər. Belə olan halda özünün işğal faktı və digər qanunsuz terrorçu mahiyyətini daha da azğın formada genişləndirən Ermənistan məhz bu cür yanaşmalardan da bir növ həvəslənmiş oldu.
Məhz bunun nəticəsidir ki, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan ABŞ-a səfəri zamanı “yeni müharibə, yeni ərazilər” tezisini ortaya atmışdı. Dünyanın gözü önündə bir dövlətin güc strukturunun rəhbəri işğal, ərazi qəsbindən danışırdı. Amma heç kəs o zaman bu məsələyə reaksiya vermədi. 44 günlük müharibə başlamazdan öncə də Azərbaycan Prezidentinin dəfələrlə beynəlxalq tribunalardan Ermənistanın Azərbaycanın ərazilərinin 20 faizini işğalda saxlaması ilə kifayətlənməyərək yeni müharibəyə hazırlaşması ilə bağlı çağırışlarına da ciddi adekvat reaksiyalar müşahidə olunmadı. Nəhayət, ötən ilin 27 sentyabrında ağzınlaşmış, “ərköyünləşmiş” işğalçı Ermənistan növbəti dəfə Azərbaycan ərazilərinə, mülki insanların yaşadığı məntəqələrə növbəti hərbi təxribatını həyata keçirdi. Buna cavab olaraq özünün hərbi imkanlarını müasir səviyyədə təşkil etmiş, güclü orduya sahib Azərbaycan Ali Baş Komandanın əmri ilə əks hücum əməliyyatına başladı. 44 gün ərzində işğalçı Ermənistanın 90-cı illərdən bu yana xalqımızın başına gətirmiş bütün müsibətlərinin heyfi alındı. Düşmən məğlub edildi. Nəticədə işğalçı Ermənistan 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza atmalı oldu. Azərbaycan bununla BMT-nin və digər təşkilatların ərazilərimizin işğaldan azad olunması ilə bağlı çıxardığı qərarları təkbaşına icra etdi. Sözsüz ki, 10 noyabrda əldə edilmiş razılaşma ilə Ermənistan öz üzərinə mühüm öhdəliklər götürüb. Amma o, bu öhdəlikləri icra etməkdən boyun qaçırır. Sözsüz ki, bu proses də sona qədər davam edə bilməz. 44 günlük Vətən müharibəsində Ermənistanı tarixi ərazilərdən qovub çıxaran Azərbaycan onu sülh müqaviləsi imzalamağa da məcbur edəcək. Bunun üçün ölkəmizin əlində mühüm rıçaqlar var. Qarşı tərəf bütün bunlardan dərs çıxarmalıdır.
- Ermənistanın Kollektiv Təhükəsizlik Müqaviləsi Təşkilatına sədrlik dövrü başlayır. Bu, qarşı tərəfdə hansısa “ümid”lərə səbəb ola bilər?
- Biz 44 günlük müharibə dövründə və ondan sonrakı məsələlərdə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi etdiyi çağırışların cavabsız qaldığını müşahidə etdik. KTMT-da təmsil olunan dövlətlərin Ermənistandan başqa hamısının Azərbaycanla bu və ya digər səviyyədə münasibətləri var. Eyni zamanda bu təşkilata sədrlik Ermənistana hansısa bir qərarların qəbul edilməsi baxımından əlavə üstünlük qazandıra bilməz. Çünki verilən qərarlar təşkilatın rəhbərliyinin iradəsi ilə formalaşmır. Eyni zamanda bu təşkilatda aparıcı mövqeyə sahib olan dövlətlər birbaşa olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. 44 günıük Vətən müharibəsində də bu fikirlər açıq şəkildə ifadə olundu. Vuğrulandı ki, hərbi əməliyyatlar Azərbaycanın dünya birliyi tərəfindən tanınan, qəbul edilən əraziləri daxilində baş verir. Ona görə də, bura kənar müdaxilələrin olması mümkün deyil. Sözsüz ki, Ermənistanda hələ də mövcud olan bəzi revanşist qüvvələr və onların havadarları bunu da özləri üçün sanki bir “fürsət” və “təsəlli” kimi qəbul edir. Amma reallığı dərk etməklə, prosesləri analiz etməklə həqiqətin necə olduğunu aydınlaşdırmaq elə də çətin deyil. Paşinyan KTMT-nin baş katibini Yuri Xaçaturovu hakimiyyətinin elə ilk dövründə həbsə atdırmışdı. Sonradan onun özünə bu məsələdə tutduğu mövqeyə görə, həmin təşkilat tərəfindən çağırışlar və tələblər edildi. Bu baxımdan KTMT-ə Ermənistanın sədrliyi sadəcə olaraq bir prosedur qaydası kimi başa düşülməlidir. Burada Ermənistanın təkbaşına verəcəyi hər hansı bir qərardan söhbət gedə bilməz.
- Gorus-Qafan yolu və digər məsələlərdə Azərbaycanın Ermənistana, digər tərəflərə verdiyi mesajın yaratdığı reallığı necə şərh etmək olar?
- Azərbaycan öz suveren ərazisində istənilən formada hərəkət etmək haqqına sahibdir. Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində tətbiq etdiyi inzibatı tədbirlər hüquqa əsalanır. Beynəlxalq hüquqda yük və nəqliyyat daşımalarında hansı qaydalar, prosedurlar tətbiq olunursa, Azərbaycan da öz ərazisində, sərhədlərində analoji addımları atacaq. Ölkəmiz öz ərazi bütövlüyün təmin edib. İranla Ermənistanla dövlət sərhəd xətti təmin olunub. Hazırda Ermənistanla olan sərhəd xətti boyu delimitasiya və demarkasiya prosesləri icra edilir. Həmçinin Ermənistanın Azərbaycanla SSRİ-i dövründə olan sərhəd xətti var. Bunu erməni baş nazir Nikol Paşinyan da hökumətin iclasında açıq şəkildə etiraf edib. Bu mənada Gorus-Qafan yolunda Azərbaycan tam qanuni olaraq özünün inzibati tədbirlərini görür. Ölkə ərazisinə daxil olan hər bir yük və şərnişin avtomobili mütləq ki, müvafiq icazə ilə hərəkət etməlidir. Bunun əksinə olan hallar qanunsuzdur. Bu günlərdə bir qrup xarici ölkə vətəndaşının Azərbaycanın icazəsi olmadan Xankədinə səfəri ilə bağlı faktlar aşkar edildi. Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi bəyanatı var. Bu cür qanunsuzluğu edənlər arzuolunmaz şəxslər siyahısına daxil edilməklə onların Azərbaycan ərazisinə daxil olması qadağan olunur. Bununla bərabər hazırda Azərbaycanın hər bir imkanı və hüququ var ki, ölkə ərazinə daxil olan qanunsuz yük maşınları və digər məsələlər bağlı sərt tədbirlər görsün. Bu hər bir dövlətin suveren hüququdur.