21 Sentyabr 2021 11:38
9 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan xarici siyasət gündəliyində bölgədə sülhün bərqərar edilməsi məsələsi yer alır, bu məsələ rəqiblərlə edilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Qurgen Arsenyan jurnalistlərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasını şərh edərkən bildirib.

Arsenyan Ermənistan və Gürcüstan baş nazirlərinin şəxsi söhbətində iştirak etmədiyini söyləyib, amma Nikol Paşinyan hökumətinin qarşıdakı beş il üçün nəzərdə tutulan proqramını xatırladıb:

“Bu sənəddə Ermənistanın barışıq məsələsini gündəmə gətirdiyi açıq şəkildə göstərilir. Bu gündəmi müzakirə etməli olduğumuz rəqiblər (Türkiyə və Azərbaycan) bizim qonşularımızdır. Amma onlarla ya heç bir əlaqəmiz yoxdur, ya da gərgindir”.

Onun sözlərinə görə, Ermənistanda daha sabit və başadüşülən təhlükəsizlik mühiti formalaşdırmaq üçün bu məsələ təhlükənin gəldiyi mövzular istiqamətində müzakirə olunmalıdır.

Deputat qeyd edib ki, bu məsələlər məhz qonşularla müzakirə edilməlidir, digər dövlətlərlə yox:

“Əlbəttə, bunları Efiopiya və ya Cənubi Koreya ilə müzakirə etməyəcəyik”.

Ərdoğanın qeyd etdiyi müsbət addımlar barədə soruşulduqda, Arsenyan İrəvanın artıq belə bir addım atdığını iddia edib.

Bundan əvvəl Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorkyan Türkiyə prezidentinin açıqlamasını şərh edərkən bildirib ki, hazırda iki ölkənin rəsmiləri arasında heç bir əlaqə yoxdur, amma rəsmi İrəvan müzakirələrə hazırdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl Gürcüstan baş nazirinin erməni həmkarı Nikol Paşinyanın görüş keçirmək təklifini ona çatdırdığını bildirmişdi. Ərdoğan qeyd edib ki, əgər Ermənistan Baş naziri Nikol Paşinyan onunla görüşmək istəyirsə, o zaman Ermənistan müsbət addımlar atmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər