“Azərbaycan 44 günlük Vətən müharibəsində böyük ölçüdə Qarabağdakı separatizmi bitirdi. 30 illik işğal dövründə Azərbaycan xalqı bir çox çətinlik və təzyiqlərlə üzləşdi, amma sonda doğru tərəf olaraq bu haqsızlığa qalib gəldi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Ramiyə Məmmədova deyib.
Ekspertin fikrincə, 44 günlük müharibə həm daxili, həm də xarici düşmənləri Azərbaycana yaxından tanıtdı: “Vətən müharibəsində dostlarımızın düşmənlərimizdən az olduğunu gördük. Məlum oldu ki, Azərbaycanın uğurları heç də bütün yaxın və uzaq tərədaşlarımızın, qonşularımızın hamısının ürəyincə deyilmiş.
Azərbaycan Qafqaz regionunun həm siyasi, həm də iqtisadi baxımdan ən öndə gedən dövləti olmaqla bərabər, çoxmillətli, çoxdinli, çoxdilli, ən müxtəlif etnik qrupların nümayəndələrinin yaşadığı unikal coğrafi, geosiyasi və mədəni məkandır. Şərq sivilizasiyasının dünya və Avropaya, yaxud əksinə keçidi üçün Azərbaycan həmişə körpü rolunu oynayıb. Azərbaycanda tarixən bütün xalqlara, mili azlıqlara və etnik qruplara tolerant münasibət bəslənib.
Azərbaycan dövləti bu yöndə ardıcıl və doğru milli siyasət yürüdüb, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib. Bu nəaliyyətlərdən biri də Vətən müharibəsi zamanı bütün milli azlıqların yaşadıqları torpaq - öz vətənlərinin bütövlüyü uğrunda verdikləri savaşdır. Çoxmillətli Azərbaycan xalqı bu savaşda separatizmə və terrorizmə qarşı çiyin-çiyinə döyüşdü. İnkişaf etmiş dünya gördü ki, Azərbaycanda multikultural dəyərlərə necə sadiqlik və qarşılıqlı hörmət var.
Buna baxmayaraq, təəssüflə qeyd etmək lazımdır ki, müharibə zamanı və bundan sonra Azərbaycana zərər vermək üçün daxildə qarışıqlıq yaratmaq istəyənlər də az olmadı. Bununla belə, bizi ittiham qarşısında qoymaq istəyənlər Şuşada keçirilən Zəfər bayramında ölkəmizdəki tolerantlığın ən parlaq nümunəsini gördülər. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan multikultural ölkədir, milli azlıqların bütün haqları ali qanunvericiliklə qorunur və təmin edilir. Sadəcə olaraq, bu gün güclənən Azərbaycanı qəbul etmək istəməyənlər işlək olmayan “etnik kartı” yenidən ortaya atmaq və ölkəmizi qarışdırmaq istəyirlər. Bu yaxınlarda AŞPA-ya göndərilən cızma-qara sənədə baxsaq görərik ki, bu ilmələr hardan və kimlər tərəfindən atılıb”.
Ramiyə Məmmədova qeyd edib ki, bunlar Azərbaycanda istədikləri və ona diktə etməyə çalışdıqları siyasətə müsbət rəy ala bilməyənlərin bədnam niyyətləridir:
“Təəssüf ki, onların arasında özünü “yaxın qonşu” və “tərəfdaş” adlandıranlar da var. Onların məqsədi Azərbaycanın inkişafına və güclənməsinə əngəl olmaq, haqq işinə kölgə salmaqdır. Öz ölkələrində yaşayan millətlərin heç bir hüququnu tanımayan, onları rənglərinə, dinlərinə və mədəni irsinə görə təqib edənlər, öz dillərində nəinki təhsil almağı qadağan edən, hətta danışmağa belə icazə verməyənlərin bizi “fakt” qarşısında qoymaq cəhdi də başqa bir komediyadır. Əlbəttə, onların bu bədam səylərinin uğursuzluqla nəticələnəcəyinə əminəm. Çünki biz dövlət və millət olaraq ölkəmizdə yaşayan hər bir kəsi özümüzdən ayırmırıq, ayırmamışıq.
Azərbaycanda heç vaxt milli azlıq problemi olmayıb, innən belə də olacağını düşünmürəm. Azərbaycanda yaşayan bütün millətlərin bir-biri ilə qohumluq əlaqələri var, bizi həm də mənəvi və dini bağ da bir-birimizə bağlayır. Özünü “şir” adlandıran, bizi isə görmək istəməyənlər unutmasınlar ki, onlar kimlərin torpaqlarında dövlət olublar və ya onları kim dövlət edib. Bunu çox yaxşı bilirlər”.