“İran Qarabağ münaqişəsinin bitməsini və iki ölkə arasında barışığın əldə olunmasını istəmir. Tehran anlayır ki, Zəngəzur dəhlizinin açılması Ermənistanı Türkiyə və Azərbaycana yaxınlaşdıracaq. Qarşılıqlı əlaqələrin bərpası bölgədə sülh və barışığı qaçılmaz edəcək. İran türk dünyasının quru yolla birləşməsini istəmir. Zəngəzur dəhlizinin açılması isə Türkiyə ve türk dünyasının birləşməsində körpü olacaq. İran rejimi və paniranistlər bunu həzm edə bilmir”.
Güney Azərbaycandan olan milli fəal, Kanada Vəkillər Kollegiyasının məsləhətçisi Hüseyn Türkellinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- İranın Azərbaycana qarşı son davranışları haqda fikriniz nədir: Tehran niyə həmişə işğalçının yanındadır?
- Təəssüf ki, son bir əsrdə İranda hökm sürən şovinizm türklərə qarşı nifrət, fars millətçiliyini digər millətlərdən üstün görmə alqısı aşılayıb. Türkə nifrət onlarda xroniki xəstəlik halını alıb. Bu da türklərin 1000 ildən çox bir dönəmdə İrana hökmranlıq etməsi ilə bağlıdır. Farslar Sasanilərdən bəri güclü və güvənə biləcəkləri dövlət qura bilməyiblər, onların belə bir dövlətçilik tarixi yoxdur. Son yüz ildə fəxr edə biləcəkləri dövlət, daha doğrusu Pəhləvilər olub. Pəhləvilərin qurduqları dövlət isə qondarma idi, çünki ingilislərin “marionetka”sı olub. Fars müəlliflərinin yazdıqları tarixi kitablarda Azərbaycan, Gürcüstan və digər bölgələrin “İran ərazisi” olduğu kimi qondarma iddialar yer alır. Bu gün də toplumda hökm sürən bu cahillik gerçəkləri öyrənməyə imkan vermir.
İran toplumunda Azərbaycan və Türkiyəyə qarşı kin-küdurətin səbəbi türklərə nifrətlə bağlıdır. Türklərdən beyinlərinə yeridilmiş 1000 illik əsarətin heyfini çıxmaq istəyirlər. İkinci fundamental səbəb isə, Güney Azərbaycan və İran adlanan coğrafiyada türklərin çoxluq təşkil etməsidir. Birinci Qarabağ savaşında İran və Rusiyanın birbaşa və açıq dəstəyi nəticəsində Azərbaycan ərazilərinin işğal edilməsi, Güney Azərbaycanda ağır sosial-psixoloji depressiya yaratmışdı. Fars rejiminin də istəyi budur: Güney başını qaldırıb Quzeyə baxanda utansın. Amma İkinci Qarabağ savaşında Azərbaycanın qazandığı uğur xalqın milli qürurunu özünə qaytardı. İndi Güney başını qaldırıb Quzeyə baxanda qürur duyur. İran da bundan narahtlıq keçirir. Buna görə də, bütün imkanlarını Azərbaycanın zəifləməsinə, Ermənistanın isə güclənməsinə səfərbər edib.
Təbii ki, İran Qarabağ münaqişəsinin bitməsini və iki ölkə arasında barışığın əldə olunmasını istəmir. Tehran anlayır ki, Zəngəzur dəhlizinin açılması Ermənistanı Türkiyə və Azərbaycana yaxınlaşdıracaq. Qarşılıqlı əlaqələrin bərpası bölgədə sülh və barışığı qaçılmaz edəcək. İran türk dünyasının quru yolla birləşməsini istəmir. Zəngəzur dəhlizinin açılması isə Türkiyə ve türk dünyasının birləşməsində körpü olacaq. İran rejimi və paniranistlər bunu həzm edə bilmir.
Bundan başqa, Ermənistan və Qarabağ İrana həm də beynəlxalq sanksiyaların zərərlərini kompensasiya etmək, bu məqsədlə “çirkli pullar”ını yumaq, qanunsuz silah ve narkotiklərin dövriyəsi üçün lazımdır. Bu işdə SEPAH-ın fəal olduğunu deyə bilərəm. Bu çirkli fəaliyyətləri SEPAH-ın qurduğu “özəl” şirkətlər və qurumlar həyata keçirirlər. Buna görə də, İran Azərbaycanın Qafan-Gorus yolunda polis postu qurmasına bu qədər aqressiv təpki verir. Çünki bundan sonra çirkin əməllərini həyata keçirə bilmir.
- Güney Azərbaycan türklərinin milli haqları tapdanan İranda yaşayan azsaylı ermənilər üçün hansı haqlar tanınır, onlara nə kimi imkanlar yaradılır?
– Ermənilərin öz dillərində təhsil almaları tam təmin edilib. İran rejimindən onlara çox özəl və mübət münasibət var. Bunu da, necə deyərlər, bizim acığımıza edirlər. Məsələn, indi yəhudilərlə savaşsaq, fars rejimi onları dəstəkləyəcək. Yəni düşmənimiz kimdirsə, İran onunla dostluq edəcək və edir. İndi ermənilərlə problemlərimiz var deyə, fars rejimi Azərbaycana münasibətdə “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə hərəkət edir. Yəni İranda ermənilərlə bağlı hər hansı məhdudiyyətlər yoxdur. Bağçalardan tutmuş, ali məktəblərədək sərbəst şəkildə öz dillərində təhsil alırlar. Kilsə və bizneslərinə də “yaşıl işıq” yandırılıb.
- Ötən günlərdə kürd yaraqlılarının Güney Azərbaycanda türklərə hücum etmələri barədə məlumat yayılır. Bundan əvvəlki vaxtlarda da belə olmuşdu. Bu hücumlardan məsuliyyət daşıyan PKK terror təşkilatının İran qanadı - PJAK-ın bu fəallığı nədən qaynaqlanır?
- PKK və ya PJAK post-molla rejimi dönəminə hazırlıq görür. Silahlı təzyiqlər və terrorla azərbaycanlıları öz yurdlarından didərgin salmağa və bu bölgəni kürdləşdirməyə çalışırlar. Nədənsə, PJAK-ın silahlı terrorları nəticəsində yalnız İran ordusunda xidmət edən azərbaycanlı əsgərlər öldürülür. Sanki “Tehranla mübarizə” elə planlaşdırılıb ki, bizim gənclər həlak olsunlar. Farslar və başqalarına heç nə olmur. O da maraqlıdır ki, PJAK nədənsə bütün mübarizəsini Azərbaycanın qərbinə yönəldib. Kürdüstan əyaləti deyilən yerdə heç nə etmirlər.
- Bəs İran niyə öz ərazilərində PKK-nın bu fəaliyyətinə “yaşıl işıq” yandırır və ya Güney Azərbaycanı kürdləşdirmək istəyir?
- İran rejimi bir oxla iki quş vurmağa çalışır. Kürd-türk münaqişəsini körükləməkə bu xalqları zəiflətmək ve fars şovinizminə bağlı qalmaq məcburiyyəti yaratmaq istəyir. Ayrıca, son 40 ildə mühacir kürdləri Qərbi Azərbaycana yerləşdirməklə Güney Azərbaycanla Türkiyə və Naxçıvan (Azərbaycan) arasında “ət divar” çəkməyə çalışır. İran rejimi bunun üçün kürdlərə geniş maddi imkanlar yaradıb. İş o yerə çatıb ki, İraq və Türkiyə sərhədlərində qaçaqmalçılıq Tehran tərəfindən “rəsmiləşdirib”. Hətta bu “iş”lə məşğul olanları sığortalarla təmin edirlər.
Şimali İraqdakı Bərzani rejiminə bağlı terror təşkilatları SEPAH-la birlikdə hərəkət edirlər. PJAK və PKK da bu fürsəti əldən vermir. Bölgədə gərginlik yaratmağa çalışırlar. Ayrıca, fars rejimi Azərbaycanın bir sıra bölgələrini ayırıb Kürdüstana verməyə cəhd göstərir. Tehran bununla həm də dünyaya o mesajı verir ki, “Mən olmasam bölgəni qan bürüyər”. Bununla da, “anarxiya pis rejimdən daha pisdir” təəssüratı yaratmaq və öz ömrünü uzatmaq istəyir. Təəssüf ki, kürdlər də bu oyunda İranın xeyrinə oynayırlar. Güney Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməyən kürd təşkilatı və qurumu yoxdur. Hamısı bir ağızdan Urmiya, Sulduz, Xoy və digər əraziləri “kürd torpaqları” adlandırır.
- Bəs silahlanmış kürdləri bir yerə toplamaq sonda İran üçün baş ağrısına çevrilməyəcəkmi?
- İran rejimi hesab edir ki, lazım gəldikdə kürdlərin başını əzə biləcək. İndi onu əsas işi ancaq Azərbaycana problem yaratmaqdır. Türkiyənin də zəifləməsinə çalışır. Onları türklərə qarşı düşmənçilik birləşdirir.
- Baş verənlərə qarşı güneylilərin reaksiyası necədir: mübarizə gedirmi?
- Əlbəttə Güney Azərbaycan bütün bunlara həssas yanaşır və adekavat təpki verir. Bələdiyyə ve parlament seçkilərində özlərinin - türk namizədlərin seçilməsinə nail olublar. Türklər Qərbi Azərbaycanda - Sulduz və ətraf şəhərlərimizdə, demək olar ki, siyasi gücü yenidən ələ almağə bacarıblar. Həsən Ruhani dönəmində bələdiyyələr, parlamentdəki yerlər və valiliklər kürdlərin əllərinə keçmişdi. Amma durum getdikcə lehimizə dəyişir. Eyni zamanda, kənardan gəlmə kürdlərin davranışlarına da lazımi təpki verilir.
Təbii ki, mübarizə davam edir. Məhdud imkanlar, ağır təzyiqlər və kənardan hansısa dəstəyin olmamasına baxmayaraq, hərəkat öz sivil mübarizəsini qərarlı şəkildə aparır.
-Bəs İran Azərbaycan türkləri ilə yanaşı, öz ərazilərində yaşayan ərəblər və bəlucları niyə hədəfə alır?
- Ərəblər və Bəluclar da öz etnik haqları, milli azadlıqlarını tələb edirlər. Amma şovinist molla rejimi onları da bütün insan haqları və azadlıqlarından məhrum edib. Rejim onları da özünə qarşı təhlükə sayır və bütövlükdə fars olmayan bütün xalqların məhvinə çalışır. Bəlucların etnik mənsubiyyətindən başqa, məzhəb problemləri də var. Sünni olduqlarına görə ağır təzyiqlərə məruz qalırlar. İran adalanan ölkədə sünni olmaq “ikili risk” deməkdir. Həm bəluc, həm də sünni olduqlarına görə Bəlucistanda qorxunc müstəmləkəçilik siyasəti həyata keçirilir.
- İranda hakimiyyətə gəlmiş mühafizəkarlar ölkəyə nə vəd edir: İbrahim Rəisi dönəmində nələr ola bilər?
- Müsbət və ya ciddi dəyişikliyin olacağını düşünmürəm, çünki İranda prezident də dini rəhbərin əsgəridir. Prezident onun iradəsinin əksinə gedərək, nə xarici siyasət, nə də ölkə iqtisadiyyatı üçün nəsə edə bilər. eyni zamanda, milli təhlükəsizliklə bağlı müstəqil addım atması da mümkün deyil. “İslahatçılar” kimi mühafizəkarlar da Xameneyinin əmrlərini qeyd-şərtsiz yerinə yetirirlər. Sadəcə “islahatçılar” xarici güclərə qarşı müəyyən manevrlər edərək, dinis-siyasi rejimin ömrünü uzatmağa çalışırlar. Rəisi – “edam mütəxəssisi” isə bunu daha kobud formada etmək istəyir.
- İranın nüvə proqramı ətrafında da maraqlı gəlişmələr yaşanır. Tehran Beynəlxalq Atom Agentliyinin nüvə təsisatlarına araşdırma aparmasına mane olur. ABŞ-dan verilən son açıqlamada bildirildi ki, danışıqlar da nəticə verməyəcək. Üstəgəl, İsraildən də sərt açıqlamalar gəlir. Sizcə, İranın nüvə silahı əldə etməsinə hansı şəkildə mane olacaqlar?
- Dünya birliyi, xüsusilə İsrail İranın nüvə gücünə çevrilməsinə mane olmaq üçün lazım olan hər şeyi edir. Bir məlumata görə, İranın nüvə mərkəzlərində nəzarəti Tehranın əlindən çıxmaq üzrədir. Natanzdakı sentrifuqaların çoxu sıradan çıxıb. İranın nüvə silahına yiyələnməsi ehtimalı ən çox da haqlı olaraq İsraili narahat edir. Çünki İran aşkar formada İsrailin məhvinə yönəlmiş çağırışlar edir. Buna görə də İsrail ona mane olmaq istəyir. İsrail İranın nüvə mütəxəssislərini də fiziki olaraq məhv etməkdən çəkinmir. Lazım gəldikdə nüvə mərkəzlərini də bombalaya bilər.
İsrail bir neçə dəfə İranın hərbi mərkəzlərini raketlə vurub. Xameneyi rejimi isə bunu iqtidarına zərbə olar deyə gizlədir və ya “qəza” kimi qələmə verir. Buna cavab vermək gücü, cəsarəti, tekniki və hərbi imkanı olmayan İran ordusu isə gəlib Araz qırağında bizə “gücünü” göstərməyə çalışır. “İsrail qarşıdakı 25 ildə yox olacaq” şüarı ilə Araz qırağında bizim Məmmədhəsən əmilərə “əzələsini” göstərir. Bunlar cılız, təsirsiz gedişlərdir. Çünki bununla heç nəyə nail ola bilməyəcəyini hamıdan qabaq özü bilir.