“Lavrovun həmsədrlərin fəaliyyətlərini bərpa etməsinin və onların bölgəyə səfərə hazırlaşmalarının da Azərbaycana xeyri yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiya xarici işlər nazirinin bölgədəki son gəlişmələrlə bağlı açıqlamasına diqqət çəkib:
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında Qarabağla bağlı iki fikir söyləyib. Birincisi, Lavrov deyib ki, 2020-ci il noyabrın 9-dan keçən müddətdə başlıca nəticə ondan ibarətdir ki, stabillik təmin olunub, qorunub saxlanılır və Rusiya sülhməramlı kontingenti buna imkan yaradır, hansısa zorakı hərəkətləri biz hazırda müşahidə etmirik. İkincisi, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri fəaliyyətlərini bərpa ediblər, Azərbaycan, Ermənistana və Qarabağa səfərə hazırlaşırlar.
Sergey Lavrovun səsləndirdiyi hər iki fikrin bizə faydası yoxdur. Bəli, bölgədə sakitlik bərpa olunub, ancaq Laçın dəhlizinə nəzarət edilmir, kim istəyir, nə istəyir keçirir, üstəgəl də rusiyalı hərbçilərin Qarabağdakı separatçıları tərksilah etmək planları yoxdur.
Rusiyalı baş diplomatın sözlərindən isə çıxan nəticə odur ki, təki sabitlik olsun, qalan məsələlər onlar üçün vacib deyil. Azərbaycan torpaqları işğal altında olanda da “təki sakitlik olsun” deyirdilər. Lavrovun həmsədrlərin fəaliyyətlərini bərpa etməsinin və onların bölgəyə səfərə hazırlaşmalarının da Azərbaycana xeyri yoxdur. Prezident İlham Əliyev elə dünənki müsahibəsində bir daha xatırlatmışdı ki, həmsədrlər gəlib nəyi müzakirə edəcəklər, status məsələsi bizim üçün bitib”.