4 Oktyabr 2021 15:18
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Suqovuşan qəsəbəsində və Talış kəndində Azərbaycan bayrağını ucaltması tarixi və rəmzi xarakter daşıyır. Bir il əvvəl 2020-ci il oktyabrın 3-də Tərtərin Suqovuşan qəsəbəsi və Talış kəndi işğaldan azad edildi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq nümayiş etdirərək, strateji əhəmiyyətə malik olan Suqovuşanı azad etməklə mövqelərimizin daha da möhkəmlənməsinə nail oldu. Beləliklə, Azərbaycan strateji yollar və yüksəklikləri nəzarətə götürdü, düşmənin xeyli qüvvəsi təcrid edildi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, müharibənin ilk günlərində əldə edilmiş qələbələrdən sonra strateji əhəmiyyətli Suqovuşan və Talışın azad edilməsi ordumuza, xalqımıza əlavə mənəvi güc verdi:

“Eyni zamanda müharibənin gedişi də göstərdi ki, Talış və Suqovuşanın azad edilməsi Ermənistan ordusunda ciddi psixoloji sarsıntı yaratdı. Dövlət başçısının da söylədiyi kimi, bu qəsəbə müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Düşmən isə bizim bu istiqamətdən hərəkətə keçəcəyimizi bilirdi. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Bununla belə, Azərbaycan Ordusu bu istehkam və müdafiə xəttini yararaq düşməni darmadağın etdi”.

Millət vəkili söyləyib ki, ötən bir il ərzində Suqovuşanda bərpa prosesinin sürətinə diqqət çəkmək vacibdir:

“Qısa vaxtda “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı həyata keçirildi. Bu gün Azərbaycan Suqovuşan su anbarına nəzarəti təmin edib. Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonların su təminatı problemi həllini tapıb. Əvvəlki illərdə Suqovuşan su anbarına nəzarət edən ermənilər ekoloji terror törədirdi. Bu məsələ dəfələrlə AŞPA-da müzakirəyə çıxarılıb, hətta məruzə də qəbul olunmuşdu. Amma düşmən buna məhəl qoymayaraq, terror siyasətini davam etdirirdi”.

Könül Nurullayeva vurğulayıb ki, 44 günlük tarixi savaş zamanı Azərbaycan regionda ekoloji terrorun da kökünü kəsib:

“Bu gün işğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarının idarə olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Eyni zamanda Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışı oldu. Eyni zamanda Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlinin qoyulub. Azərbaycanın qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə müasir yol infrastrukturunun yaradılması istiqamətində reallaşan işlərin real nümunəsidir”.


Müəllif: Tapdıq Qurbanlı