4 Oktyabr 2021 18:14
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev müharibənin bitdiyini, o səhifənin bağlandığını və yeni səhifənin açıldığını bəyan edib. Dövlət başçısı Paşinyanla danışıqlara hazır olduğunu və qarşı tərəfin belə bir niyyəti olarsa, görüşəcəyini bildirib. Paşinyan isə görüşə əlində olan bütün mina xəritələrini gətirəcəyini söyləyib. O, hazırda Azərbaycanda olan bütün “hərbi əsirlərin” mina xəritələri müqabilində dəyişdirilməsini istəyir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, burada qəbul olunmaz və aydın olmayan bir neçə məqam var:

“İlk növbədə fakt odur ki, Azərbaycanda “hərbi əsir” yoxdur. Hazırda həbs olan ermənilər müharibənin bitdiyi elan olunduqdan sonra Azərbaycanın ərazilərinə təxribat törətmək məqsədləri ilə daxiil olan diversantlardır. Ona görə də hazırda həbsdə olan ermənilər heç bir şəkildə “hərbi əsir” ola bilməz. Amma Azərbaycan öz humanistliyini nümayiş etdirərək saxlanılanların müəyyən hissəsini üç rayonun minalanmış ərazilərin xəritləri ilə dəyişdi. Nəticədə məlum oldu ki, Ermənistanın bizə verdiyi minalanmış ərazilərin xəritələri heç də reallığa uyğun deyil və ancaq 25 % dəqiqliyi var. Ermənistanın bundan sonra da verəcəyi deyilən minalanmış ərazilərin xəritələrinin dəqiqliyinin neçə faiz olacağı heç kimə məlum deyil”.

Millət vəkili hesab edir ki, Azərbaycanın xoş niyyətli təklifini erməni tərəfi qəbul etməlidir:

“Çünki, Ermənistanın gələcəyi ancaq Azərbaycanla əməkdaşlıqdan keçir. Ermənistan tərəfi başa düşməlidir ki, Azərbaycanın torpaqlarını işğal etdiyi 30 ildə heç nəyə nail ola bilməyib. Əksinə bu illər ərzində ancaq itiriblər. Azərbaycanla düşmənçilik davam etdikcə çox şeyi itirəcəklər. Onlar anlamalıdırlar ki, gecikdirdikləri hər gün Ermənistanda böhranı və iflası daha da dərinləşdirir".


Müəllif: Tapdıq Qurbanlı