8 Oktyabr 2021 09:05
1 807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb

Onunla müsahibəni təqdim edirik:

- Zahid müəllim, 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni reallıqlar bir çoxları üçün asanlıqla həzm edilmir. Məğlub və qalib Azərbaycana olan fərqli yanaşmaların səbəbləri nədir?

- Vətən müharibəsindəki qələbə təkcə ərazi bütövlüyü təminatı, suverenliyin gerçəkləşdirilməsi, separatizmin məhv edilməsi, müxtəlif başqa xarakerli cinayətkar, regional, beynəlxalq planların ortadan qalxması deyilmiş. Eyni zamanda bölgədə uzun on illər işğal üzərində qurulmuş siyasətin onlarla dövlətin mənafelərinə uyğunluğunu millətimiz üçün ortaya qoydu. Bəlli oldu ki, məğlubiyyətə uğradılmış, bütövlüyünə qəsb edilmiş ölkə daha çox bölgə və digər dairələr üçün sərfəli olub, nəinki qalib Azərbaycan . Bir çoxlarına qorxu mənbəyi, həyacan faktoru, narahatlıq ünvanı, daxili, xarici qüvvələrin səfərbərlik predmeti olub. Bunu sadə dilə çevirsək, məğlub Azərbaycan bir çox qüvvələrə fərqli bir obrazda görünürmüş.

İndi isə 30 il ərzində ədalətsizliyə qarşı döyüşən bir ölkə mütləq və mütləq bir dairələr üçün nümunəyə çevrilir. Bu obraz üzərindən daxildə milli etnik faktorlar öz qüvvələr nisbətini dəyişdirə bilər. O cümlədən, 70-dən artıq ərazi bütövlüyü məsələləri üzrə savaşan dairələr və dövlətlər, vətəndaş müharibəsi, xarici təcavüz, dövlətlərarası savaşlar və sair kontekstində mövcuddur. Bütün bunların hamısı onu deməyə imkan verir ki, Azərbaycanın yaratdığı reallıq yalnız regional kontekstdə deyil, bu, daha böyük məkandadır. Eyni zamanda daha geniş coğrafiyanı əhatə edir. Əslində bu, bir dünya faktorudur. İllər ərzində Qarabağ məsələsi zəncirvari separatçı hərəkatlara yön vermişdi və onun təkanına çevrilmişdi. Bunun ardınca Osetiya, Abxaziya problemləri, ondan sonra Dnestryanı ərazilər, Yaxın Şərqdəki problemlər, hətta ərəb dalğasında dövlətlərin xarici güclərin iştirakı, o cümlədən Əfqanıstanın anti-terror mübarizəsi adı altında beynəlxalq koalisiya qüvvələri tərəfindən tutulması qeyd etdiyimiz Qarabağ hadisəsinin törəməsi idi.

- Yeni dönəm hansı prinsipləri diktə edir?

- İndi isə reallıqda Azərbaycan bu pandoranı, yeşiyi bağlayır və özünün bötövlüyünə nail olur. Bir çoxları düşünürmüş ki, zəif, yaralı, gücü müəyyən qədər sarsılmış, daha çox özünün iqtisadi, insani, sosial, diplomatik, informativ, elmi gücünü yalnız bu məsələyə sərf edən dövlət birdən-birə başını qaldırıb dikəldə bilməz. Bilirsiniz, dikələn fəqərə yalnız fərdlər üçün deyil. Bu, bir millət gücü yaradır. Bölgə miqyasında geopolitik, geoiqtisadi, hərbi təhlükəsizlik dinamikasını dəyişdirir. Bu, həqiqətən də böyük bir məsələdir. Çünki bu region tektonik bir süxurdur. Buradakı dinamika digər siyasi coğrafiyalara təsir edir. Azərbaycan dövləti bu illər ərzində reallıqlar çərçivəsində üçüncü güclərin qəti bir şəkildə satelliti, forpostu, əlaltısı, məxfi görüş meydanı olmayıb. Bu gün hər kəsə bəllidir ki, müxtəlif ölkələr hansı statusdadır, müstəqillikləri elan olunsa da bu, kifayət qədər formal xarakter daşıyır. Müstəqilliklərinin real bir məzmunu belə yoxdur. Bu gün isə müstəqil ölkə faktoru var. Azərbaycan ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən müstəqil ölkə kimi yönləndirilməsini özündə ehtiva edir. Bugünkü qələbəmiz məhz bunun hesabına təmin edilib. Amma vaxtilə Ermənistanın əldə etdiyi qələbənin onun hərbi gücü hesabına olmadığı da üzə çıxdı. Bu da zəfərimizin növbəti bir nəticəsi hesab oluna bilər.

- 44 günlük müharibə qonşuların Azərbaycana yanaşmasında nəyi və necə dəyişib?

- Vətən müharibəsinin gedişində və ondan sonra Cavad Zərifin dili ilə hətta Rəisinin prezident seçildiyi ilk günlərdən reaksiyalarının bəlli bir forması vardı. İndi artıq hərəkətə keçib Naxçıvana hərbi təyinatlı yükləri və təyyarələri qadağan etmək qərarı arasında qətiyyən bərabərlik işarəsi qoya bilmərik. Görünür, Cəbrayıl müəyyən qüvvələrin gözündə İsrail kimi görünür. Bu sözün smantikasından daha çox hərfi mənasına varılıb. Digər tərəfdən ölkğ başçısı daha unikal nöqtəyə istinad edərək bütün bu mövzunun mahiyyətini açdı. Dövlət başçısı qeyd etdi ki, Gorus-Qafan yolunda Azərbaycan özünün suverenliyini bərqərar edib, orada artıq dövlət strukturları yerləşib. Bunu Ermənistan da artıq qəbul edir. Belə olan halda üçüncü bir dövlətin, dördüncü bir subyektin, beşinci bir paytaxtın çıxıb Ermənistana “siz bununla razı olmayın!”. Deməsi necə izah oluna bilər? Zəngəzur dəhlizinə Cavad Zərifin dili ilə 3+3 formatına İranın əvvəlki rəhbərliyi müsbət yanaşırdı.

- Bəs sonra nə baş verdi?

- Hər hakimiyyət dəyişəndə dövlət siyasətinin dəyişməsi doğru bir məntiqə sığmır. 10 illər ərzində biz həmin ərazilərdə müxtəlif təhlükələrin və bəşəriyyət üçün problemlərin olduğunu, cinayətkar əməllər, qaçaqmalçılıq, silah, narkotik alveri kimi məsələləri qeyd edərkən belə bir reallıq ortaya çıxır. Bu gün mürəkkəb teokratik quruluşa sahib olan İranda son dövrlər İnqilab Keşikçiləri çevrəsindən və yaxud da generalitetdən olan nümayəndələr ön planda gəlir. Axı İranda silahlı qüvvələrin ağırlıqlı bir ölkə olmadığını biz yaxşı bilirik. O zaman bu nə deməkdir? İndi o boz məkanlar qapadılır. Azərbaycanın həmin ərazilərə qanunçuluq gətirməsi, görünür, bir sıra qüvvələri külli miqdarda qazancdan məhrum edir. Deməli, məsələnin mahiyyəti məhz budur. Nəticə etibarı ilə İranın dövlət mənafeyi kimi qələmə verilən hadisə özü-özlüyündə başqa fərdlərin özəl planlarına və niyyətlərinə bağlıdır. Ancaq bu şəraitdə belə Prezident İlham Əliyev soyuqanlı davranışla seçildi. Yenə də qələbəmizin hamı ilə paylaşılması, məkanın açılması, coğrafiyada sülhün, təhlükəsizliyin hamının nemətinə çevrilməsi platformasında dayanır. Bu, çox vacib bir məqamdır. Biz İranın və digər dövlətlərin ərazi bütövlüyünə təcavüz aktı, hansısa bir dövlət rəsmilərinin dilindən, hərəkətləri ilə mövqe ortalığa qoyulduğunu görməmişik.

- Naxçıvanı müəyyən bir izolyasiya şəraitinə daxil etməklə kim, nə qazanacaq?

- Digər yandan İKEA təşkilatının məlum qərarları ilə Ermənistan artıq hava dəhlizini bütövlükdə Azərbaycanın üzünə açıb. Eləcə də qarşılıqlı bu cür uçuşlar həyata keçirilə bilər. Artıq arzuladığımız kommunikasiyaların açılması hava məkanında baş verib. İndi buna görə nə istənəcək? İstəyəcəklər ki, bunu da qapat, keçmişdəki kimi bir mövqe olsun. İşğaldan sözün bütün mənalarında qazanmaq, indiki halda isə itirmək böyük bir məsələdir.

- Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimlərindən İranın öz narahatlığını necə əsaslandırır?

- Azərbaycan-Türkiyə və Pakistanın hərbi təlimləri qətiyyən İrana hücum planı kimi təqdim oluna bilməz. İranda islam inqilabi baş verəndən sonra İsrail dövlətinin varlığı və ona qarşı bəlli bir münasibətlər müəyyən dövr ərzində inkişaf edib indiki səviyyəyə gəlib çatıb. İran rəsmilərinin dilindən "İsraili yox etmək, yer üzündən silmək" kimi çağırışları da biz müşahidə etmişik. Azərbaycan Prezidenti Qərb-İran, Amerika-İran, Avroatlantik məkan-İran, NATO-İran münasibətlərinin kəskin və sərt dövrlərində, bir sıra hallarda müharibənin bir addımlığında bölgəmizi, sərhədləri, o məkanı anti-İran plastarmı kimi bir barrikadaya çevrilməyib.

- Azərbaycana başqa dövlətlərin müdaxiləsi kimi absurd şərhləri necə qiymətləndirirsiniz?

- Bakıdan, öz paytaxtından idarə edilən Azərbaycandır. Prezident İlham Əliyevin qərarı və liderliyi altında uzun bir yol keçən, bütün xarici təcavüzlərə sinə gərərək özünün dövlət müstəqilliyini qoruyan Azərbaycandır. Əksinə biz onu görməkdəyik ki, bir sıra bölgə və dövlətlər digər kənar güclərin təsirində, nəzarətindədir. Ona görə də, bizim üçün hazırda proseslər, müxtəlif dairələr, "bu iki dövlətin toqquşmasından İrəvan qazanacaq" kimi hesabları kənara qoyaraq bunu, bütün siyasi bəyanatları ən sonda diplomatik yollarla həllinin üzərində mövqelər söylənilməkdədir. Azərbaycanın strategiyası aydındır. Bizim hədəflərimiz tamam başqadır. Bu gün qolumuzu çırmayıb 86,6 min kvadrat km bizə dardır, daha böyük tarixi torpaqlar uğrunda savaş arzuladığımızı demirik. "Azərbaycanın paytaxtı filan şəhərlər olmalıdır" deyə bir ideologiya ilə dövlət siyasəti yürütmürük. Bəli tarix, bizim ruh, siyasi düşüncə, coğrafiyamız çox fərqli ola bilər. Bunu insanlara qadağan etmək mümkün deyil. Amma hüquqi coğrafiyamız BMT tərəfindən tanınmış sərhədlər daxilindədir. Amma məhz onun hər bir guşəsində, kvadratmetrində Azərbaycanın haqları, mənafeləri, vətəndaşımızın konstitusion hüquqları gerçəkləşməlidir. Bu, Azərbaycanın obrazıdır. İndi bizdən şikayət edən, "sərhədləri dəyişdirmək istəyirik" kimi təqdim etməyə çalışırlar. Ermənistanın onların bu şəkildə müdafiəsinə qalxan və yəqin ki, ən yaxın zamanda birgə hərbi təlimlərə də keçə biləcək yanaşmalar görünməkdədir. Bundan sonra hərbi baza yaradılması da istəniləcək. Bu, açıq-aşkar həm də Rusiyanın mənafeyinə qarşı çıxmaq dəməkdir. İran görünür ki, müəyyən mənada 1804, 1805, 1812, 1813, 1827, 1828-ci illərdə baş vermiş müharibənin daxildə müəyyən təbliğatlarla həzm edə bilmədiyini göstərir. Bunu hələ ki, dilə gətirmir. O cümlədən Türkiyə əleyhinə tarixdə məlum olan, 5 əsr davam etmiş mübahisələri hər hansı bir formada Səfəvilər, Səlcuqlar, Osmanlı, İran arasında gedən siyasi situasiyaları XXI əsrin 21-ci ilinə daşımaq istəyir.

- Azərbaycanın apardığı haqlı müharibə niyə başqaları üçün ərazi və mövqe itkisi kimi başa düşülür?

- Azərbaycan bu minillikdə müharibəni sülh üçün aparıb. Biz ərazi işğalları üçün müharibə aparmamışıq. Başqa dövlətlərin suverenliyinə, onu məhv etməyə və dünyada hansısa bir imperiyalar quruculuğu üçün fəaliyyətə cəhd etməmişik. Azərbaycanda da kimlərsə başqa düşüncədə ola bilər. Bu da onun demokratik seçimidir. Məsələnin mahiyyəti məhz budur.

- Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın məhz indiki şəraitdə özünü göstərməsi nəyə hesablanıb?

- Sərkisyan ad olaraq indi informasiya dövriyyəsinə qaytarılır. Onun bəlli formada hakimiyyətdən qovulmasından sonra 2021-ci ilin iyun seçkilərinə də qatılaraq ən aşağı səs aldı. Belə bir fonda Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevə və Prezident İlham Əliyevə siyasi hücum təşkil etməklə dövriyyəyə çıxmaq, özünün varlığını göstərmək cəhdidir. Sərkisyanın hansısa bir formada tərəf olduğunu öz insanlarına və nifrət qazandığı vətəndaşlarına nümayiş etdirmək niyyəti özünü yada salmaq cəhdi idi. Bu mənada Prezident İlham Əliyevin cavabı Sərkisyana fərd olaraq deyil, daha artıq dərəcədə onun kimi düşünənlərə deyilirdi. Dövlət başçısının bu səfərləri 44 günlük Zəfərin təqvim proqramı ilə hərəkət etmək deməkdir. Bu, çox vacib məsələdir. Ölkə rəhbəri Cəbrayılda təməlqoyma mərasimləri ilə onu sübut edir ki, o, həm tariximizi yaradan, həm də yazan bir liderdir. Bunu millətimizlə birgə edir. Cəbrayılda təməlqoyma mərasiminə hamı dəvət olundu ki, bir əllə, çiyinlə, qamətlə hər kəs iştirak etsin. Bu savaşın hərbi dövrü necə idisə, mülki dövrünü də, dövlət başçısının dili ilə desək “bu eranı da uğurla başa vuracayıq”. Müharibə uğurla başa çatdı. Sülh dövrünün quruculuğu da belə davam edəcək.

- Paşinyanın etiraflarını bütövlükdə erməni siyasətinin və cəmiyyətinin fikri kimi başa düşmək nə dərəcədə məntiqlidir?

- Ermənistan içərisində bu gün ən realist düşünən Paşinyan və onun cilovlanmış, korrekt davranmağa çalışan çevrəsidir. Faktiki olaraq bu gün biz onu görməkdəyik ki, hətta müəyyən davranışları fonunda yenə Paşinyan daha realist addımlar atır. İndi o, sərfəli deyil. İrəvanın hazırki rəhbərliyi bir sıra qonşu dövlətlərin maraqlarına cavab vermir. Onlar deyir ki, “yox, sən əvvəlki düşmənçilik, ərazi iddiaları, böyük Ermənistan xəyalları üçün dava et!” Bu başadüşülən deyil. Sual olunur, bu, ermənilərin planıdır, yoxsa başqa dairələrin, güclərin, mərkəzlərin? Bu məsələlər indi üzə çıxır. O qüvvə ki, Azərbaycan torpaqlarını işğalında iştirak edib, 1988-90-cı illər Çevorkovu devirəndən sonrakı dövrdə öz xalqını ağır, faciəli duruma salıblar. Sonradan isə 27 sentyabr 2020-ci ildə əllərində şam meydanlarda anım mərasimlərinə qatılıblar. Sual olunur ki, hansı insanlara öncüllük etmək istəyirsiniz? Razdan meydanında “Miatsum” şüarı ilə çıxıb, 30 il ərzində bölgə, dünya üçün fəlakət yaradan qüvvələr indi nə haqla insanlar önündə addımlamaq istəyirlər? Ona görə də, 27 sentyabrda ermənilərin yandırdıqları zülmət şamı idi. Bu, yol göstərən gələcəyə aparan şam deyildi. Ona görə də, bizim üçün bölgənin reallıqlarını Azərbaycan yaradıb, Ordumuz Qarabağın “statussuz” durumunu bərqərar edib. Liderimiz regionun gələcəyi ilə bağlı ən mühüm doktrinaları, konsepsiyaları qardaş Türkiyə ilə birgə irəli sürməkdədir. Bu proses də uğurlu bir şəkildə davam edəcək. Qarşıda mühüm yeni hadisələr bizi gözləyir. Əminik ki, bundan sonrakı dövr xalqımız qələbəni daha yeni proseslərə transformasiya etməyi bacaracaq.


Müəllif: Tapdıq Qurbanlı