19 Oktyabr 2021 20:14
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağın “statusu” və sərhədlərlə bağlı Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamaları sözsüz ki, heç bir məntiqə sığışmır. Həmçinin Zəngəzur dəhlizi ilə bağlı səslənən fikirlər də tamamilə yersizdir. Hətta onun bir müddət öncə Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonrakı açıqlamaları prosesin daha da irəliyə aparılmasına zərbə kimi qiymətləndirilə bilər.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputatın fikrincə, Zəngəzur dəhlizi ilə bağlı İranla Ermənistanın mövqeləri üst-üstə düşür: “İran Ermənistana sərbəst gediş-gəlişini 30 ildə olduğu kimi, bundan sonra da davam etdirmək istəyir. Eyni zamanda bu ölkə üçün arzuolunmaz hal odur ki, Azərbaycanla Türkiyə arasında mümkün əlaqələr daha da genişlənsin. Çünki Zəngəzur dəhlizinin açılacağı təqdirdə Türkiyə ilə Azərbaycan arasında mövcud nəqliyyat əlaqələri daha da genişlənəcək”.

Millət vəkili hesab edir ki, Gorus-Qafan yolundakı postun digərinin də Zəngəzur dəhlizində qurulması İran üçün heç də arzuolunan bir hal olmayacaq: “Çünki İran yükləri ilə bağlı bu postlarda, keçid məntəqələrində mümkün araşdırmalar və yoxlamalar aparılacaq”.

Elman Məmmədova görə, Qərbin İran və Ermənistanla eyni mövqedən çıxış etməsi bölgədə digər ölkələrin maraqlarının güclənməsinə qarşı olan niyyətidir: “Çünki Qərb Rusiyanın bu bölgədə daha da möhkəmlənməsindən narahatdır”.


Müəllif: Tapdıq Qurbanlı