22 Oktyabr 2021 20:14
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Hicran xanım, ailə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı parlamentə təqdim olunan qanun layihəsində hansı dəyişikliklərin edilməsi təklif edilir?

- İlk növbədə qeyd etmək lazımdır ki, ailə kiçik bir dövlətdir. Hər bir xalqın, millətin öz ailə modeli vardır. Azərbaycan da istisna təşkil etmir. Azərbaycan Respublikasının ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətini, münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hisləri əsasında qurulmasına əsaslanır. Həmçinin ailə üzvlərinin məsuliyyətini, onların hüquqlarının maneəsiz surətdə həyata keçirilməsini müəyyən edir. Azərbaycan Konstitusiyasının 17- ci maddəsində göstərilir ki, ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir. Ölkəmizdə də ailə siyasəti sahəsində qanunvericilik bazası yaradılıb. Eyni zamanda, ölkədə ailə institutunun müdafiəsi istiqamətində davamlı iş aparılır. Lakin bununla yanaşı, ailə münasibətlərinin təhlili, boşanma hallarının artması və boşanmanın səbəblərinin müayinəsi, həmçinin zamanın yaratmış olduğu tələblərə uyğun ailə qanunvericiliyinə əlavə və dəyişikliklərin edilməsini aktuallaşdırır. Bu təkliflər hələ ki müzakirə mərhələsindədir. Ona görə də təkliflər haqqında məlumat vermək bir qədər tezdir.

- Bəzi hallarda nikah arvadın hüquq qabiliyyətini məhdudlaşdırır kimi başa düşülür. Bu nə dərəcədə doğru yanaşmadır?

- Ümumiyyətlə, qeyd etmək lazımdır ki, nikahın bağlanması ər və arvadın hüquq qabiliyyətini məhdudlaşdırmır. Ancaq təcrübə göstərir ki, ailə daxilində münaqişələr və zorakılıq hallarının baş vermə səbəblərindən biri də məhz qadının nikahdan sonra bu hüquqlarının məhdudlaşdırılması və ya qadağan edilməsidir. İlk olaraq, bu, insana təhsil almaq və əmək şəraitinin yaradılması imkanlarını verir. Hansılar ki, şəxsin hər tərəfli formalaşmasında mühüm psixoloji amildir. Bəzi insanlar üçün müəyyən təhsil səviyyəsi və ya əmək fəaliyyəti onların sosial əhəmiyyətini müəyyənləşdirir. Eyni zamanda şəxsin ailədə və cəmiyyətdə özünü təsdiq edir. Həmçinin ailənin rifahını artırır, böyüyən uşaqların təlim-tərbiyə, dünyagörüşünə pozitiv təsir göstərir.

- Qadınların məşğulluğu ilə bağlı qanunvericiliyə hansı dəyişiklikər təklif edilir?

- “Məşğulluq haqqında”, “Gender bərabərliyinin təminatları haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunları və Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər hüquqi-normativ sənədlər qadınların əmək hüquq və münasibətlərini tənzimləyir. Azərbaycan 1995-ci ildə BMT-nin “Qadınlara qarışı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasına qoşulub. Həmçinin Beynəlxalq Əmək Təşkilatının “Bərabər dəyərli əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında” konvensiyası var. Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər-ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasına da ölkəmiz üzvdür. Ölkəmiz “Analığın mühafizəsi haqqında 1952-ci Konvensiyasına yenidən baxılması haqqında” 183 nömrəli Konvensiyasına və digər beynəlxalq sənədlərə qoşulub. 2016-cı ildə hazırlanan milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə görə, Azərbaycan iqtisadiyyatının qarşısına qoyulacaq əsas vəzifələrdən biri qadınların əmək bazarına cəlb olunmasıdır. Eyni zamanda qadınların keyfiyyətli işlə təmin edilməsi və sahibkarlıq fəaliyyətinin inkişafı üzrə stimullaşdırıcı tədbirlərin görülməsi də nəzərdə tutulur. Əsas məqsədlərdən biri məhz qadınların bütün fəaliyyət sahələrində məşğulluğunu artırmaqdır.

- Mövcud qanunvericilikdə qadınların işləməsi ilə bağlı hansı halda məhdudiyyətlər mövcuddur?

- Qanunvericiliyin qadınlar üçün qoyduğu məhdudiyyətlər bəzi iş yerlərində və peşələrdə işləməsinə imkan vermir. Bu iş yerləri də bir qayda olaraq daha yüksək əməkhaqqı ödənişləri olan yerlərdir. Sözsüz ki burada ağır və zərərli iş yerləri də xüsusi yer tutur. Bu baxımdan qadınlar ənənəvi olaraq daha az əməkhaqqı ödənişi olan iş yerlərində çalışırlar. Bunlar da müəllim, həkim, xidmət sektoru, ticarət, yüngül sənaye və s. Nəticədə qadınların aldığı əməkhaqqı ilə kişilərin aldığı əməkhaqqının məcmusunda ciddi fərqlər əmələ gəlir. Lakin eyni iş yerində, eyni işi yerinə yetirən və eyni kvalifikasiyaya, təhsilə malik şəxslərin arasında əməkhaqqı fərqi yalnız əmək stajı ilə bağlı olan artımlarla əlaqəli ola bilər. Bunun da cinsə və ya hər hansı əlamətə görə olması mümkün deyil. 1999-cu ildə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edildi. Həmin qanunda hüquqi tənzimləmə məsələləri yer alıb. Eyni zamanda Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Prezidentin Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı” təsdiq edilib. Bu siyahı üzrə 38 sahə üzrə 678 peşə və iş yeri üzrə qadın əməyinin tətbiqi qadağan edilir. Qadağalar əsasən 3 səbəblə əlaqələndirilir: 1). Qadınların sağlamlığına, xüsusilə reprodiktiv sağlamlığına ziyan vurması, 2). Bu peşələrin və iş yerlərinin təhlükəsiz olmamasıdır. Eyni zamanda bu peşələrin və iş yerlərinin ağır olması və böyük fiziki güc tələb etməsi ilə bağlıdır. Hazırda elm və texnologiyanın inkişafı nəticəsində daha asan və səmərəli metodların tətbiqi imkan verir ki, dünya iqtisadiyyatında artıq əvvəllər müəyyən edilən qadağalara yenidən baxılsın. Artıq ölkəmizdə də bu şərait yetişib və qadın əməyi üzrə ayrı-seçkiliyi aradan qaldırmaq və qadağa edilmiş işlərin sayının getdikcə azaldılması gündəmə gəlib. Bu baxımdan da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq siyahı hazırlanır.

- Təklif edilən qanun layihələrinin perspektivini necə izah etmək olar?

- Bütün hazırlanan təkliflərin əsasında Azərbaycan ailəsinin daha da gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsinin təkmilləşdirilməsi, bütövlükdə dövlətimizin davamlı və dayanıqlı inkişafını təmin etmək dayanır.


Müəllif: Tapdıq Qurbanlı