25 Oktyabr 2021 20:39
66 790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirk:

- Səməd müəllim, fransalı nümayəndə heyəti Azərbaycana gəldi, görüşlər oldu. Son dövürlər Fransa-Azərbaycan münasibətlərindəki bu yaxınlığı necə dəyərləndirirsiz?

- Bu yaxınlarda Fransadan böyük bir nümayəndə heyəti Azərbaycana gəldi. Onların Azərbaycan parlamentində də görüşləri oldu. Fransa-Azərbaycan parlament dostluq qrupu ilə də görüşlər keçirildi. Eyni zamanda Xarici İşlər nazirliyində də Fransalı qonaqlarla söhbət aparıldı. Fransa tərəfi minalanmış Azərbaycan ərazilərinin təmizlənməsi üçün 500 min avro ayırıb. Ona görə də indiki halda Fransa-Azərbaycan münasibətlərinə nəzər salsaq, burada iki mühüm məqamı xüsusi ilə diqqətdə saxlamaq vacib olur. Ali Baş Komandan, Azərbaycan Ordusu, xalqımız elə bir realıq yaradıb ki, bu zaman keçdikcə daha yüksək səviyyədə qəbul olunacaq. Burada tək Fransa deyil, digərlərini də nümunə göstərmək olar. Bu yaxınlarda Azərbaycana qarşı Avropa Şurasının Parlament Assambleyasının qərarlarına mühüm reallıqlar daxil edilib. Məhz bu addımla ermənilərin Azərbaycana qarşı nəzərdə tutduqları bütün “zərbələr” zərərsizləşdirilib. Fransa ilə də eyni analogiya baş verdi. Çünki bu gün bölgədə yaranmış situasiyanı qəbul etməmək mümkün deyil.

- Erməni lobbisi ikin ölkə arasındakı münasibətlərin gərgin qalmasında nə dərəcədə təsirli ola bilər?

- Azərbaycanın apardığı xarici siyasət başqa ölkələrdən fərqli olaraq digərlərinə qarşı deyil. Bu siyasət Azərbaycanın mili maraqlarına uyğun həyata keçirilir. Dövlət başçısı da dəfələrlə vurğulayıb ki, Azərbaycanın milli maraqlarına uyğun həyata keçirilən siyasət başqa ölkələrə qarşı olmayıb. Çünki dövlətimizin digər ölkələrə olan münasibəti fonunda da bu cür yanaşma tələb olunur. Ona görə də erməni lobbisi əlindən gələni etdi ki, Fransa Azərbaycana qarşı düşmən mövqeyində dayansın. İndi də Fransada erməni lobbisinin mövqeyi güclüdür. Fransa nümayəndə heyəti Azərbaycanda səfərdə olarkən dedilər ki, bura gəlib Azərbaycanla əməkdaşlıq edən, əraziləri minalardan təmizləmək üçün vəsait ayıran fransızlardan başqa, buna qarşı çıxanlar da var. Yəni, onlar demək istəyirdi ki, Azərbaycana qarşı Fransada kəskin mövqedə olmayan insanlar da var. Amma əks mövqedə olanlar da az deyil. Onlar da erməni lobbisinin təsirində olan adamlardır.

- Müharibədən bir il ötür. Beynəlxalq təşkilatların və dövlətlərin, o cümlədən Minsk qrupunun Azərbaycana yanaşmalarında hansı dəyişikliklər hiss olunur?

- Azərbaycan və Türkiyənin bu regionda apardığı siyasətin nə dərəcədə əhəmiyyətli olduğunu hər kəs müşahidə edir. İlk dəfə regionda yeni bir reallıq yaranıb. Bu real situasiya isə getdikcə daha da möhkəmlənəcək. Ona görə də Fransadan Azərbaycan nümayəndə heyətinin gəlməsi, prosesləri yaxından izləməsi, əsl reallığın nədən ibarət olduğunu bilmək baxımından əhəmiyyətli idi. Bu bir ildə nəinki Fransa, bu düşüncədə olanların hamısı başa düşüblər ki, məsələnin əsl mahiyyəti nədən ibarətdir.

Fransa, ATƏT-in Minsk qrupu və digərləri artıq gedən qatarın sonuncu vaqonunda özlərinə yer axtarırlar. Amma onlar ilk öncə müəyyənləşdirməlidirlər ki, bu qatar hansı istiqamətdə gedir. Əvvəllər “status”la bağlı yanlış yol tutmuşdular. Dövlət başçısı bu məsələ ilə bağlı konkret mövqe ortaya qoydu. Ona görə də Minsk qrupunun gedəcəyi ünvan yoxdursa, özlərinə ünvan seçməlidirlər və təkliflərlə çıxş etməlidirlər. Bu halda istiqamət başqa yönə olacaq və hərəkət dayanacaq. Ancaq bir həqiqət var ki, ATƏT-in Minsk qrupunun olduğu qatar gedib. Yeni bir yanaşma olmayacaqsa, Minsk qrupu elə dayandığı yerdən də tərpənə bilməyəcək.


Müəllif: Tapdıq Qurbanlı