26 Oktyabr 14:27
9 007

“Təhlükə doğuran başqa bir amil qlobal siyasətə əvvəllər ikinci rollarda olmuş bir sıra ölkələrin can atmasıdır. Belə tendensiyalar məhz bir-birinin ardınca baş verən iki dünya müharibəsinin əsas səbəblərindən olmuşdu. Bir fərqlə ki, o zaman qlobal siyasətdə iştiraka can atan Almaniya idi, indi isə Çindir. Amma problem bununla da bitmir. Pandemiya, onun yaratdığı çoxsaylı fəsadlar, dünyada baş verən sosial böhranlar, transmilli korporasiyalarla dövlətlər arasındakı münasibətlərin durumu və xüsusilə sabitliyin əsas təminatçısı olan orta sinfin az qala bütün ölkələrdə daralması dünya üçün ciddi təhdidlər yaradır”.

Politoloq Ərəstun Oruclunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Son bir neçə gündə NATO-nun yüksək vəzifəli rəsmilərinin Azərbaycana səfərləri diqqət çəkdi. Sizcə, NATO-dan Bakıya artan bu səfərlərdə məqsəd nə ola bilər?

- Məqsəd bölgə uğrunda gedən böyük güclərin mübarizəsində mövqelərin möhkəmləndirilməsidir. İkinci Qarabağ Müharibəsi və bundan sonrakı dönəm Cənubi Qafqazda yeni situasiya yaratdı. Bir tərəfdən bölgəyə NATO üzvü olan Türkiyənin daxil olması, digər tərəfdən Rusiyanın “sülhməramlı” qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi belə demək olarsa, həmin yeni situasiyanı yaratmış oldu.

Bir qədər uğursuz müqayisə olsa da, bu, İkinci Dünya Müharibəsi ərəfəsindəki vəziyyəti xatırladır. Mən buna ideoloji və sair məqamları kənara qoyaraq sırf hərbi-strateji nəzərdən baxıram. Almaniya və SSRİ arasında imzalanan, Polşanın, Baltikyanı ölkələrin, qismən də Rumıniya və Finlandiyanın ərazilərinin işğalına yol açan Ribbentrop-Molotov Paktı gələcək rəqiblər arasındakı bufer zonaları aradan qaldırdı və onlar birbaşa təmasa daxil oldular. Bu da o demək idi ki, onların toqquşması artıq zamana bağlıdır. Hansı ki, həmin toqquşma 1941-ci ilin iyununda baş verdi.

Təəssüflə deməliyəm ki, Cənubi Qafqazdakı mövcud vəziyyət tam olmasa da, ümumilikdə həmin konfiqurasiyanı xatırladır. Bölgədə iki rəqib tərəf – NATO (Türkiyə) və Rusiya arasında artıq təmas yaranıb. İndi hər iki tərəfin əsas məqsədi Cənubi Qafqazda daha da möhkəmlənməkdir ki, bu proses də hələlik “dinc” yolla gedir.

Şübhəsiz, NATO Rusiyanı bölgədən çıxarmaq və bu da alınmasa, ən azdı onun qarşısını kəsmək istəyir. Bu mənada ABŞ müdafiə nazirinin Gürcüstana səfəri və orada verdiyi açıqlamalara da məncə həmin kontekstdə baxmalıyıq, çünki Rusiyanın Böyük Orta Şərqə çıxışı ya birbaşa Azərbaycandan, ya da Gürcüstan üzərindən, amma ardınca yenə də Azərbaycandan keçir. Azərbaycan Rusiya ilə İran arasında yeganə quru yoludur. NATO bu yolun bağlanmasında maraqlıdır.

- Dediyiniz kimi, ötən həftə ABŞ müdafiə naziri Lloyd Ostin Gürcüstana gəldi. Bunu bir qədər geniş izah edə bilərdinizmi? Ostin Tiflisdə olarkən Rusiyanın “Altılıq” formatında iştirakına da etiraz etdi, eyni zamanda, Cənubi Qafqazın üç ölkəsi üçün belə bir formata dəstək verə biləcəklərini dedi.

- Bu, elə yuxarıda qeyd etdiyim məsələlərlə birbaşa əlaqəlidir. ABŞ və NATO Rusiyanın bölgədə güclənməsində maraqlı deyil. Bəli, bunu mən də dəfələrlə demişəm ki, bölgədə sülhün, sabitliyin və dinamik inkişafın yeganə sabit təminatçısı 3 ölkənin “Qafqaz Evi” formatında əməkdaşlığı ola bilər. Yalnız bu halda bölgəyə kənar təsirlər azala bilər ki, bu da elə yuxarıda qeyd etdiyim sülhün, sabitliyin və inkişafın mühüm şərtlərindən biridir.

Amma siyasət yalnız reallıqlar üzərində qurulanda uğurlu nəticələr verə bilər. Reallıq isə budur ki, 3 kiçik, zəif dövlətdən ibarət olan bölgə 3 böyük iddialı dövlətlə əhatə olunub, bunu da nəzərə almamaq mümkünsüzdür.

ABŞ-ın üçtərəfli formata dəstək verməsinə gəlincə, burada da hər şey aydın deyil. Məsələn, bu gün ABŞ-ın belə formata dəstək vermək imkanının nə dərəcədə real olması bir sualdır və ya Bayden administrasiyası həmin formata dəstək verirsə, amma sabah növbəti Tramp gəlib Vaşinqtonu prosesdən geri çəkirsə, o zaman bölgənin taleyinin necə olacağı başqa bir sualdır. Bunlar da hələ bütün suallar deyil, yalnız əsas iki sualdır.

- Bəs Ermənistan və Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi və bölgədəki kommunikasiyaların açılması yönündə hansı müsbət gəlişmələr ola bilər? Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin bununla bağlı son açıqlamalarında müsbət məqamlar vardı.

- Əslində, bütün bu məsələlərə aydınlıq gətirilməsi bölgənin sabit gələcəyi üçün əsas şərtlərdəndir və buna da hər iki tərəf, yəni həm Azərbaycan, həm də Ermənistan maraq göstərir. Amma prosesin Rusiyanın patronajlığı altında getməsi optimist olmağa heç bir əsas vermir. Maraqlı burasıdır ki, Paşinyan özü də iki ölkə arasında mübahisə yaradan istənilən məsələdə Rusiyanın roluna xüsusi təşəbbüs göstərmir, amma başqa seçim də yoxdur.

Heç kəs, o cümlədən daha çox Paşinyan üçün də sirr deyil ki, Rusiyanın iştirakı ilə müzakirə olunan istənilən məsələdə prioritet məhz Mokvanın maraqları olacaq. Bu da sirr deyil ki, Azərbaycan-Ermənistan münasibətlərindəki fəsadların əsas memarı Moskvadır. Odur ki, Azərbaycan-Ermənistan münasibətlərindəki permanent gərginlik Moskva üçün bölgəyə təsir vasitəsidir.

İki ölkə arasındakı münasibətlər normallaşanda isə həmin təsir vasitəsi xeyli zəifləyəcək. Hadisələrin belə inkişafı heç bir halda Rusiyanın marağında deyil. Odur ki, hətta sərhədlərin müəyyənləşdirilməsi istiqamətində müsbət gəlişmələr olsa belə, onlar prinsipial xarakter daşımayacaq. Başqa sözlərlə ifadə etsək, ya yarımçıq proses olacaq, ya da məhz Rusiyanın maraqlarına xidmət edən şəkildə baş tutacaq.

- İsrail İranın nüvə proqramına qarşı fəaliyyətini gücləndirib. İsrail Baş naziri Naftali Bennet bu məsələni ABŞ-dan sonra Rusiya ilə də müzakirə etdi. Təl-Əviv açıq dillə bütün vasitələrdən istifadə edərək, İrana nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini bildirir. ABŞ Dövlət katibi Entoni Blinken də son açıqlamasında İran üçün verilmiş vaxtın tükəndiyini dedi. Sizcə, İran üçün danışıqlar limiti tükənibmi?

- Belə görünür ki, İranın nüvə silahı əldə etməyə yaxınlaşması təkcə Təl-Əvivdə və Vaşinqtonda deyil, elə Moskvada da narahatlıq yaradır. Amma hər 3 ölkənin davranışından bu da görünür ki, İrana təsir imkanları da xeyli məhduddur. Vaxtilə İsrailin sabiq baş naziri Netanyahunun təşəbbüsü və təsiri ilə ABŞ-ın “5+1” və İran formatında imzalanmış nüvə anlaşmasından çıxması yanlış addım idi.

Məhz bu addımın sayəsində İran öz nüvə proqramını beynəlxalq nəzarətdən çıxara bildi və vaxt qazandı. Həmin vaxt Tehrana uranın zənginləşdirilməsi üçün hava-su kimi lazım idi. İndi Təl-Əviv “həyacan təbili” çalır ki, İran artıq nüvə silahı əldə etməyin bir addımlığındadır, amma unudurlar ki, bu, məhz İsrailin yanlış siyasəti sayəsində baş verdi. İran isə nüvə silahını əldə etməyə düşünüldüyündən bəlkə də daha yaxındır. Danışıqlar limiti heç zaman tükənməyəcək, amma bu dəfəki danışıqlarda Tehran daha çox arqumentə malik ola bilər.

- ABŞ və Avropanın bir sıra nüfuzlu nəşrlərində Üçüncü Dünya Müharibəsi haqda iddialar irəli sürülür. Bu kimi iddialar Rusiya və Çinin Sakit okeanda birgə hərbi manevrlərinin sayını artırması, eləcə də Pekinin Tayvana qarşı açıq hədələr səsləndirməsi fonunda dilə gətirilir. Sizcə, bu gün yeni dünya müharibəsi üçün zəmin varmı?

- Təəssüf ki, zəmin olmadığını deməyə yetərincə əsas görmürəm. İlk sualınıza cavabımda Ribbentrop-Molotov Paktını təsadüfən xatırlamadım. İkinci Dünya Müharibəsi ona görə baş verdi ki, ondan əvvəlki Birinci Dünya Müharibəsi maraq və təsir dairələrini müəyyənləşdirə bilmədi. SSRİ-nin dağılması qlobal siyasət baxımından böyük fəlakət idi, çünki həmin kollaps İkinci Dünya Müharibəsindən sonra qurulmuş mürəkkəb hərtərəfli mexanizmlərlə tənzimlənən qlobal təhlükəsizlik sistemini laxlatdı. Həmin sistemin çöküşü bu gün də davam edir və təəssüf ki, ona alternativlər hələ görünmür.

Təhlükə doğuran başqa bir amil qlobal siyasətə əvvəllər ikinci rollarda olmuş bir sıra ölkələrin can atmasıdır. Belə tendensiyalar da məhz bir-birinin ardınca baş verən iki dünya müharibəsinin əsas səbəblərindən olmuşdu. Bir fərqlə ki, o zaman qlobal siyasətdə iştiraka can atan Almaniya idi, indi isə Çindir.

Amma problem bununla da bitmir. Pandemiya, onun yaratdığı çoxsaylı fəsadlar, dünyada baş verən sosial böhranlar, transmilli korporasiyalarla dövlətlər arasındakı münasibətlərin durumu, xüsusilə də sabitliyin əsas təminatçısı olan orta sinfin az qala bütün ölkələrdə daralması dünya üçün ciddi təhdidlər yaradır. Bütün bunlar hələlik açıq görünməyən təhdidlərdir, amma təhlükənin görünməməsi hələ onun mövcud olmaması anlamına gəlməməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu