28 Oktyabr 2021 12:11
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri tarixi əhəmiyyət kəsb edir. Çünki bu səfər zamanı Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirən və regionun gələcək inkişafında önəmli rol oynayacaq addımlar atıldı.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin Füzuli Beynəlxalq Hava Limanının açılışını birgə etməsi rəmzi məna daşıyır: “Tarixi türk torpağı olan Qarabağın işğaldan azad edilməsi Azərbaycan qədər Türkiyənin də qələbəsidir. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi mənəvi, siyasi dəstək bunu bir daha təsdiqləyir. Bu hava limanı həmçinin Zəngəzur dəhlizinin də əhəmiyyətini artıracaq”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoymaqla həm də Zəngəzur dəhlizinin əsasını qoymuş oldular: “Bu dəhlizin bərpası nəinki Azərbaycanın, həmçinin regionun iqtisadi inkişafına böyük töhfələr verəcək. Dəhlizin açılması Naxçıvanın Azərbaycana quru yolla birləşməsi, onun iqtisadiyyatının re-inteqrasiyasına səbəb olacaq. Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqələrinin şaxələndirməsinə, Xəzər, Aralıq dənizlərindən başlayaraq Cənub-Şərqi Asiya və Mərkəzi Asiya ilə Avropa arasındakı nəqliyyat-logistika xətti olacaq”.

Sevinc Fətəliyeva hesab edir ki, Zəngilanda dövlət başçılarının bəyanatında da dünya səviyyəsində Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığının önəmli amilə çevrildiyi nümayiş olundu: “Prezident vurğuladı ki, bu gün Türkiyə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə artıq dünya çapında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz. Dövlətimizin başçısı Zəngəzur dəhlizinin önəmini də qeyd edib. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Bu addımların yaxın gələcəkdə öz bəhrəsini verəcəyi şübhəsizdir. Türkiyə Prezidenti isə qeyd etdi ki, Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin inkişafı üçün fəaliyyətini davam etdirir. Türkiyə bu fəaliyyətlərdə qardaş Azərbaycana bütün imkanları ilə dəstək olmaqda davam edəcək”.


Müəllif: Tapdıq Qurbanlı