6 Noyabr 2021 18:36
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkli Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aydın müəllim, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Vlll Qlobal Bakı Forumunda Prezidenti İlham Əliyev Azərbaycanın sülhə hazır olduğunu, Ermənistana bu məsələ ilə bağlı təkliflər verildiyini açıqladı. Siz hazırkı mərhələdə iki dövlət arasında sülhə hazırlıq prosesini necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycan regionda söz sahibidir. Dövlətimiz öz hüquqlarını müdafiə edə bilmiş və dünyanın diqqətini cəlb etmiş ölkələrdən biridir. Azərbaycan bu gün Ermənistanın iştirakı olmadan da regionda öz uğurlu layihələrini icra edə bilir. Ölkəmiz Ermənistanla münasibətlər olmadan da öz həyat şərtlərini müəyyənləşdirib. Amma bu gün Azərbaycan region üçün məsuliyyət daşıyan ölkələrdəndir. Bu baxımdan Azərbaycan Ermənistana sülh müqaviləsi bağlamağı, dinc, mehriban qonşuluq şəraitində yaşamağı təklif edir. Ancaq Ermənistan hələ də özünün gələcəyini müəyyənləşdirə bilməyib. Bu gün Ermənistanda nə müxalifətin, nə də iqtidarın ölkənin gələcəyi ilə bağlı planları var. Çünki vaxtilə Ermənistanı quranlar onu şovinist, qonşu dövlətlərin torpaqlarına iddia edən, beynəlxalq hüquq normalarını saymayan bir ölkə kimi formalaşdırıblar. Ona görə də, çətin, ağrılı bir proses gedir. Bu baxımdan indi söz Ermənistanındır.

- Münasibətlərin normallaşması üçün ilkin şərtlər nədən ibarətdir?

- Ermənistan Azərbaycanın sərhədlərini tanıyacaqsa, sülh müqaviləsi bağlayacaqsa, kommunikasiyaların açılmasında iştirak edəcəksə, demək olar ki, bu ölkə müəyyən qədər dirçəlmək imkanı qazanacaq. Bütün bunlara Ermənistan əməl etməyəcəksə, Azərbaycan öz siyasətini yürütməyi bacarır. Hər halda bu gün dünya Azərbaycanın haqq işində olduğunun fərqindədir. Bu gün gedən proseslər Azərbaycanın düzgün siyasət yeritdiyini göstərir. Azərbaycan sülhə hazırdır. Ölkəmiz qarşı tərəfə özünün qonşuluq əlini uzadıb. Dövlətimiz Ermənistanla mehriban qonşuluq şəraitində yaşamaq istəyir. Ermənistan isə öz daxilində olan çəkişmələri, qeyri-müəyyənlikləri bir kənara qoyub Azərbaycanın təkliflərinə konstruktiv cavab verməlidir.

- Kapitulyant ölkənin öhdəliklərdən boyun qaçırması fonunda siyasi müstəvidə hansı effektiv addımlar atıla bilər?

- Azərbaycan artıq öz sərhədlərinə gedib çıxıb. Buradan o tərəfə Azərbaycan hərbi əməliyyatlar aparmaq fikrində deyil. Dövlətimiz heç bir ölkənin ərazi bütövlüyünü pozmur və pozmayacaq. Amma siyasi təzyiqlər davam etməlidir. Ermənistan torpaqlarımızı işğalda saxladığı dövrdə də Azərbaycan onu izolyasiya etmək üçün bütün imkanlardan istifadə etdi. Ermənistan məhz bu addımları ilə özünü yaxşı yaşamaq imkanlarından məhrum etdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi regional layihələrdən Ermənistan işğal siyasətinə görə kənarda qaldı. Halbuki, həmin layihələr hər il Ermənistan büdcəsinə yüz milyon dollar vəsait gətirə bilərdi. İndi də Ermənistana mühüm təkliflər edilir. Bu gün də gec deyil ki, Ermənistan bir çox layihələrdə iştirak etmək imkanı qazana bilsin. Bunu etməyəcəksə, Ermənistan sadəcə olaraq proseslərdən yenə də kənarda qalmalı olacaq. Azərbaycan öz həyatını Ermənistansız da qurub. Amma şərait göstərir ki, Ermənistan Azərbaycansız yaşaya bilmir. Bunu qarşı tərəf dərk etməlidir.

- Sərhədlərin dəqiqləşməsində sovet xəritələrinə istinad hər iki tərəf üçün qaneedicidir?

- Rusiya tərəfinin də xəritələrlə bağlı mövqeyi məlumdur. Çünki Rusiyanın bu prosesdə iştirakı başadüşüləndir. O, region dövlətidir. Eyni zamanda Rusiyanın hər iki dövlətlə yaxşı münasibətləri var. Sərhədlərin müəyyənləşməsi isə xəritələr əsasında aparılmalıdır. Azərbaycan və Ermənistan arasında inzibati sərhəd SSRİ daxilində mövcud olub. Hər iki respublika öz təsərrüfat fəaliyyətini bu sərhəd əsasında həyata keçirib. Ona görə də, mövcud olan xəritələrə əsasən Ermənistan özünün sərhədlərini tanımalıdır. Eyni zamanda Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Hətta bunu etmək istəməsə belə bu gün Azərbaycan öz sərhədlərində dayanıb. Ona görə də, Ermənistan bunu de-fakto qəbul etməlidir.

- Ermənistanın Qarabağdakı separatçılara 200 milyon dollar yardım ayırması mümkün sülh prosesinə nə dərəcədə zərərlidir?

- Ermənistanın Azərbaycan daxilində bir əraziyə maddi yardım ayırması doğru deyil. Bu ancaq Azərbaycanın razılığı ilə dövlətimizin büdcəsi daxilində baş verə bilər. Görünür Ermənistan hələ də, işğalçı əhval-ruhiyyəsindən ayrıla bilməyib. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdır. Oralar da Azərbaycan ərazisidir. Amma hər bir halda bu cür məsələlər diplomatik müstəvidə öz həllini tapacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər