12 Noyabr 2021 14:23
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə mühüm işlər görülüb, əhəmiyyətli addımlar atılıb. 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşü mühüm tarixi əlamətdar hadisələrlə yadda qalıb. Məhz türkdilli dövlət başçıları tərəfindən Naxçıvan sazişinin imzalanması əməkdaşlığın təsisatlanması baxımından yeni bir format hesab olunur. Bu baxımdan təşkilatın Naxçıvandan başlanan inkişaf yolu xüsusi önəmə malikdir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir: “Türkdilli dövlətləri birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər mövcuddur. Məhz bu amillər ökələrimizin qarşılıqlı səmərəli fəaliyyəti və əməkdaşlığının əsasını təşkil edir. Azərbaycan iki il ərzində Türk Şurasına uğurla sədrliyi də bu mənada böyük uğurlarla xarakterizə olunub. Ölkəmizin sədrliyi dövründə təşkilatın fəaliyyətinin gücləndirilməsinə, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın, əməkdaşlığın daha da möhkəmləndirilməsinə səy göstərilib”.

Millət vəkili hesab edir ki, 2019-cu il oktyabrın 15-də Türk Şurasının Bakıda keçirilən VII Zirvə görüşündən sonra Azərbaycan təşkilata sədrliyi ilə yeni bir mərhələ başlanıb: “Azərbaycanın təşkilata sədrliyi COVİD-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, türkdilli dövlətlər arasında ikitərəfli, çoxtərəfli səviyyələrdə münasibətlər qurulub. Həmçinin dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi ilə Türk Şurasının dünyada nüfuzunun daha da artırılması istiqamətində addımlar atılıb. Azərbaycanın sədrliyi dövründə səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri qurulub. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə Görüşü keçirilib. Bu görüş dövlət və hökumət başçıları səviyyəsində COVİD-19-a həsr olunmuş və videokonfrans vasitəsilə təşkil edilmiş ilk beynəlxalq tədbir oldu”.

Azər Badamova görə, Azərbaycanın Türk Şurasına sədrliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf edib: “Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etdi. Müharibə dövründə türkdilli dövlətlər və xalqlar Azərbaycan xalqına dəstəyini ardıcıl olaraq ifadə edib. Birmənalı şəkildə demək olar ki, Azərbaycanın Zəfəri Türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayıb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər