Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü tarixi məqamlarla yadda qaldı. Sammitdə müzakirə olunan məsələlər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə xidmət edir. Zirvə Görüşü türkdilli dövlətlərin mövcud olan sıx əlaqələrinin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürüdür.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
O qeyd edib ki, 2009-cu ildə Naxçıvanda bu təşkilat yaranandan ötən dövr ərzində Türk Şurası səmərəli fəaliyyət göstərib: “Bu dövr ərzində mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Budəfəki Zirvə Görüşündə Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin əhəmiyyətini xüsusi vurğulayıb. Eyni zamanda, təşkilata sədrlik Azərbaycandan Türkiyəyə keçib”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın təşkilata sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində ardıcıl səylər göstərib: “Ötən il təşkilatın sədri olaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş onlayn formatda Zirvə Görüşü keçirilib. Həmçinin bu ilin əvvəlində də təşkilatın qeyri-formal Zirvə Görüşü keçirilib ki, bu da Azərbaycanın təşkilata sədrliyini xarakterizə edən əlamətdar məqamlardan biri kimi qiymətləndirilə bilər”.
Sevinc Fətəliyeva qeyd edib ki, İstanbulda keçirilən VIII Zirvə Görüşündə Prezident İlham Əliyev çıxışı zamanı Vətən müharibəsi nəticəsidə ərazi bütövlüyümüzün bərpa olunduğunu, ermənilərin 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə vandalizm aktları törətdiyini bildirib: “Dövlət başçısı 44 günlük Vətən müharibəsində Türk Şurasının Azərbaycana dəstəyini yüksək dəyərləndirib. Xüsusilə, biz Vətən müharibəsində Türkiyənin qardaşlıq dəstəyini hər zaman hiss etdik. Zirvə Görüşündə üzv dövlətlər Azərbaycan Respublikasının ərazilərinin hərbi işğaldan azad edilməsini təqdir edib və Ermənistan-Azərbaycan münaqişəsinin sona yetməsini alqışlayıblar. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezidentimiz İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etməsi xalqımız üçün çox qürurvericidir”.
Deputatın fikrincə, Zəngəzurdan keçəcək və Naxçıvan və Türkiyəni birləşdirəcək dəhliz regionun nəqliyyat sektorunda böyük imkanlar yaradacaq:
"Zəngəzur dəhlizi türk dövlətləri arasında birliyin güclənməsinə töhfə verəcək və türk dünyasını birləşdirəcək. Türk dövlətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası, Ermənistanla suverenliyin, ərazi bütövlüyünün qarşılıqlı əsasda münasibətlərin normallaşmasını dəstəkləyiblər. Eyni zamanda qurumun adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması, Türkmənistanın təşkilata müşahidəçi statusunda üzv qəbul edilməsi təqdirəlayiqdir. Bu amillər türk birliyini regional və qlobal gücə çevirməkdədir”.