“Əgər bu, Rusiyanın qurduğu oyun və ya ssenaridirsə, onda məqsədi nədir? Əgər bu, Ermənistanı sazişlərə imza atmağa məcbur etmək məqsədi daşıyırsa, onda bizim üçün müsbət haldır. Yox, Ermənistanı Azərbaycana yönəldib gücümüzü sınaqdan keçirmək istəyirsə, onda Rusiyanın ümidləri puça çıxacaq. Bu regionda ən üstün və qalib tərəf bizik. Artıq Qaragöl və digər strateji yüksəkliklərə biz nəzarət edirik. Yəni Ermənistan burada özünü qalib tərəf kimi təqdim edə bilməz”.
Sabiq diplomat, politoloq Fikrət Sadıqovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin səbəbi nədir, düşmən nəyə nail olmaq istəyir?
- Ermənistan müharibədə məğlub olmuş tərəfdir. Digər yandan, aparıcı dövlətlər ona hansısa sazişə imza atması üçün təzyiq edirlər ki, sərhədlərin dəqiqləşdirilməsi məsələsi həllini tapsın. Eyni zamanda, Ermənistan rəhbərliyinə daxildə həm müxalifət, həm də “Qarabağ klanı”ndan təzyiqlər var. Paşinyan da çabalayır, buna görə də əngəllər, problemlər yaratmaq istəyir, bizi “aqressivlik”də günahlandırır. Görünür, o belə düşünür ki, bu sazişləri imzalasa, bu onun siyasətçi kimi sonuna doğru atılmış addım ola bilər.
Bir sözlə, prosesin gərginləşməsində həm daxili, həm də xarici amillərin rol oynadığını düşünürəm. Paşinyanın da ziddiyyətli addımlar atması, açıqlamalar verməsi bu səbəblərlə bağlı ola bilər. Üstəgəl, son günlərdə Ermənistanda fəallaşan revanşist qüvvələr ona qarşı tələblərini artırıblar, baş verənlərə görə Paşinyanı günahlandırırlar. Bütün bunlar da onu belə təxribatlar törətməyə vadar edir.
- Cəmiyyətdə, sosial şəbəkələrdə belə bir təəssürat formalaşıb ki, bu gərginlik Rusiyanın oynadığı oyundur. Bu belə ola bilərmi?
- Əgər bu, Rusiyanın qurduğu oyun və ya ssenaridirsə, onda məqsədi nədir? Bu? Ermənistanı sazişlərə imza atmağa məcbur etmək məqsədi daşıyırsa, onda bizim üçün müsbət haldır. Yox, Ermənistanı Azərbaycana yönəldib gücümüzü sınaqdan keçirmək istəyirsə, onda Rusiyanın ümidləri puça çıxacaq. Bu regionda ən üstün və qalib tərəf bizik. Artıq Qaragöl və digər strateji yüksəkliklərə biz nəzarət edirik. Yəni Ermənistan burada özünü qalib tərəf kimi təqdim edə bilməz.
Əgər Rusiya sülhməramlıları bölgədədirsə, belə təxribatların qarşısını almalıdırlar. Onlar vaxtında Ermənistanın revanşist və təxribatçı addımlarının qarşısını almalı idilər. Əgər ora gəliblərsə, üzərlərinə düşən öhdəlikləri yerinə yetirməlidirlər.
- Rusiya müdafiə naziri Sergey Şoyqunun Bakı və İrəvana telefon zənglərindən sonra qarşıdurma dayandırıldı. Bununla gərginlik bitdimi?
- Yox! Bu atəşkəsdir. Düşünmürəm ki, son nöqtə qoyulub. Çünki Ermənistandakı revanşist qüvvələr ciddi şəkildə fəallaşıblar. Paşinyan da onların təzyiqləri nəticəsində təxribatçı addımlar atır, çalışır ki, onları qane etsin. Paşinyan onlarla hesablaşır. Bu deməkdir ki, belə təxribatlar bundan sonra da baş verəcək.
Təsadüfi deyil ki, 44 günlük müharibədən ötən bir il ərzində Ermənistanda dörd müdafiə naziri dəyişdirilib. Bu o anlama gəlir ki, Ermənistanın hərbi dairələrində də Paşinyana qarşı olan qüvvələr var. Görünür, onlar idarəolunmayan qüvvələrdir. Müdafiə nazirlərinin tez-tez dəyişdirilməsi də bu amillə bağlıdır. Paşinyan özünə loyal münasibəti olan nazir axtarışındadır ki, ona problemlər yaratmasın. Bununla həm də revanşist qüvvələrə nəzarəti təmin etməyə çalışır.
- Son günlər baş verənləri “daha böyük qarşıdurmaya hazırlıq” kimi qiymətləndirənlər də var. Siz bu haqda nə düşünürsünüz?
- Ermənistan çox istəyərdi ki, revanş alsın, müəyyən əraziləri yenidən işğal etsin. Amma bu, baş tutan deyil. Azərbaycan sübut etdi ki, nəinki öz torpaqlarını qoruya bilir, həm də işğal altında olan ərazilərini də nəyin hesabına olur-olsun, geri qaytarmaq gücündədir. Buna görə də Ermənistan tərəfindən təxribatçı addımlar bundan sonra da atılacaq. Çünki Ermənistandakı vəziyyətə tam nəzarət etmək mümkün deyil. Görünür, hərbi dairələr, revanşist qüvvələr, bir sıra generallar və digər yüksək vəzifəli hərbçilər tam nəzarət altında deyillər.
Paşinyan başa düşür ki, tam uduzsa, yəni bəzi ərazilər Azərbaycanın nəzarətinə keçsə, bu onu sona yaxınlaşdıran addım olacaq. Paşinyan bundan qorxur. Amma Ermənistandakı vəziyyət olduqca mürəkkəbdir. İndi Paşinyana qarşı mitinqlər keçirilir, bir sıra qüvvələr başlarını qaldırıblar. Moskva da bundan narahatdır ki, Ermənistandakı vəziyyət onun nəzarətindən çıxa bilər.
- Bəs Rusiya proseslərə daha yaxın olmaq və baş verənləri öz nəzarətində saxlamaq üçün qoşunlarını sərhəddə yerləşdirə bilərmi?
- Düzdür, Rusiya böyük dövlətdir, amma bizim razılığımız olmasa, bu bölgədə hərbi qüvvələrin asanlıqla yerləşdirilməsi mümkün deyil. Hər halda biz müqavimət göstərsək, bu, asanlıqla olmayacaq.
Əlbəttə, Rusiya istəyərdi ki, burada bir çox mövqelərə, ərazilərə nəzarət etsin. Bu, Rusiyanın çoxdankı arzusudur. Amma bu belə asanlıqla baş tuta bilməz.
Əgər Rusiya düşünürsə ki, belə gərginliklərdən, qısamüddətli qarşıdurmalardan istifadə edərək öz hərbi kontingentini bölgədə yerləşdirə bilər, o yanılır. Onsuz da Qarabağın dağlıq hissəsində yerləşdirilmiş iki minə yaxın sülhməramlı böyük bir gücdür. Əgər Rusiya buna oxşar addım atmaq istəsə, düşünmürəm ki, bu məsələ asanlıqla həll olunacaq. Çünki biz tək deyilik, Türkiyə kimi dövlət yanımızdadır. Ən əsası, Azərbaycan heç vaxt buna razılıq verməz.
- Qarşıdurma başladıqdan dərhal sonra ABŞ, Avropa Birliyi və digər Qərb dövlətlərindən ard-arda açıqlamalar gəldi. Sizcə, onları nə narahat edir: növbəti məğlubiyyətin Baş nazir Nikol Paşinyanın devrilməsinə yol açması, yoxsa Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsimi?
- Obyektivlik naminə deyim ki, ABŞ Dövlət Departamenti, Dövlət katibi Blinken və digər aparıcı dövlətlər neytral mövqe nümayiş etdirdilər və hər iki tərəfi atəşkəsə çağırdılar. Eyni zamanda, məsələlərin Minsk qrupu çərçivəsində həllinin tərəfdarı olduqlarını bildirdilər. Aparıcı dövlətlər də elə Minsk qrupunun həmsədrləridir.
Hər halda onlar başa düşürlər ki, münaqişə yenidən alovlansa, bölgədə vəziyyət nəzarətdən çıxa bilər. Bunun da böyük dövlətlərin maraqlarına uyğun olacağını düşünmürəm. İndiki vəziyyət isə onları qane edir. Sərhədlərin dəqiqləşdirilməməsi və sülh müqaviləsinin imzalanmaması onların maraqlarına uyğun gəlir. Çünki onlar bundan istifadə edərək bölgəyə nəzarət etməyə və bu nəzarəti gücləndirməyə çalışırlar. Bu məqsədlə də Minsk qrupunu yenidən canlandırmağa cəhdlər edirlər. Çünki onlar Türkiyə və Rusiyanın burada olmasından çox narahatdırlar.