Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fazil bəy, sərhədboyu erməni təxribatında qarşı tərəf gözlədiyi nəticəni əldə edə bilmədi. Proseslərin sonrakı inkişafında gözləntilər nədən ibarətdir?
- Sərhəd xəttində və digər proseslərdə aydınlıq gətirilməsi vacib olan məsələlər var. Bu, gözlənilən bir məsələdir. Eyni zamanda Ermənistan sərhədlərin bərpası ilə barışmaq istəmir. Amma nəzərə almaq lazımdır ki, artıq proseslər Qarabağ ətrafında getmir, artıq Azərbaycan Ermənistan sərhədində cərəyan edir. Elə bizim də arzuladığmız məhz bu idi. Çünki arzulayırdıq ki, Azərbaycan-Ermənistan sərhədinə çıxaq və burada öz mövqeyimizi möhkəmləndirək. Sözsüz ki, bu sərhədlərə də çıxanda bizi “gül-çiçəklə” qarşılamayacaqdılar. Burada qarşı tərəf sözsüz ki, mümkün müqavimət imkanlarından yararlanacaqdı. Amma bu müqaviməti yarıb o postlarda, təpələrdə möhkəmlənməli idik.
- Sizcə, prosesdə yeni situasiyanın yaranması ilə bağlı fikirlər nə dərəcədə məntiqlidir?
- Sözsüz ki, proseslərdə yeni bir situasiya yaranıb. Yeni situasiya odur ki, biz sərhədi götürməliyik. Sərhədi təmin etmək üçün də qarşımızda ancaq susqun, müti, heç nəyə qarışmayan düşmən görmək qeyri-mümkündür. Burada problemləri sakit şəkildə həll edəcəyimizlə bağlı təminatın olması da mümkün deyil. Çünki sərhədlərdə Azərbaycan tərəfi öz mövqelərini möhkəmlətdikcə, erməni tərəfi də mümkün qədər həmin yüksəkliklərin əlindən çıxmamasına çalışacaq. Bu təxribatlar da məhz buna hesablanıb. Amma belə addımlar erməni tərəfinin sonuncu həmlələridir. Çünki bir neçə dəfə qarşı tərəf zərbə alandan sonra artıq bunun bir perspektivinin olmayacağını gördü.
- Avropa Birliyinin və digər Qərb təşkilatlarının burada marağı nədir?
- Avropa Birliyinin marağı odur ki, bu bölgədəki proseslərdə mümkün gərginlik davam etsin. Çünki onlar bu cür hallarda asanlıqla bölgəyə müdaxilə etmək imkanı qazanmaq niyyətindədir. Rusiyanın isə burada öz maraqları var. Bu, Azərbaycandan gələcək mümkün tələblərlə də bağlıdır. Çünki sülhməramlıların məqsədi və missiyası ilə bağlı məsələlər gündəmdədir. Ona görə də, Rusiya sərhədlərin delimitasiya və demarkasiyası məsələsində müəyyən mənada maraqlı tərəf kimi çıxış edir. Bununla da Rusiya öz maraqlarını və nüfuzunu qorumuş olur. Ona görə də, burada daha fərqli bir yol izləməli deyilik.
- Proseslərdə Azərbaycan daha hansı müstəvilərdən çıxış etməsi labüd görünür?
- Azərbaycan bu kimi məsələlərdə daha da güclənməlidir. Düşmən mümkün qədər daha çox əzilməli və o təpələrdə, strateji mövqelərdə Azərbaycan öz gücünü daha aktiv bir şəkildə nümayiş etdirməlidir. Burada maraqlı bir cəhət də odur ki, ABŞ Ermənistan hakimiyyətinə daha çox təhrikedici mövqedən çıxış edir. ABŞ prezidenti Co Bayden terrorçu Ermənistanı “demokratiya sammitinə” çağırıb. Bu, Ermənistanı ayrıca bir müttəfiq kimi görmək niyyətindən qaynaqlanır. Sözsüz ki, bu da Rusiyanın heç də xoşuna gələn bir hal deyil.
- Hazırda Ermənistandakı anti-Rusiya ritorikasında ABŞ-ın və Qərbin təsiri nə dərəcədə realdır?
- Bu kimi hallar Rusiyanın Ermənistana bir etimadsızlıq prosesinin yaranmasına səbəb olub. Hazırda olan bu gərginlik Ermənistanda proseslərin artıq kollegial idarəetmə ilə yönəlmədiyini göstərir. Çünki hazırda Ermənistan hakimiyyəti konkret bir məsələ barədə müzakirə aparıb qərar qəbul edə bilmir. Fərdi olaraq kimsə deyir ki, “gedin filan sərhəddə pozuculuq yaradın”. Amma bunun da nəticələri ağır olanda onun bizdə doğurduğu rezonans Ermənistanda yaranmır. Çünki məğlub olmuş ölkədə yeni bir itgi onlar üçün çox ağrılı olur. Həm də bunu hakimiyyətə qarşı bir prosesə çevirirlər. Amma Azərbaycanda insanlar torpağın hər qarışı azad olunana qədər mübarizə aparılmasının vacibliyini dərk edir.
- Azərbaycandan sonar, ötən gün Ermənistanda sülh danışıqlarına, sərhədlərin dəqiqləşməsinə hazır olduğunu bəyan edib. Prosesin irəliləməməsinə səbəb nədir?
- Artıq bu razılıq ifadələrinin ardınca praktik nəticələr ortaya qoyulmalıdır. Çünki Rusiyanın bu məsələ ilə bağlı təşəbbüsü var. Ona görə də, prosesdə irəliyə baxmaq daha məqsədli olar. Prosesdə belə bir iradənin bəyan edilməsi olduqca vacibdir. Bundan sonra masa arxasında prosesləri müzakirə edib konkret nəticələr əldə etmək mümkün olacaq. Burada xəritələr əsasında məsələlərin həlli mümkün olacaq. Görünən odur ki, proses buna doğru gedir. Ona görə də, burada əlavə bir surpiriz gözləntisi də yoxdur. Çünki buna maneə ola biləcək qüvvələrin cəhdləri alınmadı. İndi də ABŞ və Qərbdən bəzi ölkələr bununla bağlı müəyyən mane edici addımlar düşünür. Amma faktiki onlar real sahədə onlar yoxdur. Onlar real sahədə yoxdurlarsa, demək aparıcı aktorlar olan Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan arasında bu məsələlər öz həllini tapacaq.