Milli Məclisin bu gün keçirilən iclasında “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, layihəni deputat Arzu Nağıyev təqdim edib.
Qeyd edək ki, qanuna yeni 20.14 maddəsi artırılıb.
Həmin maddəyə görə, əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının əməkdaşların sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti oraqnı tərəfindən müəyyən olunur.
Qanun layihəsinin müzakirəsində çıxış edən deputat Fazil Mustafa deyib ki, Azərbaycan 44 günlük savaşda görünməyən, amma böyük xidməti olan kəşfiyyat və əks-kəşfiyyat xidmətində çalışanlardır: "Onların gördüyü işi alqışlayırıq. Onların adı çox zaman çəkilmir, amma böyük işlər görürlər. Onların sosial problemləri, maaşları, təminatı həll edilməlidir. Əli Nağıyev bu xidmətə təyin ediləndən sonra bu sahədə yeni dövr başladı. Sahibkarları incidən qurum Azərbaycan dövlət maraqlarını qoruyan peşəkar quruma çevrildi. Bu da müharibə zamanı özünü göstərdi. Amma biz bu gün bir sıra qanunlarda cərimələrlə bağlı dəyişiklik etdik. Cərimələri həyata keçirən qurumlarda cərimələrin hansısa faizinin saxlanılmasını ləğv etdik. Hər şey büdcəyə toplanmalı, oradan ayrılmalıdır. Mən təklif edirəm ki, büdcədən əks-kəşfiyyata daha çox maliyyə ayıraq, başqa imkanlarını artıraq”.
Siyavuş Novruzov bildirib ki, müharibə zamanı təhlükəsizlik qüvvələri böyük işlər görülüb, Azərbaycanda bir təxribat belə baş verməyib: “Onların fəaliyyətini yüksək qiymətləndirirəm. Onların sosial problemləri, mənzil şəraitləri yaxşılaşdırılmalıdır. Hesab edirəm ki, 5 faiz azdır.
Elə işlər var ki, o, dərhal yerinə yetirilməlidir. Bəzən bir avtomobil almaq üçün beş dəfə Maliyyə Nazirliyinə getmək lazım gəlir. Bu, yalnız xüsusi xidmət orqanlarının əməkdaşlarının sosial problemləri ilə bağlı deyil. Hesab edirəm ki, qanun qəbul edilməlidir”.
Komitə sədri Ziyafət Əsgərov isə bildirib ki, xüsusi xidmət orqanları sutkada 24 saat işləyir: “Mən burada 5 faiz məsələsində qeyri-adilik görmürəm. Hətta Siyavuş müəllimin fikrini dəstəkləyirəm ki, 5 faiz azdır”.
Qanun layihəsi səsə qoyularaq I oxunuşda qəbul edilib.