“İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün yeni fürsət yaranıb”.
Teleqraf.com xəbər verir ki, bunu “Anadolu”ya müsahibəsində Ermənistan parlamentinin sabiq deputatı Stepan Qriqoryan deyib.
“Ermənistan müharibəni uduzub və hazırda zəif vəziyyətdədir. Hökumət Türkiyə və Azərbaycanla danışıqlar aparmalıdır, amma bu, Rusiya kimi vasitəçilər olmadan gerçəkləşməlidir”, - sabiq deputat qeyd edib.
Qriqoryan Türkiyənin bölgədə Rusiyaya alternativ ola biləcəyini vurğulayıb: “Türkiyə məntiqli və proqnozlaşdırıla bilən bir ölkədir. Türkiyə öz siyasətinə uyğun olaraq ciddi xarici siyasət yürüdür”.
Türkiyə və Azərbaycanın Zəngəzurda dəhliz açmaq istəyinin ağlabatan olduğunu qeyd edən Qriqoryan bildirib:
“Türkiyə Azərbaycan, Ermənistan və Orta Asiyaya avtomobil və dəmir yollarının olmasını istəyir. Bununla regionun ortaq tarixə, mədəniyyətə və dilə malik olan ölkələri ilə yaxın olmaq istəyir. Bu başadüşüləndir. Bunun Ermənistanın maraqlarına zidd olduğunu deyə bilmərik. Rusiya da bunu dəstəkləyir və Ermənistana bu istiqamətdə təzyiq edir”.
“Dəhliz” ifadəsinin Ermənistanda narahatlığa səbəb olduğunu və buna nəzarətin tamamilə türklərə və ruslara keçəcəyi ilə bağlı fikirlər olduğunu bildirən Qriqoryan deyib:
“Buna millətçi dairələrdən etirazlar var. Biz demokratik ölkəyik. Hər kəs öz fikrini bildirə bilər. Azərbaycan bu dəhlizin Ermənistanın suverenliyinə qarşı olmadığını deyir. Hesab edirəm ki, Rusiya bu məsələdə tərəfləri manipulyasiya edir və ona görə də Moskva kimi vasitəçi olmadan danışıqlar aparılmalıdır”.
Qriqoryan Türkiyənin Ermənistan üçün davamlı və etibarlı tərəfdaş olmaq potensialına malik olduğunu söyləyib:
“Türkiyənin Azərbaycana dəstəyi və onunla müttəfiqliyi başadüşüləndir və bu müzakirə olunmamalıdır. Bununla yanaşı, Ermənistanla ağlabatan və balanslı əlaqələr qura bilər. Eyni şey Ermənistana da aiddir. Biz Rusiya vasitəsilə deyil, Türkiyə və Azərbaycanla birbaşa əlaqələrin qurulması yoluna baxmalıyıq. Bunun asan olacağını demirəm. Bəli, bir çox məsələlərdə fikir ayrılıqları var, amma danışıqlar aparılmalıdır, buna başlamaq lazımdır”.
Sabiq deputat Qarabağ məsələsinin Türkiyə və Ermənistan arasında ilk normallaşma prosesini əngəllədiyini xatırladıb:
“Azərbaycan indi Qarabağ ətrafındakı 7 rayonu geri alıb, Şuşa və Hadrut da daxil olmaqla Qarabağın böyük hissəsinə nəzarət edir. Bu gün bizim sülhü bərqərar etmək şansımız daha böyükdür. İndi tərəflər vasitəçisiz masa arxasında əyləşə bilər”.