7 Dekabr 2021 17:06
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın parlamentarizm tarixində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin öz yeri var. 1918-ci il noyabrın 16-da Bakıda yenidən fəaliyyətə başlamış Azərbaycan Milli Şurası həmin il noyabrın 19-da respublikada ali hakimiyyət orqanı kimi 120 nəfərdən ibarət Azərbaycan Cümhuriyyəti Parlamentini yaratmaq haqqında qanun qəbul edib. 103 il bundan əvvəl, 1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin keçmiş qız məktəbinin binasında müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Cümhuriyyəti Parlamentinin birinci iclası təntənəli şəkildə keçirilib.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, Azərbaycanda parlamentarizm ənənələri daha əvvəlki dövrə təsadüf edir:

“1905-ci ildə Azərbaycan çar Rusiyasının ilk parlament seçkilərində iştirak etməklə bu ənənənin əsasını qoyub. Azərbaycanın tanınmış ziyalıları Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov ilk parlamentin işində fəal iştirak edib. Parlamentarilər çar Rusiyasının xalqımıza qarşı yeritdiyi ayrı-seçkilik siyasətini, bütöv bir xalqın hüquqsuzluğunu kəskinliklə tənqid edirdilər. AXC parlamenti çox az dövrdə fəaliyyət göstərməsinə baxmayaraq peşəkarlığı, humanizmi və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Təkcə qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı qəbul olunan qərar və iclaslara çıxarılan məsələlərin müzakirəsi buna əyani sübutdur. Xüsusi ilə də 16 yaşınadək uşaqların işləməsinin qadağan olunması, qadınların səhhətinə və fiziki imkanlarına uyğun olmayan işlərə qəbul edilməməsi, hamilə qadınlara güzəştlər edilməsi, müəssisələrdə işləyən qadınların südəmər uşaqları üçün xüsusi yerlərin ayrılması, qadınların əmək hüquqlarının müdafiəsi və digər vacib qanunların qəbulu mümkün olub. Qəbul olunmuş bu qanunlara görə, AXC parlamenti bir çox Avropa ölkələrini qabaqlayıb. Müsəlman Şərqində ilk parlament respublikası - AXC xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olub. 103 il bundan əvvəl qadın deputat olmasa da qadınlar ölkə həyatının bütün sahələrində fəaliyyət göstərir, digər qadınların da aktiv iştirakı üçün çalışırdılar. Şəfiqə Əfəndizadə Parlament dəftərxana rəisinin köməkçisi, Humay Atakişiyeva, Ceyran Şirinzadə, Rübabə Yaqubzadə, Zeynəb Rizvanova qeydiyyatçı və kargüzar vəzifələrində çalışırdılar”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan Milli Məclisi Xalq Cümhuriyyətinin yaratdığı parlamentin varisidir: “Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən bəhrələnən Azərbaycan bu gün öz uğurları ilə dünyanı heyrətləndirir. Sivil dövlət quruculuğu ideyalarını yaşadan Milli Məclis bu işdə cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vaxtilə millət vəkili olarkən təşəbbüsü ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi üzrə bir sıra mühüm qanunlar qəbul edilib. Həssas yanaşma tələb edən, birmənalı qarşılanmayan “Gender (qadın və kişi) bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması” haqqında Qanunlar qəbul edilib”.

Komitə sədri hesab edir ki, bu gün Milli Məclis tarixi prinsiplərə sadiq qalaraq, müstəqil dövlətimizin inkişafı üçün çox vacib işlər görür:

“İlk yaranan parlamentdə qadın deputat olmasa da, hazırda Milli Məclisin spikeri xanımdır. Sahibə xanım Qafarova müasir və müstəqil Azərbaycanın ilk xanım spikeridir və taleyüklü qanunların qəbul olunmasında, parlamentin qlobal təşəbbüslərlə çıxış etməsində, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır".

Hicran Hüseynovaya görə, Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında çıxışı parlament qarşısında dayanan mühüm vəzifələrin müəyyən edilməsinə mühüm töhfə idi:

“Pandemiya, Vətən müharibəsi və postmüharibə şəraitində Milli Məclis fəaliyyətini böyük uğurla davam etdirdi. Parlamentin spikeri Sahibə Qafarovanın keçirdiyi görüşlər, xarici səfərlər, Azərbaycanın haqlı mövqeyini çatdırması buna əyani misaldır. İstər pandemiya, müharibə zamanı, istərsə də müharibədən sonra şəhid ailələri, qazilər və onların tibbi və sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, millət vəkilləri üçün prioritet məsələ olub. Bununla bağlı həm qanunvericilikdə çevik reaksiyalar verildi, bir sıra əlavə və dəyişikliklər edildi. Eyni zamanda, icraedici orqanlarla birgə işlər həyata keçirilir və davam etməkdədir".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər