"Bu il sentyabrın 14- də Ermənistan tərəfi Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət məhkəməsinə "İrqi ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyanın pozulması ilə bağlı Azərbaycan tərəfinə qarşı iddia qaldırmışdı. Həmin tarixdən 1 həftə sonra Azərbaycan tərəfi qarşılıqlı bir iddia qaldırmışdı. Oktyabr ayının 14-dən dekabrın 7-nə qədər Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən hər iki dövlətin qaldırdığı iddialar əsasında məhkəmə baxışı olmuş və eyni zamanda təqdim olunmuş sübutların qiymətləndirilməsi ilə bağlı məhkəmə kollegiyası müzakirələr aparıb".
Bunu Teleqraf.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Onun sözlərinə görə, 7 dekabrda Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarının əsaslı olmaması, Ermənistanın iddialarının heç bir fakta və sübutlara söykənmədiyini əsas götürərək belə bir qərarın qəbul olunması ilə bağlı yekun qərar çıxartdı:
"Ermənistan Azərbaycana qarşı 3 istiqamətdə iddia irəli sürürdü. Birincisi, müharibədən sonra həbs edilmiş təxribatcı erməni qüvvələrinin dərhal geri qaytarılması iddiası, digər iddia Bakıda mövcud olan Hərbi Qənimətlər Parkının bağlanılması ilə bağlı idi. Eyni zamanda, Azərbaycanın Ermənistana qarşı müharibə cinayətlərinin araşdırılmasına dair iddiası ilə bağlı 3 iddia irəli sürülmüşdü. Sonda məhkəmə Ermənistanın Azərbaycana qarşı etnik zəmində zorakı çağırışlar edən təşkilatlar, qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərar verdı. Azərbaycana qarşı iddiaların ləğv edilməsi və Ermənistan üzərinə belə bir öhdəliyin qoyulması bunu göstərir ki, onlar tələm-tələsik, heç bir sübut və dəlillərə əsaslanmayan qaydada Azərbaycana qarşı iddia qaldırmaqla çirkin niyyətlərinə nail olacaqlarına ümid bəsləyirdilər. Azərbaycan tərəfinin Ermənistana qarşı iddiaları o qədər faktlara, dəlillərə söykənib ki, Beynəlxalq Ədalət Məhkəməsi hakimlər kollegiyası fakt qarşısında qalaraq belə bir ədalətli qərarın qəbul edilməsini təmin ediblər. Bu onu göstərir ki, Qarabağda baş verən hadisələr Emrənistanın işğalçı siyasəti, işğal etdikləri ərazilərdə törətdikləri vandalizm hərəkətləri bütün beynəlxalq təşkilatlar tərəfindən görülür və onlar Ermənistanın bu cinəyatkar siyasətinin və fəaliyyətinin nədən ibarət olduğunu artıq dərk ediblər. Bütün dünya Qarabağın Azərbaycanın olmasını qəbul edib. Başqa bir formatdan bu məsləyə baxsaq, Ermənistanın ictimai-siyasi həyatında olduqca çətin, təlatümlü günlər yaşanır. Paşinyan və onun komandası bölgədə sülhün bərpa olunması üçün 9 noyabr Bəyannaməsinin tələblərini icra etməyə məcbur olublar. Soçi görüşündən sonra bu bir mənalı görünürdü. Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demokrasiyası prosesinin həyata keçirilməsi və böyük sülh sazişinə hazırlıq. Revanşist və müxalifətçi qüvvələr prosesə qarşı çıxaraq ölkədə ictimai-siyasi prosesləri pozmaqla Ermənistan hakimiyyətini bu addımlardan çəkindirməyə məcbur edirlər. Bu qəbul olunmuş qərar Paşinyan hakimiyyətinə və onun komandasına imkan verəcək ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarını əlində əsas tutaraq bu revanşist qüvvələrə qarşı hansısa bir formada mübarizənin yolunu tapacaqlar. Görürük ki, Paşinyanı vətənə xəyanətdə, türklərə, Rusiyaya satılmaqda, Rusiyanın təzyiqi ilə Ermənistanın guya ki, milli maraqlarına zərər vurmaqda ittiham edən revanşist qüvvələr ümid edirəm ki, Ədalət Məhkəməsinin qərarından sonra bir az çəkinməyə məcbur olacaqlar. Bu qərardan sonra bölgədə sülhün bərqərar olmasına və 9 noyabr Bəyənnaməsinin bütün maddələrinin icra olunması istiqamətində Ermənistan tərəfi bir daha cəsarətli addımlar atmağa məcbur olacaqlar. Beynəlxalq Ədalət Məhkəməsinin qərarı dövlətlər üçün məcburidir. Bundan başqa Ermənistan üzərinə qoyulan öhdəliklərdən biri də fərdi şəxslərin, ayrı-ayrı təşkilatlar tərəfindən azərbaycanlılara qarşı nifrət və kin üzərində fikirlərin yayılmasının qarşısının alınması ilə bağlıdır. Bu təşkilatlardan biri də Voma təşkilatıdır. Azərbaycan öz iddiasında Voma təşkilatının QHT olsa da, Qarabağda separtçılara dəstək üçün, azərbaycanlılara və türklərə kin və nifrət üstündə formalaşan beyinləri pozaraq silahlı qruplaşmalar yaradan bir təşkilat olduğunu qeyd etmişdir. Qəbul olunan qərarda bu təşkilatların fəaliyyətinin də dayandırılması ilə bağlı maddənin olması imkan verəcək ki, Paşinyan təkcə radikal müxalifətə deyil, onların əlində alətə çevrilmiş Voma və onun kimi təşkilatların ləğvi ilə bağlı hakimiyyətin əlində hüquqi bir sənəd olacaq".