Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi tarixi qərarın əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanla bağlı bu ikinci məhkəmə idi. Orada digər bir məhkəmə də var. Onun istiqaməti bir az fərqlidir. Amma bu çox mötəbər bir qurumdur. Açığı çox nadir hallarda bu məhkəmə hansısa bir qərar qəbul edir. Azərbaycanla bağlı da indiyədək bu məhkəməyə nə müraciət edilib, nə də ki, hansısa bir qərar olmuşdu.
- Beynəlxalq müstəvidə bu halın president təşkil etməsi nə dərəcədə inandırıcıdır?
- Buna biz hazır olmalıyıq. Çünki bundan sonra bu cür hadisələrin sayı çoxalacaq. Çünki Ermənistandan alınacaq təzminat və digər mövzularla bağlı iş gedir. Ermənistanın işğalı dövründə Azərbaycan torpaqlarında törətdiyi vandallıqlar beynəlxalq müstəviyə çıxarılmalıdır. Bu addım artıq ilkin bir nəticədir.
- Təşəbbüskarlıq necə təmin edilib?
- Bunun təşəbbüskarı Ermənistan olub. Amma biz gördük ki, lazımi səviyyədə iş aparılanda müsbət nəticələr əldə olunur. Bu işlə məşğul olan hüquqşunasları təbrik edirəm. Çünki onların bu məsələ ilə professional şəkildə məşğul olması çox böyük uğura apardı.
- Bu məsələdə tənzimləmə mexanizmi necə qurulur?
- Beynəlxalq praktikada bu və ya digər dövlətlər hansısa beynəlxalq hüquqi şirkətlərə müraciət edir. Bu cür vasitələrlə iş görülür. Gələcəkdə Azərbaycanın xeyrinə işləyən bu cür şirkətlərə müraciət edib. Ermənistandan alınacaq təzminat mövzusunun da gündəmə gətirilməsi mümkündür.
- Təzminat məsələsi necə qaldırıla bilər?
- Burada iki növ təzminatdan söhbət gedə bilər. Birinci amil hansısa şəxslərin Ermənistan dövlətinə qarşı olan iddialarından ibarət ola bilər. İkincisi isə dövlət olaraq da Ermənistana qarşı ayrıca iddiaların olması mümkündür.
- 30 ilə yaxın müddətdə ərazilərin talanması fonunda Ermənistanı daha hansı hüquqi cəzalar gözləyir?
- Ermənistana qarşı hüquqi müstəvidə bundan sonra bu cür addımların atılması çox vacib olacaq. Burada iki səviyyəli iddiaların olması gündəmdədir. İlkin mərhələdə həmin ərazilərdən Ermənistan tərəfindən didərgin salınmış insanların fərdi şəkildə iddialarla çıxış etməsi mühümdür. Azərbaycan dövləti tərəfindən bu məsələ ilə məşğul ola bilən xüsusi bir qurumun da yaradılması mümkün ola bilər. Kommersiya əsasında formalaşan bir qurumun olması mümkündür. Kimsə iddia irəli sürüb Ermənistandan təzminat istəyirsə, bu hüquqi xidmətlərin qiymətini sonradan əldə ediləcək qələbə nəticəsində formalaşacaq vəsaitlərin hesabına təmin etmək olar. Beynəlxalq səviyyədə belə bir praktika mövcuddur. İkinci məqam odur ki, beynəlxalq praktikada məşhur bir üsul var. Bu president, yəni hansısa bir misalın, nümunənin olmasıdır. Bu artıq formalaşıb. Əgər biz ilkin mərhələdə hansısa məhkəmələri udmuş olsaq, bu bir növ hüquqşunaslıq üçün president yaradacaq. Bu da sonradan bir əsas kimi istifadə edilə bilər. Ona görə də bu işlə ciddi şəkildə məşğul olmaq lazımdır. Azərbaycan dövləti lazımi müvafiq strukturlar vasitəsilə buna aid işlər görəcək. Çünki 30 il ərzində işğalçının Azərbaycana vurmuş olduğu zərər geri tələb olunmalıdır.
- Bu faktlar Ermənistanın işğalçı imicinin daha da möhkəmlənməsi üçün nə dərəcədə effektiv üsuldur?
- Sözsüz ki, bu bir növ təbliğatdır ki, Ermənistanın Azərbaycan qarşı uydurmaq istədiyi iddialar və yalanlar belə məhkəmə qərarları ilə ifşa oluna bilər.
- ATƏT-in Minsk qrupu son açıqlamasında sərhəd və kommunikasiyaların açılması gündəmə gətirildi. Bu cür yanaşmaları hüquqi dönüş kimi xarakterizə etmək olar?
- Azərbaycanın ATƏT-in Minsk qrupuna olan münasibətinin səbəbləri var. Çünki onlar bu illər ərazində heç bir faydalı iş görə bilməyiblər. Ona görə də bu gün Minsk qrupu tərəfindən təqdim edilən gündəm öz aktuallığını itirib. Dövlət başçısının vurğuladığı kimi artıq status-kvo yoxdur. Yəni, bu baxımdan ATƏT-in yanaşması da köhnəlmiş hesab edilir. Eyni zamanda Minsk qrupunun “status”la bağlı mövqeyi Azərbaycan tərəfindən dəstəklənə bilməz. Əgər Azərbaycan tərəfi bunu qəbul etmirsə, deməli bu məsələyə baxılmayacaq. Burada Azərbaycanın mövqeyi həlledicidir.
- Ermənistanın Minsk qrupu ilə bağlı israrlı mövqeyi nə ilə bağlıdır?
- Azərbaycan tərəfindən Ermənistanın ATƏT-in Minsk qrupunun bərabərhüquqlu üzvlük formatı qəbul olunmamalıdır. Çünki Minsk qrupu məhz Qarabağ məsələsinə görə mandat alıb. Bu proseslərdə təəssüf ki, Ermənistan da iştirakçı kimi qəbul edilib. Müharibədən sonra isə vəziyyət dəyişib. Ona görə də Ermənistanın Azərbaycan ərazisində hansısa mövzularda söz sahibi olması təbii ki, qəbuledilməzdir. Məhz bu səbəbdən də Azərbaycan iki mühüm məsələyə görə Minsk qrupunu qəbul etmir. Birincisi Minsk qrupunu köhnə gündəliyinin indi aktual olmaması, təzə təkliflərinin yoxluğu və hansı işlərlə məşğul olmaq niyəti ilə bağlıdır. Amma Azərbaycan təklif edir ki, Minsk qrupu humanitar məsələlərlə məşğul olsun. Buna aid də Azərbaycan real bir təklif almayıb. İkinci məsələsə isə Ermənistanın bu məsələlərdə söz sahibi olmasının qəbul edilməməsidir. Sərhəd, Zəngəzur dəhlizi məsələlərində Ermənistan danışıqların bir tərəfi ola bilər. Amma Qarabağ məsələsində Ermənistan heç bir söz sahibi ola bilməz.