“Zamanında ABŞ-ın İraqdakı səfiri Səddam Hüseynə məsləhət görürdü ki, gedim Küveyti işğal etsin. Səddam getdi Küveyti işğal etdi, Vaşinqton da bundan istifadə edərək İraqa ordu yeritdi, bu ölkəni faktiki işğala məruz qoydu. Bu gün də İraqda ABŞ ordusu var. Yəni ABŞ və ya Qərbin indi Ukraynanı Rusiyaya satmış kimi görünməsi əslinə baxsanız Rusiyanı bataqlığa çəkib məhv etmək istəyi ilə bağlıdr”.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
O xatırladıb ki, görüşdən sonra ABŞ Prezidenti Co Baydenin konkret açıqlaması olub:
“Bayden açıq deyib ki, mən Putinə onun başa düşəcəyi dildə dedim ki, Ukraynaya əgər interversiya olacaqsa, Rusiya bunun bədəlini ağır ödəyəcək, Putin də məni başa düşdü. Jurnalist Baydenə sual etdi ki, Rusiya ilə müharibə edəcəksiniz, o da bildirdi ki, yox, iqtisadi sanksiyalar olacaq, amma lazım gəldiyi halda hərbi addımlar da atılacaq. Bu onu göstərir ki, Ukrayna məsələsində Qərb və NATO-nun mövqeyi birmənalıdır. Məsələ Ukraynanı Rusiyaya satmaqdan getmir. Əksinə, məsələ beynəlxalq hüquqa hörmətdən, diplomatiya vasitəsi ilə Rusiyanı bu interversiyadan çəkindirməkdən gedir. ABŞ və ya NATO-nun Rusiya ilə toqquşmaq kimi niyyəti yoxdur. Əksinə, onlar maraqlıdır ki, Ukrayna Rusiya tərəfindən işğal edilməsin. Bunun da hüquqi səbəbi var. Əvvəla, işğal haqqında qətnamə var. Buna görə bütün dövlətlər işğal olunan dövləti müdafiə etməlidir. İkincisi, SSRİ dağıldıqda Ukrayna və Qazaxıstanda nüvə başlıqları var idi. Həmin ölkələrdə nüvə başlıqlarının məhv edilməsi qarşılığında Amerika bu dövlətlərin süverenliyinə qarant durdu. Başqa sözlə, ABŞ-ın vəzifə borcudur ki, Ukraynaya hər hansı bir hədə varsa, Kiyevi hərbi baxımdan müdafiə etsin. Bu baxımdan həm qanuna, həm də ABŞ və NATO-nun maraqlarına görə, Ukraynanı müdafiə etmək elə ABŞ maraqlarını müdafiə etməkdir”.
Sərdar Cəlaloğlu qeyd edib ki, zamanında Hitler Polşaya daxil olanda ABŞ ikinci cəbhəni açmalı olub: “Bu baxımdan insanlarımz daha çox diplomatiyanın görünən tərəfinə diqqət edir. Bəli, görünən tərəf belə təəssürat yaradır ki, ABŞ Ukraynanı ruslara satdı. Amma Rusiyanın reaksiyası, “biz müharibəyə hazırlaşmırıq, günah Ukraynadadır” kimi fikirlər göstərir ki, əslində Moskva özünə haqq qazandırır. Üstəlik ikinci bir Bayden-Putin görüşünün keçirilməsi dair deyilənlər göstərir ki, birinci görüş çətin olduğundan Rusiya yenidən ABŞ-a görüşmək istəyir. Odur ki, “Ukraynanı satdılar” fikirləri yanlış təsəvvürdür”.