“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması mütərəqqi qərar idi. Bu qurum yaradıldıqdan sonra ölkəmizdə milli parklar və dövlət təbiət qoruqları yaradıldı. Amma onların hüququ rejiminə dair qanun yoxdur. Hökumət layihə göndərə və ya biz özümüz qanun hazırlaya bilərik. Hesab edirəm ki, buna ehtiyac var”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, hazırda dövlət idarəetmə orqanında nəsillərin dəyişməsi prosesi gedir və bu normaldır: “Bəzən bizə göndərilən qanun layihələrində ciddi çatışmazlıq görürük. Qeyd edim ki, Rusiyada Nazirlər Kabineti yanında qanunvericiliklə əlaqədar xüsusi qurum var. Belə qurumlar Ukrayna və Qazaxıstanda da var. Bizdə də Ədliyyə Nazirliyi yanında qanunvericilik baş idarəsi var. Onun əsasnaməsində yeni qanunların mövcud qanunvericiliyə uyğunlaşdırılması, habelə yeni qanunlara rəylər verə biləcəyi qeyd edilib.
Hörmətli, sədr sizin də Milli Məclisin imicinin dəyişdirilməsi baxımından gördüyünüz işlərin, xarici səfərləriniz göstərir ki, əlinizdən gələni edirsiniz. Məncə, bu işi etsək yaxşı addım olmaqla yanaşı bilavasitə sizin adınızla bağlı olardı. Belə institutun yaranmasına böyük ehtiyac var. Bununla əlaqədar hökumətə də müraciət etmək olar”.
Spiker deputata bildirib ki, bu məsələni Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə müzakirə etsin.