Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, Qarabağ münaqişəsinin həllindən sonra bölgədəki durumu necə analiz etmək olar?
- Qarabağ problemi həll edildikdən sonra bölgədə yaranmış olan “qordi düyünü” açılmaqdadır. Bundan sonra isə proseslərin tam həllinə nail olmaq üçün Azərbaycanın təklif etdiyi prinsiplər üzrə irəliləyişə nail olmaq lazımdır. Eyni zamanda beynəlxalq münasibətlərdə bu məsələləri kənar saxlamaq istəyən qüvvələrə qarşı konkret addımlar atılmalıdır. Bu adi səslənən fikir deyil. Çünki regionda yeni reallıq yaratmaq istəyən Azərbaycana qarşı başqa cəhdlər də müşahidə edilir. Bu nə dərəcədə qəribə səslənsə də, ancaq regionda tam şəkildə iflasa uğramış qüvvələr dünyada sanki Azərbaycana qarşı bir revanşizmə başlayıblar. Azərbaycanı Qərb sivilizasiyasından, dünyanın ən nüfuzlu güc mərkəzlərindən uzaqlaşdırmaq siyasətləri və niyyətləri sözsüz ki, var.
- Azərbaycanın diplomatik, siyasi güc platforması bu mərkəzlərə qarşı hansı alternativləri ortaya qoyub?
- Prezident İlham Əliyevin son bir neçə səfəri və bu istiqamətdə gördüyü işlər məhz bu proseslərin qarşısını almaq istiqamətində çox səmərəli, effektiv siyasətin aparılması ilə müşahidə edildi. Hər kəs də bunun şahidi oldu. Çünki bu məsələlərdən mütləq ki, çıxış yolu mövcuddur. Ermənistanın da bu məsələlərdən çıxmaq üçün iki yolu var. Bu ölkə ciddi bir dövlət müstəvisində olmasa da mövcud çıxış yollarından birini seçməlidir. Görünən odur ki, Ermənistanda vəziyyət indikindən də daha pis formada gərginləşib, ciddi hadisələr baş verə bilər. Əksinə olaraq da ermənilər regionda yeni yaranmış reallığı qəbul edərək öz münasibətlərini ortaya qoymalıdırlar. Çünki Ermənistan bu gün Azərbaycanla bağlı olan məsələləri də gündəmdən çıxarmalıdır. Ona görə ki, diaspor Ermənistanı, ölkə Ermənistanını məhv edir. Başqa, siyasi maraqlara qulluq edən Ermənistan bu dövləti yanlış istiqamətdə sürükləmək istəyir. Kənarda olan Ermənistan, real Ermənistanı öz maraqları kontekstindəcə boğub öldürür.
- Belə bir müstəvidə Brüssel sammiti nə dərəcədə əhəmiyyətli oldu?
- Sözsüz ki, Brüssel sammiti məhz bu prinsiplərin ortada olduğu müddətcə çox təsirli oldu. Çünki orada Azərbaycana qarşı yönəldilmiş cəhdlər baş tutmadı. Ermənilərin davranışında kifayət qədər konstruktivlik müşahidə edilə bilərdi. Nəhayət ki, Qərbdə də başa düşürlər ki, regionda hər hansı bir dəyişikliyi istəmək və bunu təkbaşına hansısa bir ölkə ilə qurmaq mümkün deyil. Çünki bunu Azərbaycanın iştirakı olmadan reallaşdırmaq qeyri-mümkündür.
- Avropa Birliyinin Azərbaycana olan yanaşmasında hansı tezislər izlənildi?
- Hər zaman vurğulanırdı ki, regionda Azərbaycansız hansısa bir layihə reallaşmır. İndi bunu tək biz yox, güclü təsirə və imkanlara malik olan Avropa Birliyi öz sənədlərində əks etdirib. Bu onu göstərir ki, regionda demokratik dəyişikliklər, sosial və hümanitar proyektlər hər hansı bir ölkənin kənarlaşdırılması və başqalarına edilən köməkliklərlə baş verməyəcək. Bunu açıq şəkildə Ermənistan istəyirdi. Amma bu alınmadı. Nəticələri isə hər kəs görür. İndi isə Avropa Birliyi faktiki olaraq Azərbaycan Prezidentinin irəli sürdüyü tezisləri təsdiqlədi və bu istiqamətdə də işlər başlayacaq.