“Bir çox suallara Zahid Oruc cavab verdi. Əli müəllim də böyük zəhmət və əhəmiyyət çəkib”.
Teleqraf.com xəbər verir ki, bunu “Media haqqında” qanunun müzakirəsi zamanı deputat Aqil Abbas deyib.
Millət vəkili bildirib ki, Mətbuat Şurası ilə birlikdə uzun illər jurnalistlərin vahid vəsiqəsi olsun: “Proses gedirdi, amma alındıra bilmədik. Reket jurnalistikasına uduzduq. İndi ağıllı layihə ortaya qoyulub”.
Aqil Abbas qəzetçilik məsələsinə toxunaraq bildirib ki, bu istiqamətə ciddi fikir verməyə ehtiyac duyulur: “Saytı istənilən vaxtı Amerikadan idarə edə bilərsən. Sayt bizim deyil. İstədiyi vaxt bağlayar və arxivi də gedər. Sayt arxiv deyil. Saytda istənilən materialı çıxara bilərəm. Amma qəzetdən çıxarmaq olmur, qəzet əlyazmadır. İnsanlar 30-50 ildən sonra bugünkü günümüzü qəzetdən axtaracaq, saytdan yox. Amma qəzetin satışı üçün şərait yoxdur. İndi camaat qəzeti necə tapsın? Abunə də yoxdur. Niyə abunə qadağan olmalıdır? Reklam verən də yoxdur. Reklam xüsusi məsələ olmalıdır. O da qəzetlər və saytlar arasında səliqəli bölünməlidir. Sözsüz ki, oxunan qəzetlərə. Reklam olmadığı müddətdə qəzet və saytların dəstəklənməsinə görə, dövlətə təşəkkür edirəm”.