Cənab Prezidentin hər hərəkətində, hər sözündə və mesajında özünəməxsus məna var. Prezidentin dünənki addımı, 60 illik yubileyinin tamam olduğu gündə havanın sərt və qeyri-münasib olmasına baxmayaraq Şuşaya və Hadruda səfər etməsi, orada elit hərbi korpusun, Komandonun açılışını etməsini bu baxımdan qiymətləndirmək lazımdır. Dövlət başçısı bu addımı ilə bizim hamımıza bir daha göstərdi ki, onun üçün doğum günü və ya yubiley anlayışı təmtaraq, dəbdəbə və ya şəxsi xarakter daşımır. Əksinə ilin hər günündə olduğu kimi bu kimi əlamətdar günlərdə də xalqının yanında olmağa, ən həssas, qayğı və diqqətə ehtiyacı olan əhalinin problemləri ilə məşğul olmağa üstünlük verir. Çünki problemlərini həll etdiyi insanların sevincini özünün sevinci, doğum gününə və yubileyinə verilmiş ən böyük hədiyyə hesab edir.
Bunu Teleqraf.com-a Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib.
O qeyd edib ki, cənab İlham Əliyev Prezident seçiləndən bəri, hər il doğum gününü bu cür, bir qayda olaraq məcburi köçkünlərlə birgə keçirir, bu addımı ilə onlara dəstək olurdu:
“Bu il isə 60 illik yubileyinin tamam olduğu gün Hadruta, ən vacibi isə Zəfər tariximizin baş əsəri olan Şuşa şəhərinə səfər etməsi Müzəffər Ali Baş Komandanın Qələbəmizə nə qədər böyük önəm verdiyini, Onun üçün Qarabağdan, Azərbaycandan yüksəkdə heç nəyin olmadığını bir daha nümayiş etdirdi”.
Millət vəkili hesab edir ki, Prezident bu addımı ilə həm də nə qədər sadə, təvazökar, dəbdəbədən uzaq olduğunu bir daha hamımıza göstərdi:
“Bu həm də hər kəs üçün bir davranış nümunəsidir, xüsusilə, dövlət adamları, rəsmi şəxslər üçün əsl örnəkdir. Mən cənab Prezidentin bu ibrətamiz addımlarını yüksək qiymətləndirir, ona təşəkkür edir və bir daha 60 illik yubileyi münasibətilə Müzəffər Ali Baş Komandanı ürəkdən təbrik edirəm. Allah xalqımızı, dövlətimizi və Prezidentimizi qorusun!”