“Azərbaycan, Pakistan və Türkiyə... Bu üçü arasında təhlükəsizlik, iqtisadi və diplomatik maraqları üçün getdikcə daha çox əhəmiyyət kəsb edən möhkəm üçtərəfli əlaqələr qurulub”.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərədə fəaliyyət göstərən “The New Arab” nəşrində dərc olunmuş “Azərbaycan, Türkiyə və Pakistanın geosiyasi üçbucağı” adlı təhlildə bildirilib.
Məqalədə qeyd edilib ki, bu tərəfdaşlıq Türkiyə və Pakistanın 2020-ci ildə Qarabağ müharibəsində Azərbaycana verdikləri siyasi dəstəkdən sonra daha qabarıq şəkildə özünü büruzə verir:
“Prezident Rəcəb Tayyib Ərdoğan, Prezident İlham Əliyev və Baş nazir İmran Xanın rəhbərliyi ilə bu üç ölkənin güclü əlaqələri dərinləşməkdə davam edir. Bu üç ölkə arasında dərin əlaqələr yeni deyil. Türkiyə və Pakistan Pakistanın 1947-ci ildə müstəqillik əldə etməsindən əvvəl də ikitərəfli münasibətləri zəngin tarixə malikdir. Ərdoğan Azərbaycana 20 dəfədən çox səfər edib.
İstər sərt güc, istərsə də yumşaq güc baxımından bu üç dövləti bir araya gətirən bir çox çox ortaq səbəb və ortaq düşüncə var. Məsələn, dünyanın müəyyən yerlərində İslam düşmənçiliyi və müsəlmanlara qarşı zülm.
Bu üçtərəfli münasibətlərin mühüm hərbi ölçüləri də var. 2016-2019-cu illər arasında Türkiyə ABŞ-ı keçərək Pakistanın dördüncü ən böyük silah idxalçısı, Pakistan isə Türkiyənin üçüncü ən böyük silah ixracat bazarı oldu.
Ankaranın Azərbaycana da silah satışı son illər artıb. 2020-ci ildə Türkiyənin Azərbaycana hərbi ixracatı 6 dəfə artıb.
2021-ci ilin sentyabrında Azərbaycan, Türkiyə və Pakistan orduları Bakıda “Üç qardaş-2021” adlı səkkiz günlük birgə hərbi təlim keçirib. Azərbaycan Qarabağı azad etmək üçün ən müasir hərbi texnologiyadan yararlanıb. Təbii ki, bu 44 günlük müharibədə ən böyük fərqi yaradan xarici güc Türkiyə oldu. Türkiyədən alınmış “Bayraktar TB2” pilotsuz uçuş aparatları və Ankaranın siyasi dəstəyi Azərbaycanın qələbəsinə böyük töhfə verdi”.