5 Yanvar 2022 18:14
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin 2022-ci ilin Şuşa ili elan olunması ilə bağlı sərəncamı Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini daha qabarıq göstərdi. Bu, hər bir azərbaycanlını qürurlandırır. Çünki bu il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Dövlət başçısı da Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə xalqa müraciətində diqqətə çatdırdı ki, bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə 2022-ci il “Şuşa İli” elan edilib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib: “28 il düşmən əsarətində olan, lakin heç vaxt milli simasını və ruhunu dəyişməyən Şuşanın azad edilməsi bu şəhərin tarixi şöhrətini özünə qaytarmaqdadır. Son 1 ildə görülən işlər bir daha göstərir ki, Şuşa Qarabağın incisi kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Ümumiyyətlə, Azərbaycan xalqının Şuşaya hər zaman xüsusi münasibəti olub. Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanın tarixi hissəsinin qoruq elan edilməsi də 1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutub. Hələ 1977-ci ildən Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb”.

Millət vəkili hesab edir ki, işğal zamanı Şuşanı erməniləşdirməyə cəhd etsələr də, buna nail ola bilməyiblər: “Prezident İlham Əliyevin də söylədiyi kimi, “bu, onlar üçün yad şəhərdir, öz şəhəri saysaydılar, bu vəziyyətə salmazdılar”. Azad olunduqdan sonra bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilib. Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub-saxlanmasına xidmət etməklə yanaşı, onun hərtərəfli inkişafına da şərait yaradır”.

Könül Nurullayeva xatırladıb ki, Prezident İlham Əliyev son 1 ildə Şuşaya 7 dəfə səfər edib: “Hər dəfə biz bu cənnət məkanda inkişafın şahidi oluruq. Şuşa hər zaman Azərbaycana məxsus olub. Ona görə də illər sonra Şuşaya bu tarixi şəhərin əsl sahibləri qayıtdılar. İşğal dövrünə qədər Şuşada daim azərbaycanlılar yaşayıb. Bundan sonra da azərbaycanlılar əbədi olaraq Şuşada yaşayacaq. “Şuşa ili” çərçivəsində həyata keçiriləcək tədbirlər isə mədəniyyət paytaxtımızın inkişafına və nüfuzunun daha da artmasına zəmin yaradacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər