Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zahid müəllim, sizcə, yüz illərdir az qala tarixi nifrət fonunda daşlamış Türkiyə-Ermənistan münasibətlərində irəliləyişə istiqamətlənmiş addımlar effektiv olacaqmı?
- ABŞ-da zamanında səfir olmuş, eləcə də, 2015-ci ildə “erməni soyqırımı” mövzusunda Qərbdə cərəyan edən proseslərə qarşı dirəniş göstərən və Qərb kommunikasiya sistemini, ictimai həyatını, siyasi proseslərini dərindən bilən Sərdar Kılıç kimi təcrübəli diplomatın Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə təyin olunması Ermənistan cəmiyyətində çox böyük əks-səda doğurub. Türkoloq alimlər bu məsələ ətrafında Kılıçın bütün şəcərəsini, tərcümeyi-halını, keçmişini, onun ata biləcəyi addımları, hakimiyyət komandasında yerini, Rəcəb Tayyib Ərdoğanla sıx münasibətlərini dərindən təhlil edirlər. Onlar fərqindədirlər ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə vəzifəsinə təyin edilən Ruben Rubinyanla müqayisədə Sərdar Kılıç qat-qat ondan üstündür. Məhz buna görə də Nikol Paşinyan hakimiyyətinə qarşı onların ciddi tənqidi mövqeləri var. İddia edirlər ki, Türkiyə kimi nəhəng bir dövlətin təmsilçisinin qarşısına çox zəif nümayəndə çıxarıblar. Ancaq bununla bərabər real mənzərə Azərbaycanın Vətən müharibəsindəki uğurlu nəticələri üzərindəndədir. Yəni Türkiyə-Ermənistan münasibətlərinin açılımı üçün 2009-2010-cu illərdə ABŞ, o cümlədən Fransa, Almaniya və başqa dövlətlərin də yer aldığı, İsveçrənin cəlb olunduğu məşhur Surix protokolları prosesi vardı.
- Həmin dövr üçün bu prosesin hədəfi nə idi?
- Orada başlıca hədəf ondan ibarət idi ki, Türkiyə və Azərbaycan münasibətləri Qarabağ məsələsində izolyasiyaedici addımları ortadan qaldırsınlar. Çünki bunun iqtisadi tərəfindən daha çox, siyasi mənası bizim üçün mənfi təsirlərini doğura bilərdi. Əgər Türkiyə və Azərbaycanın mövqeləri burada parçalansaydı, avtomatik olaraq ermənilər bütün dünyada deyəcəkdilər ki, “siz görürsünüzmü 1992-ci ildə sərhədi Kəlbəcər məsələsinə görə bağlayan Türkiyə bu gün əlaqələri bərpa edib. Onlar ermənilərlə geniş şəkildə münasibətlərdədir və Azərbaycanın mövqeyini bölüşmürlər”. Təsadüfi deyil ki, bu məsələnin üzərindən illər keçəndən sonra Edvard Nalbandyan, həmin proseslərin içərisində məxfi danışıqlarda yer alan Ermənistanın sabiq xarici işlər naziri bunu etiraf edir. Bildirir ki, onların strateji hədəfi Türkiyə və Azərbaycanı bir-birindən qoparmaq idi.
- Sizcə, bu proses baş versəydi, nələr dəyişəcəkdi?
- Belə olacağı təqdirdə bəlkə də onların nəzəri hesablamalarına görə, 2020-ci ildəki 44 günlük müharibə baş verməzdi. Yəni Azərbaycanın hərbi siyasi meydanda tək qalması, onun beynəlxalq aləmdə Türkiyə kimi nəhəng bir dövlət tərəfindən himayədarlığının ortadan qalxması ermənilərin hesablamalarına görə fərqli bir ssenari və gələcək formalaşdıra bilərdi.
- Axı tarix şərt şəkilçisini sevmir...
- Bəli, bunun nə qədər həqiqət olub-olmadığını bilmək üçün keçmiş zaman halında rusların misalını bir qədər mexanik tərcümə etsək görərik ki, həqiqətən də, tarix şərt şəkilçisini sevmir. Belə olsa, necə olardı, bunu indi proqnozlaşdırmaq çox çətindir. Həm də ona görə ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ dövlət katibi Hillari Klintonun başlatdığı bu “ssenariyə” qarşı duruşu və mədəniyyətlərarası dialoq tədbirinə getməməsi özü bir iradə göstəricisi idi. Amma bunlar geridə qaldı. Türkiyə və Azərbaycan hazırkı dövrdə bütün normallaşma prosesini sinxron aparır, koordinasiya edir. Onlar arasında güclü bir əlaqəli addımların atılmasını görməkdəyik.
- Vətən müharibəsinin nəticələrinin regional və beynəlxalq müstəviyə daşınması hansı təsirlərə malikdir?
- Sözsüz ki, Vətən müharibəsinin nəticələri təkcə bölgədə deyil eləcə də yüz illərdi türklər və ermənilər arasında davam edən tarixi ədavətin, düşmənçiliyin aradan qalxmasına səbəb ola bilər. Bu realdır. Təsadüfi deyil ki, artıq nümayəndələr təyin edilib. Yanvarın 11-də belə bir niyyətli görüş olacaq. Bundan sonra isə hər hansı bir şərt qoymadan danışıqlara getmək mövqeyini əldə əsas götürən Ermənistan fərqindədir ki, Türkiyə Azərbaycanın nəinki Zəngəzur, bütöv digər kommunikasiyaların və böyük sülh müqaviləsinin şərtlərinin tamamilə razılaşdırılmasından sonra açılım qərarı verə bilər. Amma bu bizim üçün 2021-ci ildə Moskva görüşündən, ardınca Soçidə nəhayət isə Brüssel danışıqlarında hər hansı bir nəticə hasil olmadı kimi bir qənaət yaratmamalıdır. Bunlar öz-özlüyündə bu faktiki olaraq hazırkı dövr müxtəlif razılaşmaların və qərarların tam zəmini, fundamentini yaradıb. Ona görə də, Vətən müharibəsinin nəticələrini regional və beynəlxalq siyasətə daşımaq üçün Azərbaycan dövlətinin hazır baxışları, dəqiq konsepsiyası var. Prezidentin bu yöndə strateji bir kursu mövcuddur. Bunun hər ikisi də paralel gedəcək. Yəni, Zəngəzur dəhlizinin açılması eyni zamanda Türkiyənin Qarsdan və digər ərazilərdən Ermənistanla əlaqələrinin bərpa etməsi bunun ardınca diplomatik tanınma, daha sonra gələcəkdə hər iki ölkədə səfirliklərin açılması və s doğru gedə bilər. Proseslərin bu sürəcdə getdiyi tərzdə biz regional məsələləri, bölgə dövlətlərinin mövqelərini izləyə bilərik. O cümlədən Qərb dövlətlərini də proseslərdə hansı maraqla iştirak edəcəyi dəyərləndirilməlidir. Bu özlüyündə sadə bir məsələ deyil. Çünki bölgə tarixi bir transformasiyaya uğrayır. Bu bir neçə il əvvəl ağıla gəlməz bir hadisə idi.
- İlk dəfə olaraq dövlət başçısı Ermənistanı qonşu olmağa səslədi. Qarşı tərəf buna necə, adekvat ola biləcəkmi?
- İlk dəfə dövlət Azərbaycan Prezidentinin xalqa bayram təbrikində qonşu olmağa hazırıq, amma bunun şərtləri var kimi bir ifadə üzərindən məsələyə münasibət bildirməsi həqiqətən tarixi dönüşün anlarıdır. Biz 30 il bunu görməmişik, yaşamamışıq. Əksinə regionu, dağıdıcı siyasəti ilə məhv edən özü də onun içərisində həm maddi, həm fiziki və strateji perspektivdən həhrum olan bir dövlət görmüşük. Buna qonşu kimi yanaşmaq da çətindir. Axı bunun da özünəməxsus şərtləri var. Şərq aləmində qonşuluq müqəddəs sayılır. Amma bunlar öz coğrafiyaları ilə toqquşan tərəf oldular deyə onlara kimsə, qonşu kimi baxmadı. Ona görə də, ümidvarıq ki, Türkiyə Ermənistan və Ermənistan Azərbaycan münasibətlərini həm də bunun daha böyüdülmüş miqyasda “3+3” formatının fərqli formalarda riyaziyatın siyasətə necə çevrildiyini də demək olar. “3+2+1” və həmin o üç rəqəmi yalnız Türkiyə, İran, Rusiya deyil. Bu üç rəqəmini fərqli, ayrı-ayrı dövlətlərdən təşkil etmək olar. Yalnız ona görə ki, hər hansısa bir dövlət prosesdən kənarda qalmasın.
- Gürcüstan amili burada hansı halda nəzərə alına bilər?
- Məlumdur ki, Gürcüstanın Rusiya ilə məlum konfrantasiyadan sonra tamam münasibətlərinin dayandırlması ilə az qala Ermənistanla Türkiyənin münasibətlərinə bərabər bir durum yaranıb. Bu da asan deyil. Tarixi yüz il olmasa, da ən azı 2008-ci ildən bu yana o düşmənçilik davam edir. Ona görə də, Vətən müharibəsinin nəticələri Gürcüstan Rusiya münasibətlərini də normallaşdıra bilər. Bu bölgənin təhlükəsizliyinə əməkdaşlığına və sülhə çox böyük töhvə verər. Artıq qarşıdakı dövrdə Azərbaycan Prezidentinin atdığı bu addımlar, qurduğu strategiya, ölkə daxilində Qarabağa Böyük Qayıdışı hədəf edib. Amma bu Böyük Qayıdışın daha böyük ərazilərə aparıb çıxardığını və söhbət birbaşa hər hansı bir ölkənin ərazisinə işğalçılıq nöqteyi nəzərdən yanaşmanı deyil, artıq dərəcədə əlaqələrin bərpa olunmasını, tarixi münasibətlərin təkrarən gündəmdə qalması vacibdir. Belə olan təqdirdə üç dövlət rəhbərinin yəni, Prezident İlham Əliyevin, hörmətli prezidenti Rəcəb Tayyib Ərdoğanın və baş nazir Nikol Paşinyanın Zəngəzur mahalında, bəlkə də İrəvanda bundan sonrakı dövr fərqli siyasi paytaxlarda da görüşü reallaşdırıla bilər. Buna hazırkı dövr çox böyük çağırışlar, hadisələrin o istiqamətdə cərəyan etdiyi də görsənməkdədir.
- Prosesə zərbə vuranlar da az olmayacaq. Bu təhlükələrdən sığortalanmağın yolları varmı?
- Buna qarşı müxətlif təxribat planları Ermənistan içərisində mövcuddur. Türkiyə və Azərbaycanda bu müşahidə edilmir. Ən sərt qüvvələr Azərbaycan və Türkiyənin maraqlarının ən yüksək səviyyədə qorunduğunu görməkdədir. Amma bu, Paşinyan hakimiyyətinin axırına çıxmazsa, daxili qüvvələr onu devirməzsə, dediyimiz üçlü görüşün formatı da məhz o şərtlər çərçivəsində reallaşa bilər. Yəni Zəngəzur mahalı görüşü bilavasitə ona xidmət edə bilər ki, nəhayət Ermənistan tərəfi Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanıyaraq, özünün xilas yolunu seçmiş olsun.
- Məsələlərin hazırkı durumu və bir qədər uzanmasının bizə ziyanı nədir?
- Proseslərin indiki halda qalmasının belə Azərbaycana xüsusi bir ziyanı yoxdur. Çünki bizim Qərbə çıxış yollarımızı illər ərzində ölkəmiz qurub, formalaşdırıb. Amma hazırda Qarabağ və ətraf ərazilər Azərbaycan düşməndən geri alandan sonra, bütün yaşam şərtlərini sıfırlamış bir tərəfin durumundan bəhs etmək lazımdır. Paşinyanın tərəfdarları açıq şəkildə artır, çoxalır. Artıq onlar dərk edirlər ki, Türkiyə və Azərbaycanla hazırkı şəraitdə düşmənçilik etməyin perspektivi yoxdur. Ona görə də, proseslərə 2022-ci ildə daha böyük inamla və ümidlərlə baxırıq.