Bu il nəhayət Azərbaycanla Ermənistan arasında yekun sülhün imzalanacağı gözlənilir. Çünki qarşı tərəf buna məcburdur. Onların Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa çıxış yolları yoxdur. Hazırkı real durum məhz bunu tələb edir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Abbas deyib.
Onun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan sülhə imza atmağa məcburdur: “Əks təqdirdə həm onun özü, həmçinin Ermənistan üçün kritik vəziyyət yarana bilər. Eyni zamanda Ermənistan qardaş Türkiyə ilə də münasibətləri normallaşdırmaq məcburiyyətindədir. Bu ayın 14-də Moskvada Türkiyə-Ermənistan nümayəndələri görüş keçirəcək. Bu görüşdən sonra bir sıra məsələlər daha açıq şəkildə özünü göstərəcək”.
Millət vəkili hesab edir ki, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı iddiaları fonunda sona kimi səmimi olacağına da inam yoxdur: “Amma bu gün erməni tərəfi bir çox məsələləri icra etməyə məcbur olacaq. Çünki Ermənistan bundan sonra öz mövcudluğunu saxlamaq istəyirsə, mütləq bu şərtlərə əməl etməlidir”.
Aqil Abbasa görə, artıq ermənilər yeni bir müharibə arzulamır: “Əgər onlar müharibə arzulasaydılar, yenidən Nikol Paşinyana səs verməzdilər. Erməni ailələri övladlarının başqa bir dövlətin ərazisində ölməsini istəmir. Ona görə də, indiki real mənzərə məhz bu faktlar üzərindən formalaşır”.